“ŞLYAPA ZAHİD”Ə BƏRAƏT, SADIKOVA TOXUNULMAZLIQ... - Hərbi məhkəmənin Sadıkovun əlaltısı ilə bağlı qərarı nəyə xdmət edir?

Azərbaycan müstəqillik qazanan gündən onun düşmənlərinin ən böyük istək və məqsədlərindən biri Azərbaycan Ordusunu “bazara” çevirmək olub. Bunun üçün də ordunu qanunsuzluğa, rüşvətə, yerlibazlığa, korrupsiyaya sürükləmək üçün hər fürsətdən istifadə ediblər.

Məqsəd ordumuzu və ona olan inamı zəiflətmək olub. Təəssüf ki, bəzi hallarda bu çirkin niyətlərinə nail olublar da. Təkcə məlum “Tər-Tər işi”ni qeyd etmək kifayətdir ki, ordumuza qurulan tələlərin miqyasını təsəvvür etmək mümkün olsun...

Bu gün məlum olub ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, Nəcməddin Sadıkovun adamı kimi tanınan “şlyapa Zahid” ləqəbli Zahid Niftəliyevə bəraət verilib. Azərbaycanda bəraət hökmünün nadir hadisə olduğunu nəzərə alsaq, Tərtər Hərbi Məhkəməsinin bu qərarı yumşaq desək, maraqlı görünür.

Məlumat üçün bildirək ki, Hərbi Prokurorluq tərəfindən Zahid Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma), 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma), daha öncə isə dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmə (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2) kimi müxtəlif maddələri ilə ittiham irəli sürülmüşdü. Z.Niftəliyev rüşvət almaqdan əlavə, hərbçiləri qanunsuz olaraq öz bağ evində işlətməkdə də təqsirləndirilirdi. Onun əsgər mağazalarına himayədarlıq etdiyi, hərbi qulluqçuların xidməti yerdəyişmələrini təşkil etdiyi və s. cinayətlər törətdiyi məlum olmuşdu.

 

 

Təkcə onu qeyd etmək kifayətdir ki, bu şəxsin cinayət işi üzrə 17 nəfər zərərçəkmiş şəxs kimi tanınıb. “Şlyapa Zahid”lə birgə gizir Elsəvər Niftəliyev də istintaqa cəlb olunmuşdu. Mətbuatda dərc edilən məhkəmənin gedişinə dair məlumatlardan aydın olur ki, Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıkov ilə Zahid Niftəliyevin yaxın münasibətlərinin olması ittihamda, ifadələrdə öz əksini tapıb. İttihamda göstərilib ki, Zahid Niftəliyev Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə münasibətlərindən istifadə edərək müxtəlif hərbi qulluqçuları ordudan tərxis etdirmək, xidmət yerini dəyişdirmək və s. işlər görməyin müqabilində rüşvət alıb. Həbsə alındığı müddəti həbsxanada yox, Pentensiar Xidmətin Müalicə müəssisəsində keçirən Zahid Niftəliyev ifadə verməkdən imtina edərək , ümumilikdə ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyib, heç protokolları da imzalamayıb. Lakin gizir Elsevər Niftəliyev ətraflı ifadə verib. O, özünü tam təqsirli bilməklə yanaşı deyib ki, “Şlyapa Zahid” məhz Nəcməddin Sadıkovun dostu olduğunu deyərək onun köməyi ilə müxtəlif işlər görürdü.

Yəni, ortada 17 zərərçəkmiş və “Şlyapa Zahid”lə birgə cinayətlər törətdiklərini etiraf edən hərbçi var. Ancaq nə işdirsə, məhkəmə bunları “görmür”, qəbul etmir və Nəcməddin Sadıkovun adamına bəraət verir.

 

 

 

Bəlkə də bu qərar sıradan bir dələduza aid işdə çıxarılsaydı, bu cür reaksiya doğurmazdı. Lakin söhbətin Azərbaycanda qətiyyən birmənalı qarşılanmayan, mənfi reputasiyaya malik N.Sadıkovun adamından getməsi, istər-stəməz adı Azərbaycan Ordusuna qarşı müxtəlif cvinayət tərkibli əməllərdə, hətta xəyanətlərdə hallandırılan Sadıkovun az qala toxunulmaz olduğu barədə təsəvvür yaradır. Məsələ ondadır ki, nazirliyin rəhbərliyində himayədarı olmayan “şlyapa Zahid”, yaxud başqa birisi yuxarıda adı çəkilən dələduzluqlara və başqa cinayətlərə əl qoya bilməzdi.

Böyük ehtimalla sözügedən şəxs bu işləri çox dəfələrlə çevirib və ona “şlyapa” ləqəbi də sadəcə başındakı əşyaya görə verilməyib. Bu iş tam obyektiv araşdırılsaydı, bəlkə də bu işlərin bir ucunun Sadıkova gedib çıxdığı məlum olacaqdı. Ancaq bu, edilmədi, iş sona çatdırılmadı və adama bəraət verildi. Azərbaycanın məhkəmə sistemini yaxşı tanıyanlar bilirlər ki, belə qərarlar necə deyərlər, elə-belə verilmir.

Bəs kimlərdir bu işin arxasında duranlar, nədir, hansı qüvvələrdir Sadıkov kimilərini toxunulmaz edən? Bu sualların cavabı açıq qalır.

Bütün bunlardan çıxan nəticə isə odur ki, camaat uzun illərdir Nəcməddin Sadıkovla bağlı araşdırma aparılmasını, ona qarşı səsləndirilən çoxsaylı ittiham və faktlara qiymət verilməsini tələb etdiyi halda, bizim məhkəmə-hüquq sistemimiz nəinki ona, heç onun xırda əlaltısına belə toxuna bilmir...  AzPolitika.info

 

 






Fikirlər