Rusiyadan gələn böyük təhlükə – 20 ilin ən ağır bank böhranı yaxınlaşır

 

100978Rusiya iqtisadçıları ölkədə son 20 ilin ən ağır bank böhranının yaxınlaşdığını proqnozlaşdırırlar.ANS PRESS-in məlumatına görə, bu ölkədə çox sayda azərbaycanlı iş adamının və əmək miqrantının işlədiyi nəzərə alınarsa, Moskvadan başlayan bu fırtınanın Azərbaycana toxunacağını ehtimal etməyə imkan verir.
Bu fikrin müəllifləri içində German Qref kimi nüfuzlu iqtisadçının olması da vəziyyəti müəyyən qədər dramatikləşdirir. Hazırda Rusiya Mərkəzi Bankının tabeçiliyində olan “Sberbank”a rəhbərlik edən German Qref “iri miqyaslı bank böhranı” barədə danışır: “1990-cı illərin sonundan bu yana belə vəziyyət yarandığını xatırlamıram. Son 20 il ərzində ilk dəfədir ki, bu cür mürəkkəb və uzun çəkən böhran gəlir”.
Əslində, Rusiya Mərkəzi Bankının göstəriciləri vəziyyəti elə də ağır göstərmir. Problemli kreditlər ümumi kredit həcminin 7,6%-ni təşkil edir ki, bu da Dünya Bankının (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) “böhran” həddi kimi müəyyən etdiyi 10%-dən aşağıdır. Həmçinin, dövlətin Əmanətlərin Sığortası Agentliyinə verdiyi vəsaitlər ümumi daxili məhsulun (ÜDM) 1,37%-inə bərabərdir ki, bu da DB və BVF-nin müəyyən elədiyi 2%-lik böhran həddindən xeyli aşağıdır.

Rusiya banklarının problemli kreditləri (milyard rubl)

Mənbə:Rusiya Mərkəzi Bankı

Amma Moskvada fəaliyyət göstərən Makroiqtisadi Analiz və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin aparıcı eksperti Mixail Mamonovun fikrincə, böhranı Rusiyanın bank biznesində olan potensial “dəliklər” yaradacaq. Məsələ bundadır ki, Rusiyada bank sektorunun oyunçularının böyük hissəsinin məxsusi kapitalla bağlı ciddi problemləri var. Bankların çoxu nizamnamə kapitalı ilə bağlı Mərkəzi Banka məlumat verirlər. 2013-cü ildə Elvira Nabiullina Mərkəzi Bankın rəhbəri təyin edilən zaman ölkədə mindən çox bank vardı. Yeni rəhbər bu cür bankların kütləvi təmizlənməsinə başladı və nəticədə Rusiya banklarının sayı 693-ə düşüb. Hazırda 78 banka əhalidən əmanət götürmək qadcağan edilib. 151 bank Mərkəzi Bank qarşısında hər gün hesabat verir.

German Qref bu məsələni əsas götürərək böhranın qaçılmaz olduğunu düşünür: “Bank sisteminin hansı hissəsinin iflic, hansı hissəsinin təhlükəli yük olduğunu bilmək çox çətindir”. Son aylarda Rusiya banklarının gəlirlərinin aşağı düşməsi də bu fikri gücləndirir.

Rusiya bank sektorunun gəliri (milyard rubl)

Mənbə:Rusiya Mərkəzi Bankı

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri, iqtisadçı alim Azər Mehdiyevin fikrincə, Rusiyada baş verəcək bank böhranı istənilən halda Azərbaycana təsir göstərəcək. “Orda çox sayda azərbaycanlı əmək miqranıt var. Bank böhranın olması əmək miqrantlarının gəlirlərini azaldacaq. Uyğun olaraq, Azərbaycana bu ölkədən gələn pul baratları da azalacaq. Bu isə çox sayda ailələrin dolanışığına təsir göstərəcək”,- deyə Azər Mehdiyev ANS PRESS-ə bildirib.
İqtisadçı alimin fikrincə, Rusiyada fəaliyyət göstərən azərğbaycanlı iş adamları da bank böhranının təsiri altında qala bilərlər: “Böyük ehtimalla, onlar pullarını qorumaq üçün kapitalı xaricə çıxarmağa çalışacaqlar. Həmin pulların Türkiyə, Gürcüstan və Moldovaya getmək ehtimalı daha böyükdür. Hətta Ukraynanın qərbinə də gedə bilərlər. Elə etmək lazımdır ki, həmin pulların bir qismi Azərbaycana gəlsin. Bu bir çox sahələrdə dirçəlişə səbəb ola bilər”.


Azər Mehdiyev – İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri

Azər Mehdiyevin fikrincə, bunun üçün Azərbaycan iqtisadiyyatında rəqabət mühiti yaratmaq lazımdır: “Hər şeydən öncə məmurların bizneslə məşğul olmasının qarşısı alınmalıdır. Yoxsa, bazarlarda süni yaradılmış inhisarçılıqdan xilas olmaq mümkün olmayacaq. Sərhədlərdə yaradılmış süni maneələr də aradan qaldırılmalıdır”.
Aydın görünür ki, Azərbaycan lazımi tədbirlər görsə, Rusiyada gözlənən böhrandan dəyə biləcək zərəri xeyli azalda bilər. Həmçinin, müxtəlif səbəblər üzündən şimala mühacirət etmiş Azərbaycan kapitalının bir qismini də geri qaytara bilər. Bu isə öz növbəsində ölkənin neftdən kənar sektorunda dayanıqlı genişlənmə ilə nəticələnə bilər.

 






Fikirlər