Əbülfəs Qarayev Əlikram Əliyevə bata bilmir, yoxsa..

Əbülfəs Qarayev Əlikram Əliyevə bata bilmir, yoxsa...Hesablama Palatası Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində dəhşətli yeyinti faktları ortaya çıxarsa da, nəticəsi yoxdur Nazirlik rəhbərliyi idarə rəisinin cəzalandırılması istiqamətində heç bir tədbir görmək istəmir Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan musiqi məktəblərində bu günlərdə yeni təyinatlar həyata keçirildi.

Nazir Əbülfəs Qarayevin imzaladığı müvafiq əmrlərə uyğun olaraq Nəzifə Arif qızı Əliyeva Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinə, Vəfa Hidayət qızı Həziyeva Bakı şəhəri 34 nömrəli Uşaq Musiqi Məktəbinə, Şakir Qədir oğlu Qədirov Yevlax rayon Aran Qəsəbə Uşaq Musiqi Məktəbinə, Xətayə Zülfüqar qızı Cəfərova Ağdam şəhər Xan Şuşinski adına Uşaq Muğam Musiqi Məktəbinə direktor təyin edilib. Yeni təyin olunan direktorların qarşısına nazirlik rəhbərliyi musiqi təhsilinin daha da inkişafı, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc istedadların müəyyən edilməsi kimi vəzifələr qoyub. Xatırladaq ki, bundan əvvəl nazir Əbülfəs Qarayev nazirliyin bir neçə rayon şöbələrinin müdirlərini vəzifədən kənarlaşdırıb, bəzilərinə isə töhmət verib.

Nazirliyin şöbə müdirlərinin vəzifədən uzaqlaşdırılması işdə ciddi nöqsanlara yol vermələri, kadrların yerləşdirilməsində qanunsuzluq törətmələri ilə izah olunur. Şöbə müdirlərinin işdən çıxarılmasına səbəb olan nöqsanlar isə çox ilgincdir. Belə ki, şöbə müdirlərinin dövlət büdcəsindən ayrılan vəsaitlərin necə silinməsini əks etdirən sənədlər üzə çıxıb. Əbülfəs müəllimin işinə səhlənkar yanaşan şəxsləri cəzalandırmasını müsbət qarşılayırıq. Bu öz yerində. Amma cənab nazir bəzi rəhbər işçilərin törətdiyi əməlləri sanki görməzdən gəlir.

Məsələn, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində baş verən qanunsuzluqlar, idarənin rəisi Əlikram Əliyevin gördüyü qaranlıq işlərlə bağlı yerli mətbuatda saysız-hesabsız məlumatlar gedib. Təəssüf ki, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi yazılanları araşdırmayıb.

Halbuki, ən böyük nöqsan nazirliyin əsas idarələrindən biri olan Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində qeydə alınmaqdadır. Bir fakta nəzər salmaq kifayətdir. Belə ki, Hesablama Palatasının 30 iyul 2015-ci il tarixli Q-115 saylı qərarında göstərilir ki, idarədə təxminən 1 milyon manata yaxın vəsaitin mənimsənildiyi üzə çıxıb.

Hesablama Palatası müəyyən edib ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 1 nömrəli maliyyə və iqtisad regional bölməsi tərəfindən işçilərin İstanbulda istirahəti üzrə xərc edilmiş 18.018 manat, Xızı rayonunun Altıağac qəsəbəsində treninqin təşkili üzrə xərc edilmiş 36.800 manat, Novruz bayramı şənliklərinin keçirilməsi üzrə 5850 manat, silinmiş mal-material qiymətlərinin dəyəri üzrə 47.932.4 manat, mərkəzləşdirilmiş xərclər hesabına verilən mal-materialların çatışmazlığı üzrə 152.783 manat, artıq ödənilmiş əmək haqqı üzrə 665.1 manat, artıq ödənilmiş ezamiyyə xərci üzrə 27.204.8 manat vəsaitin nəğd qaydada, 173.553.8 manat dəyərində mal-materialların natura formasında bərpası, 299.634.5 manat dəyərində mal-materialların isə digər uyğun mallarla əvəz edilməsi, muzeylərə alınmış 46.676.8 manat eksponatların əsas vəsait kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əvəzsiz qaydada verilmiş mal-material qiymətliləri üzrə 560.280,0 manat ƏDV-nin uçota götürülməsi nəzərə alınsın. Bundan əlavə, Hesablama Palatası idarənin tabeliyində olan musiqi məktəbləri, mədəniyyət evləri və kitabxanalar üzrə artıq saxlanılmış 108, ştatdankənar işçi adı ilə isə saxlanılmış 32 ştat vahidinin ixtisar edilməsini tapşırıb. O da qeyd edilib ki, nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi təmin edilsin.

Palatanın üzə çıxardığı faktların üzərindən artıq 5 aya yaxın vaxt keçib. Qəribədir ki, bu müddət ərzində nə idarənin rəisi Əlikram Əliyev, nə də digər şəxslər cəzalandırılıb. Axı nəyə görə idarə rəhbərliyi cəzasız qalmalıdır? Bir halda ki, ortada bu qədər fakt var.

Hesablama Palatası dövlət qurumudur və bu qurum idarədəki neqativ halları ən incə məqamlarına kimi ortalığa çıxarıb. Mədəniyyət və Turizm Nazirliyinə həmin nöqsanların aradan qaldırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verilib. Bu günə kimi heç bir tədbir görülməyib.

Hörmətli Əbülfəs Qarayev rayon şöbələrinin müdirlərini işdən çıxarmaqla sanki islahat keçirdiyi barədə görüntü yaratmağa çalışır. Biz cənab nazirə demək istəyirik ki, ən böyük problem Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindədir. Bu idarənin rəisini, eləcə də dövlətin büdcəsinə ziyan vuran digər işçilərini mütləq cəzalandırmaq lazımdır. Bax onda milyonların havaya sovrulmasının qarşısını almaq mümkün olar.

Deyilənə görə, idarə tərəfindən büdcə illərində xərc maddələri üzrə proqnoz layihələri tərtib olunarkən büdcə qanunvericiliyinin tələbləri gözlənilmir, maliyyə təsərrüfat fəaliyyətinin nəticəsi düzgün qiymətləndirilmir və dövlətdən ayrılan vəsaitlər müxtəlif istiqamətlər üzrə büdcədən yayındırılır. Növbəti saylarımızda bu və digər maraqlı məsələlərə aydınlıq gətirməyə çalışacağıq.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.

Kərim Cəfərli

 
 






Fikirlər