Türkiyəyə qarşı kimyəvi silah təhlükəsi
İngiltərənin “The Guardian” qəzeti Türkiyənin NATO-dan “Patriot” raketdən müdafiə sistemini Suriyanın kimyəvi silahdan istifadə etməsi təhlükəsinə görə istədiyini yazıb. Qəzet bu məlumatı adını açıqlamadığı türk rəsmilərinə istinadən verdiyini bildirib.
Məlumata görə, inanılmış kəşfiyyat məlumatları üsyançıların əlindəki əraziləri hədəfə alan bombardmanın nəticə verməyəcəyi təqdirdə Əsəd rejiminin son çarə olaraq kimyəvi silahlardan istifadə edəcəyini ortaya qoyub.
Rəsmilər Əsədin müxalifətin əlindəki əraziləri Sovetdən qalma “Scud” və Şimali Koreya istehsalı olan SS-21 raketləri ilə vuracağını bildiriblər.
Qəzet yazıb ki, türk rəsmiər həmin raketlərin Türkiyə ərazisinə düşməsindən narahatdırlar. Türk rəsmilərindən biri, “Fərqli mənbələrdən aldığımız məlumata görə, suriyalılar ballistik raketlərdən və kimyəvi başlıqlardan istifadə edəcək. Üsyançılara qarşı əvvəlcə piyadaları göndərdilər, çoxlu itki verdilər.
Sonra tankları göndərdilər, ancaq tanklar da vuruldu. İndi hava gücündən istifadə edirlər. Əgər bu da uğursuz olsa, raketlərdən istifadə edəcəklər. Bəlkə də kimyəvi başlıq taxılmış raketlərdən istifadə edəcəklər. Buna görə də “Patriot” istədik” deyə bildirib.
ABŞ-ın “New York Times” qəzeti isə Qərb kəşfiyyat güclərinin Suriyanın kimyəvi silahlarının saxlanıldığı ərazilərdə fəallıq aşkarladıqlarını yazıb.