TÜRKİYƏNİN ANA müxalifət liderindən MUSAVAT.com-a ÖNƏMLİ açıqlamalar

Türkiyənin ana müxalifət liderindən Musavat.com-a önəmli açıqlamalarKamal Kılıçdaroğlu: “Rusiya ilə əlaqələrin bərpa olunması həm bizim, həm Rusiyanın, həm də Azərbaycanın xeyrinə olacaq”; “Azərbaycan torpaqlarının işğalını əsla qəbul etmirik”

 

Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı, millət vəkili Kamal Kılıçdaroğlu Musavat.com saytına özəl müsahibə verib. Müxalifət liderinin parlamentdəki ofisində baş tutan söhbəti təqdim edirik:
- Kamal bəy, Ankaradakı terror olayı səbəbindən Türkiyə prezidenti cənab Ərdoğanın Bakı səfəri təxirə salındı. Lakin bildirilib ki, səfər uyğun bir zamanda reallaşacaq və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək. Ana müxalifət partiyası olaraq, bölgədə gərinliklərin yaşandığı indiki durumda iki qardaş dövlətin prezidentləri arasında baş tutacaq qarşıdakı görüşdə hansı məsələlərin müzakirə olunmasını arzulayır və ya təklif edirsiniz?
- Biz CHP olaraq Azərbaycanla Türkiyə arasında dövlət başçıları səviyyəsində keçiriləcək toplantılara hər zaman önəm veririk. İki ölkənin öz problemlərini birlikdə müzakirə etmələri hər iki ölkənin gücünü artıracaq. Bu birgə çalışmalar  hər iki ölkənin diplomatiya sahəsinə də, iqtisadiyyatına da, sosial həyatında da əlavə güc verəcək. Ümumiyyətlə, iki ölkənin təkcə siyasətdə deyil, mədəni və elmi sahədə də əlaqələrinin güclənməsinə, universitetlər səviyyəsində qarşılıqlı münasibətlərin qurulmasını arzulayırıq. 
- Azərbaycan torpaqlarının işğaldan azad olunması Türkiyənin də ilk hədəflərindəndir, bunu siz də CHP lideri olaraq dəfələrlə bəyan etmisiniz. Qarabağın işğaldan azad olunması yolunu siz necə görürsünüz? 
- Azərbaycan torpaqlarının işğalını əsla qəbul etmirik. İşğal altındakı torpaqların Azərbaycana şərtsiz qaytarılmasını tələb edirik. Bizim CHP olaraq düşüncəmiz budur: əgər işğalçılar Azərbaycanın torpaqlarından çəkilərlərsə, o zaman bölgəyə barışın gələcyinə inanırıq. İndiki şərtlər daxilində o bölgədə əmin-amanlığın olması  mümkün deyil. Təbii ki, Azərbaycanın öz torpaqlarının  işğal altında qalmasın səbəbindən rahatsızlığını biz çox gözəl anlayırıq. Onların təpki göstərmələrinin, dünyanın ədalətli mövqedə dayanmasını tələb etmələrinin səbəbi də budur. Heç bir ölkə öz torpaqlarının bir başqa ölkə tərəfindən işğal edilməsini qəbul etməz, biz də qəbul etmirik. 
- Kamal bəy, işğalçı Ermənistanın arxasında Rusiya var. Azərbaycan da çox istərdi ki, bu mübarizədə Türkiyə hər an onunla bərabər olsun. Qarabağda savaş  alovlanarsa, Türkiyənin bölgəyə ordu göndərməsi mümkündürmü?
- Türkiyənin mövqeyi budur ki, Azərbaycan torpaqları ilə əlaqədar haqq-ədalət bərpa olunsun. Biz Azərbaycana çox böyük önəm veririk. Azərbaycan öz bölgəsində güclü bir ölkə olmaq istiqamətində sürətli addımlar atır, iqtisadiyyatı, siyasəti inkişaf edir, elm sahəsində önəmli addımlar atır. Dolayısı ilə bu nailiyyətlərin Azərbaycan torpaqlarının azad edilməsi ilə nəticələnməsini istəyirik. Rusiyanın ən azı bu mövzuda, işğal altındakı Azərbaycan torpaqları ilə bağlı Ermənistana təzyiq göstərməsi də bizim ən böyük arzumuzdur. 
- Təyyarə olayından sonra Türkiyə və Rusiya arasında baş verənlər gündəmin aparıcı mövzusu olaraq qalmaqdadır. Bu məsələlərdə Azərbaycanın mövqeyi ilə bağlı düşüncələrinizi bilmək istərdik. Eyni zamanda siz Ankara-Moskva münasibətlərinin çözümü ilə bağlı nə təklif edirsiniz?
- Öncə deyim ki, hansısa bir ölkənin torpaqlarının bir başqa ölkənin təyyarələri tərəfindən bombalanması, işğal edilməsi doğru deyil. Bu, sadəcə bizim baxışımız deyil, beynəlxalq qanunlarla təsbit olunmuş qaydalardır, bu qaydalar çərçivəsində hərəkət etmək tələb olunur. Rusiya ilə yaşanan gərginliklərin də qısa zaman çərçivəsində normallaşmasını istəyirik. Düşünürəm ki, Rusiya ilə əlaqələrin bərpa olunması həm bizim, həm Rusiyanın, həm də Azərbaycanın xeyrinə olacaq. 
- Yaxın zamanlarda sizi Azərbaycanda görə biləcəyikmi?
- (gülərək) Əgər dəvət gələrsə, əlbəttə...
 Elşad PAŞASOY
Ankara




AzerTaym.az






Fikirlər