SABİQ REKTOR PROREKTORUN QƏTLİNİ KİMLƏRƏ SİFARİŞ EDİB? - Məhkəmə prosesi başladı
“Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətlində ittiham olunanların cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquqları izah edilib. Bu iş üzrə müttəhim kürsüsündə qətlin sifarişçisi olduğu iddia edilən professor Müşfiq Atakişiyev və onun sifarişini yerinə yetirməkdə ittiham edilən Dəyanət Quliyev və Samir Quliyev əyləşir. Anket məlumatlarından məlum olub ki, D.Quliyev hadisə vaxtı daxili işlər orqanlarında işləyirmiş. O, 2000-ci ildən 2020-ci ilə kimi (red: təqaüdə çıxıb) Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsində əməliyyat müvəkkili olub. S.Quliyev isə taksi fəaliyyəti ilə məşğul olub. Təqsirləndirilən şəxslər məhkəmə bildirişlərini almadıqlarına görə hazırlıq iclası 17 yanvara kimi təxirə salınıb. İstintaq materiallarına əsasən, "Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə cari ilin aprel ayında Dəyanət Quliyev Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər görülüb. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib. Belə ki, cinayət hadisəsinin baş verdiyi vaxt qeyd olunan təhsil müəssisəsinin rektoru vəzifəsində işləmiş, hazırda isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Müşviq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşviq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.