Beynəlxalq silah alverçisi SƏFƏR ƏBİYEVİ NECƏ ALDATMAQ İSTƏDİ…

 

129758_res_01Britaniyalı beynəlxalq silah alverçisi Azərbaycan Müdafiə Nazirliyinə Şimali Koreya istehsalı olan “yer-hava” tipli raketlər satmaq istəyib. Lakin Bakının həmin raketlərin sınaq patiyasını tələb etməsi və Şimali Koreya şirkətinin bundan boyun qaçırması səbəbindən sövdləşmə baş tutmayıb. Bu haqda Şimali Koreya ilə silah alverində ittiham olunan və 2011-ci ildə Londonda həbs edilən Maykl Reyncerin işinə dair məhkəmə sənədlərində bəhs edilir.

500 səhifəlik məhkəmə sənədlərini Britaniyanın RUSİ (The Royal United Services Institute-müdafiə araşdırmaları üzrə Birləşmiş Kral İnstitutu) nəzdindəki nüvə siyasəti araşdırmaları proqramının direktor müavini Andrea Berger yayıb. Maykl Reyncer 2012-ci ildə silah alverində təqsirli bilinib.

Maykl Reyncerin Şimali Koreya istehsalı olan “yer-hava” tipli raketləri Azərbaycana satmağa cəhd göstərməsi haqda 2013-cü ilin mayında BMT-nin açıqladığı hesabatda bəhs edilmişdi. Hesabatda britaniyalı silah tacirinin Şimali Koreyanın “Hesong Trading Corporation” şirkətinin istehsalı olan “yer-hava” tipli raketləri Azərbaycana satmağa nail olduğu təsdiqlənmirdi. Ancaq bu şirkətə qarşı sanksiyaların tətbiqi tələb olunurdu.

Məhkəmə sənədlərindən məlum olur ki, Maykl Reynceri Azərbaycan Müdafiə Nazirliyi ilə calaşdıran Alabama ştatından olan amerikalı neft maqnatı olub. Onun tövsiyəsi ilə 2010-cu ildə silah alverçisi “tələsik çemodanlarını toplayaraq” Bakıya uçub. Bakıda onu hörmətlə qarsalayıblar. Maykl Reyncer Müdafiə Nazirliyinə Amerika istehsalı olan “Stinger” raketlərinin “rus versiyasını” təşkil edə biləcəyini deyib. Söhbət isə əslində sovet istehsalı olan “İqla” daşınan zenit-raket kompleksinin Şimali Koreya, yaxud Çin versiyasından gedirdi.

Beləliklə, Maykl Reyncer Bakıya 100 ədəd belə raket satmağı razılaşdırır. Lakin Müdafiə Nazirliyi bildirir ki, həmin raketlərin nə dərəcədə keyfiyyətli olduğunu yoxlamaq üçün əvvəlcə 10 raketdən ibarət sınaq partiyasını göndərmək lazımdır. Şimali Koreya şirkəti isə bu şərti qəbul etmir, Azərbaycan Müdafiə Nazirliyinə Reyncer vasitəsilə təklif edir ki, silahı yoxlamaq üçün Pxenyana heyət göndərə bilər. Bu şərt isə Bakı üçün məqbul olmur. Çünki Azərbaycan güclü beynəlxalq sanksiyaların təsiri altında olan Şimali Koreyaya heyət göndərib ABŞ-la münasibətlərini korlamaq istəmirdi.

Məhkəmə sənədlərindən “Hesong” şirkətinin Azərbaycana razılaşdırılan raketləri satmağa nail olduğu barədə təsdiqləyici fakt yoxdur. Ancaq Maykl Reyncerin Azərbaycan Müdafiə Nazirliyi və Şimali Koreya şirkəti arasında elektron yazışmaları işə əlavə olunub. (virtualaz.org)

 






Fikirlər