Elmira Axundovanın oğlu Həbib: “Bu qaqaşı tutmuşuq və gətirmişik bağa, döymürük, heç nə eləmirik... biz onu ”srok“a göndərmək istəyirik“
Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adının 8 milyonluq dələduzluq qalmaqalına qarışdığı haqda məlumat vermişdik. Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov deyirlər ki, Həbib Axundovla dostu Elnur İbrahimovun yaratdıqları maliyyə fırıldağı piramidasının qurbanlarıdırlar.
Onların sözlərinə görə, deputat oğlu pulları yığandan sonra dostunu xaricə qaçırmaqla onların pullarına sahiblənib. Deputat və oğlu onlara yönəlik ittihamların doğru olmadığını söyləsələr də, qarşı tərəf iddialarında israrlıdır. “Yeni Müsavat”a müraciət edən vətəndaşlar H.Axundovla E.İbrahimovun danışıqlarının səsyazmasını və həmin səsyazmanın stenoqramını redaksiyamıza təqdim ediblər. Bildiriblər ki, həmin səs yazısını istintaqa da təqdim ediblər və araşdırlmasını istəyiblər. Lakin həmin səs yazısına baxan olmayıb.
31 iyun 2013-cü ildə deputat Elmira Axundovanın Şüvəlanda yerləşən bağ evinə piramidaya cəlb edilmiş 15-20 nəfəri H.Axundov dəvət edib. Zərərçəkənlər deyirlər ki, Həbib Axundov orada özünün də zərərçəkən olduğunu göstərmək üçün bağdakı danışıqdan sonra Elnur İbrahimovu Yasamal RPİ-nə aparıb. Orada müstəntiq Seymur Hidayətzadə Elnur İbrahimovu sərbəst buraxıb. Hadisədən sonra Həbib Axundov Elnur İbrahimovu öz evində saxlayıb. 6 iyul 2013-cü il tarixində isə onu “Qəbələ Qafqaz Resort Otel”ə anası Elmira Axundovanın yanına aparıb. Bu görüşdən 2 gün sonra Elnur İbrahimov kimlərinsə köməyi ilə ölkə hüdudlarını tərk edərək Gürcüstana keçirilib.
Zərərçəkənlərin çoxsaylı şikayətlərindən 1 il sonra Bakı Şəhər Baş Polis İdarəsində Elnur İbrahimov barəsində cinayət işi başlanıb. Onun barəsində ölkə daxilində axtarış elan olunub. Zərərçəkənlər bildirirlər ki, E.İbrahimovun ölkə daxilində olmadığını müstəntiqə dəfələrlə deyiblər və barəsində beynəlxalq axtarış verilməsini istəyiblər. Lakin heç bir nəticə olmayıb.
Zərərçəkənlərin haqlı sualı var - müstəntiq Ramil Məhərrəmovun dələduz Elnur İbrahimovu İnterpol xətti ilə axtarışa verməməsinin arxasında hansı məqsəd və qüvvə dayanır? Bunu araşdırmaq isə aidiyyəti orqanların işidir.
Deputat oğlunun bağındakı danışıqların stenoqramını təqdim edirik:
Həbib Axundov müstəntiq dostuna zəng edir:
- Seymur, eşidirsən? Deməli bizdə belə bir məsələ var, amma öz aramızda qalsın, burda hamı Yasamal rayonu ərazisində olandı. Deməli, bir dənə qaqaş var, burda 10 nəfər oğlan oturub, o qaqaşı tutmuşuq. Bu qaqaş mənə və obşiy 10-12 nəfərə 3 milyon pul “atıb”. Piramida yaradıb. 3 milyon pul atıb. Təkcə mənim 735 min pulum orda var. Seymur, öz aramızda qalsın ha, heç kim bilməsin. Bu qaqaşı tutmuşuq və gətirmişik bağa, döymürük, heç nə eləmirik. Məndə 2 dənə kağız var, bir dənə 150 minlik, bir dənə də 735 minlik. Deməli bu neyləyib. Seymur, bu öz aramızda bizim pulu 1 il firladıb, guya bizə xeyir verib. Bizim öz pullarımızı fırladıb və asta-asta təzə adamlar tapıb. Elə bil mal alır-satır, bir-birinə xeyir verir. “Obşiy” böyük pul alır, sonra gətirir verir. Belə-belə ana məbləği 3 milyona kimi qaldırır. İndi Seymur, bayırda bəzi adamlar var ki, bunu axtarırlar, tutsalar, soxub öldürəcəklər. Biz bunu “srok”a göndərmək istəyirik. Burda oturub. Biz bunu necə göndərək “srok”a? Notarius sənədi bizdədir. Sənin yanına Yasamala gətirək bunu? Bunu necə göndərək “srok”a? Xərci-zadı nədi ödəyək. Biz “uje” 3 milyondan keçmişik. Özünüz nə ala bilsəniz alın, amma buraxmayın bunu. Bizə lazımdır bu “srok”a getsin. Biz bunu döymürük. Sən istəyirsən gəl bura, Şüvəlana oturaq söhbət edək. Hamımız atışacayıq sənə pul verəcəyik, kimə nə lazımdırsa orda verərsən. Lazım olar tapşırarıq. Əsas bu getsin içəri. 3 milyonu biz keçirik.
Bağda olan zərərçəkənlərdən biri:
- Müstəntiqdir o?
Həbib Axundov:
- Baş müstəntiqdir. Yasamalın. Seymurdur. Seymur, gəlirsən bu tərəfə? Puldu da, qaqaş.
- “Şto qovorit”?
Həbib Axundov:
- Deyir gözləyin həll edirəm.
- Naxçıvanlı Seymurdur?
Həbib Axundov:
- Həri.
Bundan sonra telefon danışığı yekunlaşıb və müstəntiq özü Həbib Axundova zəng edib:
- Seymur, nə oldu? Gətirirəm Yasamala. Bir dənə hamı sakit olsun, xahiş edirəm. Seymur, mən bunu gətirirəm, sən bunu buraxmayacaqsan ki?
- Mən bu gün “dejurnu”yam, rəislə-zadla danışım sonra. İndi sənə açıq deyim bu nə adla alıb pulu, harda alıb?
- Qaqaş hamısını Yasamalda alıb.
- Bilirsən qaqaş, ya sən tapşırtdırarsan, ya da 5-10 manat hormətlərin edək işi başlayaq.
- Bu getməlidir içəri.
- Mən ora gəlim, durum hara deyirsən gəlim, amma “lucşe” gətirin Yasamala.
- “Vsyo” 1 saata gətiririk.
- “Vsyo” gətirin, çatana yaxın mənə zəng edin.
- Seymur kişi kimi söz ver, buraxmayacaqsan bunu?
- Yox da, gətir bura. “Prosta” çatana yaxın zəng elə, mən evdəyəm, gəlim idarəyə. Bir dənə də şey deyim, neçə yaşı var bu adamın?
- 29. Bu “çisto serdeçni priznaniya” yazır ki, pulları yemişəm, sizi fırlada-fırlada yemişəm.
Zərərçəkənlər daha sonra iddia edirlər ki, danışıqlar əvvəlcədən planlaşdırılıb və onların verdikləri pullardan əl çəkmələrinə hesablanıb. Zərərçəkənlər deputat oğlunun onlardan alınan pullar hesabına aldığı əmlakların siyahısını da təqdim ediblər: “Həmin pullar hesabına Bakı şəhərinin A.Alı 45 ünvanında 5 mərtəbəli möhtəşəm bina, Nəsimi rayonu N.Rəfibəyli küçəsi 72 ünvanında 6 mərtəbəli ofis binası inşa etdirən Həbib Axundov qiyməti yüz min manatlarla ölçülən 4-5 ədəd bahalı avtomaşınlarda gəzməklə, London, Dubay, Türkiyədə kef məclisləri qurmaqla ”Port Baku" yaşayış kompleksində 235 kv.metrlik lüks evində dəbdəbəli həyatını yaşayır. Bu adam Dövlət Gömrük Komitəsində 486 manat aylıq maaşa işləyib. Bu maaşla bu qədər obyekt və avtomaşınlara, villalara və daha nələrə sahiblənib? Həbib Axundovun və onun havadarlarının qanun qarşısında cəzalandırılması, bizə vurduğu maddi ziyanın ödətdirilməsi təmin olunmalıdır".
E.HÜSEYNOV (musavatinfo.az)
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.