Əbülfət İmanovla bağlı araşdırılması vacib faktlar.

Əbülfət İmanovla bağlı araşdırılması vacib faktlar

Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi komitə sədri Ramiz Həsənova sadiqdir, yoxsa? «Sağlam ailə» tibb mərkəzinin  şdiyi binanın ona məxsus olduğu bildirilir.

Son günlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə bağlı müxtəlif səpkili informasiyalar yayılmaqdadır. Bəzi mənbələr komitənin ləğv ediləcəyini, bəziləri isə İqtisadiyyat və Sənaye Nazirliyinə birləşdiriləcəyini iddia edirlər. Bu kimi xəbərlərin səngimədiyi bir vaxtda komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanovun fəaliyyəti barədə redaksiyamıza şok effekti yaradacaq məlumatlar daxil olub. Mətləbə keçid almamışdan öncə vurğulamaq istəyirik ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti respublikada texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Xidmətin fəaliyyət istiqamətlərinə texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarəti, dövlət metroloji nəzarətini həyata keçirmək, texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak etmək və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək aiddir. Mötəbər mənbələrdən əldə etdiyimiz məlumatlara görə, prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək göstərməsinə baxmayaraq, Əbülfət İmanovun rəhbərlik etdiyi xidmət iş adamlarına yersiz problemlər yaratmaqdan çəkinmir.

Mənbəmizin bildirdiyinə əsasən, istehlakçı hüquqlarının qorunması, əhalinin keyfiyyətli məhsul, mal və xidmətlərlə təminatı, istehlak bazarının təhlükəli və normativ sənədlərin tələblərinə uyğun olmayan məhsullardan qorunması və sair məsələlər sözügedən xidmət üçün o qədər də əhəmiyyətli deyil: «Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti keyfiyyətsiz, təhlükəli, normativ sənədlərin tələblərinə zidd istehsal olunan məhsul, mal və xidmətlərdən əhalini qorumaq üçün ciddi işlər görmək iqtidarında deyil. Ona görə ki, xidmətin rəisi fəaliyyətini tamamilə başqa prinsiplər üzərində qurub. Bu xidmətdə çalışan şəxslər rəisin tapşırıqlarına müvafiq olaraq sahibkarları səbəbsiz yerə incidir, onlardan nəysə umurlar. Sahibkarlıq subyektlərində yoxlamaların 2 il müddətinə dayandırılmasına baxmayaraq, bəzi hallarda xidmətin işçiləri iş adamlarına təsir etməyə çalışırlar. Bu qurumun istehsal sahələrində nəzarəti istənilən səviyyədə deyil. Bəzi sahibkarlıq subyektində inzibati xətaların sayı-hesabı yoxdur. Xidmətin rəhbərliyi protokol tərtib edib inzibati qaydada tədbirlər görmək əvəzinə, sahibkarlarla «anlaşıb» öz maraqlarını təmin edir. Nəticədə təhlükəli məhsul istehsal edən müəssisələr rahat şəkildə fəaliyyətlərini davam etdirirlər». Əldə etdiyimiz məlumat ətrafında apardığımız araşdırma nəticəsində məlum oldu ki, Əbülfət İmanov bir müddət əvvəl böyük narahatlıq keçirib. Belə ki, Hesablama Palatasının rəsmiləri onun rəisi olduğu xidmətdə yoxlama aparıblar. Palatanın apardığı yoxlamalar bu qurumda ciddi nöqsanlar ortaya çıxarıb: «Amma kimlərinsə yardımı sayəsində xidmətdə üzə çıxarılan qanun pozuntularının üstü ört-basdır edilib. Yalnız bundan sonra İmanov rahat nəfəs almağa başlayıb».

Araşdırmalar nəticəsində onu da öyrəndik ki, adıçəkilən məmur əvvəllər keçmiş Dövlət Sosial Təminat Nazirliyi, indiki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsini yerinə yetirib. Deyilənə görə, işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifəsindən kənarlaşdırılıb. Bundan sonra bir müddət işsiz qalan Əbülfət müəllim kimlərinsə vasitəsilə Ramiz Həsənovun rəhbəri olduğu komitədə özünə iş tapmağı bacarıb. Lakin onun xidmətdəki fəaliyyəti də işçilər və cəmiyyət tərəfindən normal qarşılanmır. Çünki bu adam tutduğu vəzifədən istifadə edərək özünə var-dövlət yığmaq və biznes şəbəkəsi yaratmaq barədə fikirləşir. Belə deyirlər: «Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi xüsusilə əməkdaşların işə qəbulu məsələsində ciddi qanun pozuntularına yol verir. Belə ki, o, sırf şəxsi mövqeyinə əsaslanaraq dövlət qulluğuna qəbul qaydalarına müvafiq şəkildə işə götürülmüş əməkdaşları heç bir əsas olmadan vəzifələrindən azad edir. Vakant yerlərə isə bir çox hallarda ixtisası uyğun olmayan, qeyri-peşəkar şəxsləri, nəyinsə müqabilində işə qəbul edir». Əbülfət İmanovla bağlı məlumatlar bununla bitmir.

Gələn saylarımızda xidmət rəisinin biznes imperiyası, «Sağlam ailə» tibb mərkəzinin yerləşdiyi binanın aylıq neçəyə icarəyə verilməsi, ötən parlament seçkilərində nəyə görə fiaskoya uğraması, ölkəmizin turizm üçün əlverişli olan rayonlarındakı imarətləri, istirahət mərkəzləri və komitə sədri Ramiz Həsənovun Əbülfət İmanovun yanında etdiyi söhbətin bir gün sonra hansı nazirlikdə müzakirəyə çıxarılması haqda ətraflı məlumat verməyə çalışacağıq.

Bizi izləməyə davam edin. Mövzu ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.  (gundelik-baku.com )

 

  

 

 






Fikirlər