Azərbaycanlı milyarder Türkiyə BANKINI alır
Qubalı dağ yəhudisi Qod Nisanov Rusiyada fəaliyyət göstərən "Kredit Avropa Bank"ın yeni sahibi ola bilər.
ANS PRESS-in məlumatına görə, Türkiyədə "FİBA" adlı böyük holdinqin rəhbəri Hüsni Özyegin Rusiyadakı "Kredit Avropa Bank"ı (Credit Europe Bank - red.) satır. Bankın satılmasına səbəb kimi son vaxtlar Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi göstərilir. Bankın ümumi dəyəri 300 milyon dollar dəyərində qiymətləndirilir.
İddialara görə, bankı almağa ən real namizəd əslən Quba rayonunun Qırmızı Qəsəbəsindən olan azərbaycanlı milyarder Qod Nisanov hesab edilir. Türkiyə mediasında yayılan məlumata görə, Rusiyada Türkiyə kapitalı ilə fəaliyyət göstərən bankın məhz Moskvanın tanınmış kommersiya qurucusu Qod Nisanova satılacağı gözlənilir.
Hazırda bank 4,5 milyon fiziki və 16 min hüquqi şəxsə xidmət göstərir. Bankın 99,9% səhmi Hollandiyanın Credit Europe Bank NV-yə məxsusdur. Bank Rusiyada 1994-cü ildən fəaliyyət göstərir.
Əslən azərbaycanlı olan dağ yəhudisi Qod Nisanovun sərvəti 4 milyard dollar civarında dəyərləndirilir. "Radisson Royal Ukraine", "Royal Ukraine Hotel", Radisson САС, "Slavyanskaya", “Yevropeyski” ticarət mərkəzi, "Food City" tərəvəz bazasının sahibi olan Nisanov 2014-cü ilin yanvarında Rusiya prezidenti Vladimir Putin tərəfindən "Dostluq" ordeni ilə təltif edilib.
O, "Forbes" jurnalının milyarderlər siyahısında 38-ci yerdə qərarlaşıb.