Çingiz Əsədullayev ölkən getmək istəyir - “ QAÇIŞ?”

Çingiz Əsədullayev ölkən getmək istəyir - “qaçış?”

Azəriqazbank”ın rəhbəri çıxılmaz durumda; Hakimiyyət daxilindəki bir qrup bankirə namizəd olduğu 90 saylı dairədən “qələbə qazanmasına” kömək edib, iqtidarın ən yüksək düzeyində ciddi etirazları gördükdə isə dərhal verdikləri qərarın arxasından çəkiliblər; Eldar Mahmudovun işdən çıxarılmasından sonra Əsədullayevin hakimiyyət daxilindəki əleyhdarları da haqq-hesab üçün hərəkətə keçiblər... 

 

 
Eldar Mahmudovun və onun dəstəsinin ifşasından sonra  mediada ən çox adı hallandırılanlardan biri də “Azəriqazbank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevdir. “Azəriqazbank”da baş verən qanunsuzluqlar, neqativ hallar, müştərilərin aldadılması, qanunsuz pul köçürmələri və digər bu kimi hallar barədə demək olar ki, hər gün mətbuatda müxtəlif yazılar dərc olunur. 
 
Əslində deputat mandatına güvənən Ş.Əsədullayevin adı Beynəlxalq Bankda dövlətin milyardlarla manat vəsaitinin talan edilməsi üzə çıxdıqdan sonra gündəmə gəlmişdi. “Beynəlxalq Bank işi”ndə dindirilən iş adamları arasında Çingiz Əsədullayevin də adı keçirdi. Deputat-bankir yayılan məlumatları təkzib etsə də, onun məhz Beynəlxalq Bankda külli miqdarda mənimsəmə faktlarına görə hədəfə gəldiyi şübhə doğurmurdu. Bildirilirdi  ki, Ə.Əsədullayevin də “maliyyə xəyanətlərində” iştirakı olub, Mahmudov-Hacıyev çetesi külli miqdarda pulları onun bankının vasitəsilə ölkədən çıxarıb. Fevralda başlayan “kredit oliqarxları” həbsləri Ç.Əsdullayevdən “yan keçdi”. Çünki o zaman onun deputat toxunulmazlığı və arxasında MTN şefi kimi məmur dayanırdı. 
Çingiz Əsədullayevin bankı haqda sensasion ittihamlar hələ arxası “MTN dağına” söykənəndə də vardı. Ötən ilin iyununda Kaliforniya Universitetinin (“KrebsOnSecurity”) onlayn apteklərlə bağlı apardığı araşdırmalarında bəlli olmuşdu ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaşlıq” proqramları vasitəsilə əsasən “Azəriqazbank”da “yuyularaq” nağdlaşdırılıb. 
Oxşar iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy da çıxış etmişdi. Lakin nədənsə, həmin vaxt  nə hüquq-mühafizə orqanları, nə Maliyyə Nazirliyi bu faktları araşdırmadı. Bank rəhbərliyi də ittihamlarla bağlı heç bir açıqlama vermədi. 
E.Mahmudovun “vurulmasından” sonra isə Ç.Əsədullayevə yönəlik ittihamlar daha da artdı. Öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov çirkli pulların yuyulması ilə bağlı ittihamları təsdiqləyən məlumat yaydı. O bildirdi ki, Ç.Əsədullayev Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib. 
Sitat: “Mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb - bu işdə ona başqa bir qohumu - ”Azəriqazbank"ın sahibi Çingiz Əsədullayev kömək edib".
 
E.Mahmudov işdən çıxarılan zaman Ç.Əsədullayevin başı parlament seçkilərinə qarışmışdı və o, mandat almaq üçün bu dəfə daha ciddi səy göstərirdi. Məlumata görə, Ç.Əsədullayevə hələ ki adı açıqlanmayan hakimiyyət daxilindəki bir qrup namizəd olduğu 90 saylı dairədən “qələbə qazanmasına” kömək edib. Çünki 10 ildir deputat olan Əsədullayevə toxunulmazlıq mandatı indikindən daha çox lazım idi. Ç.Əsədullayevin  adının yekun siyahıya  düşməsi iqtidarın ən yüksək düzeyində ciddi etiraz doğurub. Onu dəstəkləyən qrup  dərhal verdikləri qərarın arxasından çəkilib. “Əsədullayevin guya təmiz qələbə qazanmasını” iddia etmələri isə daha sərt reaksiya doğurub. MSK Ç.Əsədullayevin nəticələrini ləğv etmək üçün dərhal hərəkətə keçib. Ç.Əsədullayev “əgər hökumət, MSK bu dairədə seçkinin nəticələrinin ləğv edilməli olduğunu düzgün hesab edirsə, deməli, belə olmalıdır. Mən bu qərarı heç bir halda şübhə altına almaram” desə də, bu qərardan bərk təlaşlıdır. Redaksiyamıza daxil olan məlumata görə, Ç.Əsədullayev  ölkəni tərk etmək istəyir. Ç.Əsədullayevin  ölkədən çıxmaq üçün bir neçə “arqumenti” də var. Yorulub, müalicə olunmaq istəyir və sair... Amma onun ölkədən çıxmasına hansısa qadağa qoyulub-qoyulmaması bəlli deyil.   
 
Xəbərdə deyilir ki, yaxın dostu və himayəçisi E.Mahmudovdan sonra onun hakimiyyət daxilindəki əleyhdarları da hərəkətə keçiblər. Məlumdur ki,  “Azəriqazbank” əsasən tikinti sektoruna kreditlərin ayrılması və işlərin icrasına nəzarətlə məşğul olub. Bu məqsədlə o, əsasən özünə, E.Mahmudova və C.Hacıyevə yaxın tikinti şirkətlərinə  pul ayırıb.
 
Ç.Əsədullayev  himayə etdiyi tikinti şirkətləri ilə əlaqəyə girərək bəzi əməliyyatlar həyata keçirib ki, bundan da bir çox məmurlar ziyan çəkib. Tikinti sektorunda ciddi paya sahib olan digər oliqarx-məmurlar bir neçə dəfə Ç.Əsədullayevdən tələb edib ki, rəhbəri olduğu bank “özünü yığışdırsın”, yalnız öz çevrəsinə deyil, digər  məmurlara da məxsus tikinti məxsus şirkətləri ilə işləsin. 
İddialara görə, Ç.Əsədullayev  E.Mahmudovun göstərişi  və məsləhəti ilə hakimiyyətdəki iri məmurların tikinti biznesinə kredit ayırmayıb, MTN şefinin və C.Hacıyevin  bu sahədə monopolistə çevrilməsinə şərait yaradıb. İndi isə himayəçilərini və mandatını itirən Ç.Əsədullayev  həmin adamların təzyiqi ilə üzləşib. Bankir “mənə deyirdilər vermə, mən nə edəydim?” kimi sözlərlə özünə haqq qazandırmaq istəsə də, vəziyyəti düzəldə bilməyib. Məlumata görə, MTN generalitetinin sahibkarlardan reket yolu ilə alınmış pulların “yuyulmasında” “Azəriqazbank”ın rolu olduğu barədə ciddi şübhələr var. İstintaq bu istiqamətdə işləyir və hələ bir neçə sahibkar  zərərçəkmiş kimi tanınıb. Qeyd edək ki, bank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir. 
Mənbə onu da bildirib ki, Ç.Əsədullayevin  mandatını itirdikdən sonra bankda  səhmlərinin sayını artırmasını bəzi dairələr “blef” hesab edir. “Çünki bankın pay bölgüsündə ciddi dəyişiklik kimi təqdim edilən xəbərdə Çingiz Əsədullayevin payını 23,096%-dən 23,270%-dək artırdığı bildirilir. Yəni bu da ciddi bank sahibi üçün çox cüzi rəqəmdir” deyə, mənbə bildirib. 
 
Maraqlıdır ki, minoritar səhmdarların sayı 65-dən 61-ə enib, onların bankın kapitalındakı ümumi payı isə 25,637%-dən 31,463%-dək artıb. Anlaşılan budur ki, 4 minoritar səhmdar payını satıb. Amma kimlərdən söhbət getdiyi bilinmir. Bildirilib ki, minoritar səhmdarların da paylarını C. Əsədullayev alıb. Digər səhmdarların kapitalda payı dəyişilməz olaraq qalıb. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası kapitalda 17,5%, “Kazimir Partners” şirkəti 10%, Yusifov Fərzulla (Müşahidə Şurasının üzvü) 17,767%-lik paya malikdirlər. 
Ehtimal etmək olar ki, satılan bank səhmləri MTN generalitetinə və ya onlara yaxın şəxslərə aid olub. Hər halda, indi “Azəriqazbank”da səhmdarların öz paylarını satması Ç.Əsədullayevə yaxşı perspektiv vəd etmir. Mandatını itirən Əsədullayev bankını və ya azadlığını necə, itirməyəcək ki?
“Yeni Müsavat”






Fikirlər