HƏBSDƏKİ tanınmış aparıcının ayaqları tutulub
Dələduzluqda təqsirləndirilən tanınmış aparıcı İlham Mirzəyev yenidən həkim müayinəsindən keçirilib. Bu barədə Trend-ə İ.Mirzəyevin vəkili Telman Abdiyev məlumat verib. Vəkil fevralın 10-da İ.Mirzəyevə baş çəkib və səhhəti ilə maraqlanıb: "Səhhətində yaxşıya doğru heç bir irəliləyiş yoxdur. Ağrılardan ayaqları tutulub, yeriyə bilmir. Müraciətimizdən sonra yenidən müayinədən keçirilib və səhhətində irəliləyiş olub-olmaması yoxlanılıb. Görüş zamanı şahidi oldum ki, kiminsə köməyi olmasa, sərbəst hərəkət edə bilmir. Məsələn, mənimlə görüşdən sonra onun ayağa qalxmasına mən yardım etdim, təkbaşına ayağa qalxa bilmədi. Ona görə də İlhamın təcili müalicə müəssisəsinə köçürülməsinə ciddi ehtiyac var". T.Abdiyev deyib ki, İ.Mirzəyev yaxın günlərdə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüləcək. Xatırladır ki, İlham Mirzəyev 2014-cü il aprelin 11-də həbs olunub. CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham olunan teleaparıcı Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 il 6 aya endirib.