ƏLİLLİYİN müəyyən OLUNMASINDA yenilik

Azərbaycanda heç bir quruma müraciət etmədən əlilliyin müəyyən olunması ilə bağlı aparılmış sonuncu müayinəni öyrənmək imkanı yaradılıb.

Bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

E.Babayev bildirib ki, “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidmətindən istifadə proseduru sadələşdirilib. Belə ki, bunun üçün heç bir autentifikasiya vasitəsinə ehtiyac yoxdur. Yəni istənilən şəxs yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixlərini qeyd etməklə müvafiq məlumatı rahat şəkildə əldə edə bilir. Bu zaman vətəndaşa keçirilmiş sonuncu müayinənin nəticəsi və növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi (əgər əlillik müddətsiz təyin edilibsə o zaman onun müddətsiz olması) ilə bağlı məlumat verilir.

Əlillik müayinəsinin nəticəsi barədə məlumatın telefon vasitəsilə öyrənilməsi də mümkünləşib. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən vətəndaş “çağrı mərkəzi”nə zəng edərək 0 düyməsini yığdıqdan sonra, özünün şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil edərək, aparılmış müayinənin nəticəsi (hansı tarixdə və neçənci dərəcə əlillik qrupunun təyin olunması, əlilliyin nə qədər müddətə müəyyən edilməsi) barədə məlumat ala bilər.






Fikirlər