Keçmiş baş mühasib Şəfəq Qasımova dövlət büdcəsinə külli miqdarda ziyan vurmaqda ittiham olunur; Ali məktəbdəki dayaqları onun daha ağır formada cəzalandırılmasına imkan verməyiblər
Ölkəmizdə tibbi təhsilə dövlət qayğısı ildən-ilə daha da artırılır. Azərbaycan Tibb Universitetində (ATU) ölkəmizin səhiyyə sistemi üçün savadlı həkimlərin yetişdirilməsi məqsədilə ölkə rəhbərliyi hər cür diqqət göstərir. Məhz bunun nəticəsidir ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Tibb Universiteti ölkə səhiyyəsinə peşəkar kadrlar bəxş edib.
Lakin sözügedən ali təhsil ocağında problemlər də az deyil. Belə ki, uzun illər universitetin baş mühasibi işləmiş, sonradan isə yeyinti faktına görə tutduğu vəzifədən kənarlaşdırılmış Şəfəq Qasımovanın haqqında maraqlı məlumatlar əldə etmişik. Mötəbər mənbənin bildirdiyinə görə, adıçəkilən xanım neçə illər Tibb Universitetinin bütün maliyyə məsələlərinə nəzarət edib: «Amma bir müddət əvvəl universitetdə çox böyük yeyinti faktı aşkarlandı. Buna görə Şəfəq Qasımova işdən azad edildi. Maraqlıdır ki, universitetdə çalışan yaxın qohumları onun bu təhsil ocağı ilə birdəfəlik vidalaşmasına imkan vermədilər. Məhz qohumlarının köməyi sayəsində həmin yeyinti faktının üstü ört-basdır edildi. Şəfəq xanım hazırda Tibbi Universitetinin baş mühasibinin müavini vəzifəsində çalışır. Vəzifəsi müavin olsa da, baş mühasibin bütün işlərini o aparır.
Ümumiyyətlə, ali məktəbin maliyyə işləri yenə də onun nəzarəti altındadır. Uzun müddət bu vəzifədə işləyən Şəfəq xanım özünə böyük biznes şəbəkəsi yaratmağa nail olub. Onun xalası qızı Fəridə xanım Dövlət İqtisad Universitetində işləyir. Deyilənə görə, baş mühasibin müavini xalası qızı ilə şərikli biznes qurub. Şəfəq Qasımovanın Tibb Universitetində işləyən qohumlarının sayı-hesabı yoxdur. Fizika kafedrasının müdiri Sevinc Orucova onun bacısıdır. Kafedra müdirinin fəaliyyətindən əksəriyyət narazıdır. Həmçinin onun bəzi insanlardan pul alıb qaytarmadığı da bildirilir». Etibarlı mənbənin sözlərinə görə, Şəfəq Qasımovanın sözügedən universitetdə dayaqları çox möhkəmdir: «O, prorektor Malik müəllimlə qudadır. Belə ki, Malik müəllimin oğlu baş mühasibin müavininin qızı ilə ailə həyatı qurub. Şəfəq Qasımovanın həm oğlu, həm də qızı 2007-ci ildə Azərbaycan Tibb Universitetinin məzunu olublar. Deyilənə görə, onun övladlarına bütün müəllimlər güzəşt ediblər və qiymətləri heç nəsiz yazılıb. «Semaşko» xəstəxanasının yaxınlığındakı apteklərin bir çoxu keçmiş baş mühasibin xalası oğluna məxsusdur».
Deyilənləri araşdırmaq məqsədilə Tibb Universitetinin baş mühasibinin müavini Şəfəq Qasımova ilə əlaqə saxladıq. Onun cavabı isə qısa oldu: «Belə şeylər yoxdur». Bu sözləri deyən xanım dəstəyi üstünə asdı. Görünür, yazılan məqamlarla bağlı verdiyimiz suallar onun ürəyincə olmadı. Lakin sabiq baş mühasibin istəyindən asılı olmayaraq baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Azərbaycan Tibb Universitetinin baş mühasibliyinin həm indiki, həm də Şəfəq Qasımovanın rəhbərlik etdiyi dövrünün fəaliyyətini dərindən araşdırmalıdır. Sonda cənab prezidentin bir müddət əvvəl səsləndirdiyi fikirləri xatırlatmaq istəyirik. Ölkə başçısı kimliyindən və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq dövlətin büdcəsinə ziyan vuran şəxslərin bağışlanmayacağını bildirdi.
Mövzu ilə bağlı araşdırmalara başlamışıq. Yeni məlumat əldə edən kimi oxucularımızla paylaşacağıq. Bizi izləyin. Yazıda adı çəkilən hər bir şəxsin münasibət bildirmək hüququ var.
(gundelik-baku.com)
Fikirlər