İsrail molla rejimini küncə sıxır - TƏHLİL

İsrail molla rejimini küncə sıxır - TƏHLİL

İsrail-İran gərginliyi yeni mərhələyə keçib. Tərəflər arasında hərbi qarşıdurma riski artıb. Rəsmi Təl-Əviv bir daha molla rejiminin nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan edib.

“Kaspi” qəzetinin mövzu ilə bağlı dərc etdiyi məqaləni təqdim edirik:

Uranın zənginləşdirilməsi proqramını kritik həddə çatdıran İran rejimi beynəlxalq aləmin diqqətini yenidən özünə cəlb edib. Ətrafında mühasirə halqası daraldıqca, rejim də beynəlxalq aləmi nüvə şantajına məruz qoyur. Bu isə region ölkələri, xüsusən də İsrail tərəfindən ciddi təhlükə kimi nəzərdən keçirilir. Son günlər iki ölkə arasında hərbi əməliyyatların baş verməsi ehtimalı güclənib. İsraili təmsil edən yüksək rütbəli hərbçilərdən biri İranın uranın 90 faiz zənginləşdirilməsinə başlayacağı təqdirdə, onun nüvə obyektlərinə hücum edəcəklərini dilə gətirib. İsrailin hakimiyyət mənsublarının, xüsusilə də baş nazir və müdafiə nazirinin ritorikasına nəzər salsaq, rəsmi Təl-Əviv malik olduğu bütün vasitələrdən istifadə edərək Tehranın nüvə silahına yiyələnməsinə imkan verməyəcəyini bəyan edir. İranın qonşu dövlət olduğunu düşünsək, o zaman problemin Azərbaycan üçün necə ciddi bir məsələ olduğu üzə çıxır. Müharibənin minlərlə insanın ölkəmizə axın etməsinə, sərhəd bölgəsində vəziyyətin gərginləşməsinə səbəb olacağı şəksizdir.

İsrail-İran münaqişəsinin kökü

İran və İsrail arasında gərginlik yeni deyil. Bu dövlətlər arasındakı münasibətləri iki mərhələyə bölmək mümkündür. Birinci mərhələ İsrail dövlətinin yaradılmasından İran İslam İnqilabına qədərki dövrü əhatə edir. İkinci mərhələ isə İran İslam İnqilabından bu günə kimi olan dövrdür. Xatırladaq ki, İsrail dövlətini ilk tanıyan ölkələrdən biri İran olub - 1950-ci il martın 6-da İsraili müsəlman ölkələri arasında Türkiyədən sonra məhz İran tanıyıb. 1948-ci ildən 1979-cu ilə qədər İran və İsrail həm iqtisadi, həm də hərbi sahədə əməkdaşlıq edirdilər. İsrail üçün İran “periferiya dövləti”, yəni dostluq etdiyi qeyri-ərəb ölkəsi idi. 1967-ci il altı günlük müharibədən sonra Misir, Suriya, İordaniya, İraq və Əlcəzairin təmsil etdiyi ərəb koalisiyası İsrailə qarşı neft embarqosu tətbiq etdi. İran isə bu embarqoya qoşulmadı və İsrailə neft verən ölkə oldu. Tehran həmçinin İsrail məxfi xidmətləri üçün təlimlər keçirdi, onun mal və xidmətlərinin əsas idxalçısına çevrildi. 1979-cu ilə qədər İsrail birgə layihələrə, o cümlədən İran neftinin Avropa ölkələrinə axdığı Trans-İsrail neft kəmərinin istismarına görə İrana bir milyard dollar borclu idi. Lakin 1979-cu ildə sürgündən qayıtdıqdan sonra Xomeyni İsraillə əlaqələri kəsdi. Münasibətlərin rəsmi olaraq kəsilməsinə baxmayaraq, iki dövlət arasında əlaqələr Xomeyni İranı ilə Səddam Hüseyn İraqı arasındakı münaqişə səbəbindən 1980-ci illər ərzində saxlanılıb. 1980-ci ildən 1988-ci ilə qədər İran-İraq müharibəsi davam edərkən, İsrail İrana silahlar (əsasən neft müqabilində), hərbi təlimatçılar göndərib, hava dəstəyi göstərib. Yalnız 2000-ci illərdən sonra iki ölkə arasında gərginlik indiki pik həddə çatıb.

İran yeni hərbi obyektlər tikib?

Bir müddət əvvəl İranın nüvə silahı yaratmağa yaxın olduğu, eləcə də dağların dərinliklərində bunkerləri məhv edən bombalar üçün praktiki olaraq əlçatmaz olan yeni obyektlər tikdiyi barədə məlumatlar yayılıb. Bu baxımdan bir çox şərhçilər İsrailin İranın nüvə proqramına ciddi ziyan vurmaq imkanını itirməsi barədə danışmağa başlayıblar.

İsrail və ya ABŞ sehrli çubuq yelləyəcək...

İsrail ordusunun istefada olan polkovniki İtamar Yaarın sözlərinə görə, İran rejimi nüvə sınağı partlayışı həyata keçirməyə çox yaxındır, lakin onun əsl nüvə dövlətinə çevrilməsinə hələ çox vaxt lazımdır. İran hələ ki, təyyarələr üçün nüvə bombası və ya raketlər üçün nüvə başlığı yarada bilmir. “Bundan əlavə, Tehranın əsas məqsədi nüvə silahına sahib olmaq deyil, hamını belə silahlara sahib olduğuna inandırmaqdır. Bu səbəbdən hər zaman mətbuatda İranın bu silahları yaratmağa hazırlaşdığı barədə məlumatlar yayılır. İran bu siyasəti dünya dövlətinə çevrilmək məqsədinə çatmaq üçün həyata keçirir”, - deyə ekspert bildirib. Onun fikrincə, İran rejimi həqiqətən nüvə obyektlərini elə qurur ki, zəifliyi minimuma endirsin. Lakin bu obyektləri xarici təsirlərdən tam qorunmuş hesab etmək olmaz. “Nüvə obyektlərinə zərbələrdən danışarkən, çoxları düşünür ki, İsrail və ya ABŞ sehrli çubuq yelləyəcək və bütün nüvə proqramı yox olacaq. Amma bu, mümkün deyil, üstəlik, buna ehtiyac da yoxdur. Xarici nəşrlərə görə, İsrail məhz bunu edir, alimləri öldürür və ya təxribat törədir. İnsanlar İkinci Dünya Müharibəsi üslubunda bir əməliyyat təsəvvür edirlər ki, burada yüzlərlə təyyarə aerodromlardan və ya təyyarədaşıyıcılardan qalxaraq düşmən ölkəni bombalamağa gedir. Lakin bu əməliyyat tamamilə fərqli ola bilər”, - İtamar Yaar deyir.

Hava zərbələri yalnız bir element ola bilər 

Ekspert qeyd edir ki, İsrailin kiberməkanda hərəkətləri, xüsusi təyinatlılar, müasir raketlərin tətbiqi, İran daxilində agentlərdən təxribat üçün istifadə və s. daxil olmaqla geniş imkanları var. Onun sözlərinə görə, F-35 təyyarələri və ümumilikdə hava zərbələri bu məcburi tədbirlər kompleksinin yalnız bir elementini təşkil edir. Ona görə də İrana ciddi ziyan vurmaq imkanları və vasitələri hələ də var. İsrailin özü belə bir əməliyyatı həyata keçirəcək gücdədir. İ.Yaarın qənaətincə, İranı dayandırmaq üçün təkcə onun nüvə obyektlərinə zərbə endirmək lazım deyil. Məsələn, İran neft ixrac etmək imkanından məhrum olarsa, o zaman proqramı dayandırmaq məcburiyyətində qala bilər. 

 






Fikirlər