İlham Əliyevin ünvanına TƏBRİKLƏR - YENİLƏNİR

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı qələbə münasibətilə təbrik edib.

Şimali Kipr Prezidenti bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Azərbaycan Prezidenti vəzifəsinə seçkidə ilkin nəticələrə görə tarixi zəfərlə yenidən Prezident seçilən cənab İlham Əliyevi ürəkdən təbrik edir, seçkinin nəticələrinin bütün qardaş Azərbaycana xeyirli olmasını diləyirəm”, - paylaşımda qeyd olunub.

***

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Ölkə.Az" xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm cənab Prezident.

Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bununla yanaşı, bu nəticə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir.

Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq arenada həsədaparılası nüfuza sahib olmuşdur.

Serbiya Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və heç vaxt unutmur ki, ölkəniz həqiqi dost və həyati əhəmiyyətli maraqlarımızın müdafiəçisi olduğunu dəfələrlə sübut edib. Fürsətdən istifadə edərək, beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə sadiqliyinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstəklə bağlı Azərbaycanın dəyişməz mövqeyinə görə səmimi minnətdarlığımı bildirirəm.

Məmnuniyyətlə qeyd edirəm ki, bizim siyasi, iqtisadi və humanitar sahələrdə strateji əməkdaşlığımız və əlaqələrimiz bir çox aspektlər üzrə genişlənmişdir. Mən tam əminəm ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Serbiya və Azərbaycan arasında uzunmüddətli və sıx tərəfdaşlıq qarşılıqlı maraqlar naminə güclənəcək və inkişaf edəcəkdir.
Öz növbəmizdə Sizi əmin etmək istəyirəm ki, biz bütün sahələrdə dostluq, qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərindən çıxış edərək daha da səmərəli və inkişaf edən əməldaşlığın təmin olunmasına, birgə layihə və ideyaların həyata keçirilməsinə güclü şəkildə sadiqik.

Zati-aliləri, əziz dostum, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm".

***

Fevralın 7-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İraq Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan ilə İraq arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq əməkdaşlığın genişlənəcəyinə əminlik bildirib.

***

Fevralın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edib, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb. Rəcəb Tayyib Ərdoğan dövlət başçısının rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın qələbə çalmasının və suverenliyimizin tam bərpa olunmasının böyük önəm daşıdığını bir daha vurğulayıb, bu xüsusda Azərbaycanda prezident seçkilərinin bütün ölkə ərazisində keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə, “bir millət, iki dövlət” prinsipi əsasında ölkələrimizin və xalqlarımızın bundan sonra da çiyin-çiyinə irəli gedəcəklərinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

***

Fevralın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Viktor Orban İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

***

Fevralın 7-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Ölkə.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Belarus dostluq əlaqələrinin bundan sonra da möhkləmlənəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

***

Fevralın 7-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Ölkə.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Özbəkistanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ölkəmizin daha da inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb. Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanmasının və Azərbaycan torpaqlarının geri qayıtmasının önəmini bir daha vurğulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyeva minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər, ikitərəfli münasibətlərin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.






Fikirlər