Son vaxtlar ölkəmizin gündəmi həftənin günlərindən daha tez-tez dəyişir.
Az qala, hər səhəri yeni xəbər, hadisə ilə açırıq, onu sindirməyə macal tapmamış yeni nəsə baş verir. Lakin onların arasında elələri var ki, ilk baxışda bəlkə ötəri təsir bağışlasa da, əslində unudularsa, bütün cəmiyyət üçün təhlükəli tendensiyaya, mənfi nümunəyə çevrilmək ehtimalı böyükdür. Ona görə də aktuallığını itirmir. Belə hadisələrdən biri də tanınmış jurnalist, professor Qulu Məhərrəmli ilə AzTV (Azərbaycan Dövlət Teleradio verilişləri QSC) kanalının rəhbəri Arif Alışanov arasında yaranmış “münaqişədi”.
Unutmamısınızsa, AzTV-nin 60 illik yubileyi münasibətilə xəbər portallarından birinə müsahibə verən Qulu müəllim kanalın hazırkı fəaliyyətini, xüsusilə də, rəhbəri Arif Alışanovu son dərəcə sərt tənqid etmişdi. Hər şey də bundan sonra başlamışdı. Əvvəlcə “youtube”da AzTV əməkdaşlarının iştirakı ilə təxminən, üç saatlıq bir video yayımlandı. Amma məsələ bununla bitsə, nə vardı ki.. Videonun yayımlanmasından qısa müddət sonra mediada Arif Alışanovun Qulu Məhərrəmlini məhkəməyə verdiyi ilə bağlı xəbər yayıldı.
Məşhur rus və amerika kinoşünası, filoloq, filosof və incəsənət nəzəriyyəçisi Mixail Yampolski deyir ki: “tənqidsiz mədəniyyət yoxsullaşır, inkişafdan qalır. Tənqidin böhranı birbaşa mədəniyyətin iflasına gətirib çıxarır».
Və bu gün Azərbaycanda bir vətəndaş, üstəlik mütəxəssis tərəfindən tənqid olunan dövlət qurumunun rəhbəri nəticə çıxartmaq əvəzinə səlahiyyətlərindən sui stifadə edir, tənqidə, az qala, inkvizisiya üsulları ilə cavab verir. Bəs əslində necə olmalı idi?
Bu sualı tanınmış alimlərə və jurnalistika sahəsində möhürünü vurmuş insanlara ünvanladıq.
Vurğun Əyyub: Düşünürəm ki, Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir.
Filologiya elmləri namizədi, Xəzər Universitetinin kafedra müdiri Vurqun Əyyub Qulu Məhərrəmlinin fikirlərinin nə qədər sərt olsa da, həqiqət olduğunu deyir:
“Mən hesab eləyirəm ki, Qulu Məhərrəmli Azəbaycanda televiziyanı ən yaxşı bilən peşəkarlardan biridir. O, mütəxəssis olmaqdan əlavə, həm də gözəl ziyalı və çox fəal bir vətəndaşdır. Mən Arif Alışanovu da tanıyıram. O adamın yaradıcılığa, ümumiyyətlə, heç bir aidiyyatı yoxdur. Qulu Məhərrəmlinin fikirləri nə qədər sərt olsa da, tamamilə həqiqətdir. Qulu müəllimi kifayət qədər təvazökar, ləyaqətli və davranışında etikanı gözləyən bir insan kimi tanıyıram. Deməli, vəziyyət elə həddə çatıb ki, o cür sərt münasibət bildirib. Məncə, qarşı tərəf bu haqda fikirləşməlidir. Düşünürəm ki, Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”.
Arif Əliyev: İstər Azərbaycan qanunvericiliyində olsun, istərsə də beynəlxalq praktikada, fikir heç zaman məhkəməyə sürüklənən bir predmetə çevrilməməlidir.
“Yeni Nəsil” Azərbaycan Jurnalistlər İttifaqının sədri, jurnalist Arif Əliyev hesab edir ki, sözügedən müsahibənin məhkəmə predmetinə çevrilməsi gülüncdür:
“Qulu Məhərrəmli mənim ən yaxın dostlarımdan və əqidə yoldaşlarımdan biridir. Həmçinin Azərbaycan jurnalistikasında yüksək hörmətə və peşəkarlığa malik olan bir şəxsdir. Konkret sözügedən müsahibəyə gəldikdə isə ifadələrin tərzi və sair barədə söhbət eləyə bilərik, amma bunun hər hansı bir məhkəmənin predmetinə çevrilməsi gülüncdür. Yalnız bu prosesi başladan şəxslərin dözümsüzlüyündən, medianın funksiyasını və tutduğu vəzifənin məsuliyyətini dərk etməməsindən irəli gəlir. Düşünürəm ki, istər Azərbaycan qanunvericiliyində olsun, istərsə də beynəlxalq praktikada, fikir heç zaman məhkəməyə sürüklənən bir predmetə çevrilməməlidir. Qulunun bildirdiyi fikirlər faktiki əsası olan rəylərdir. Ona görə də mühakiməyə səbəb ola bilməz. Çox təəssüf ki, bu prosesi bir dövlət mediasının rəhbəri başlayıb. Çünki dözümlülük və bu prinsiplərə əməl etmək elə qanunda da ilk növbədə dövlət kütləvi informasiya vasitələrinə və onların nümayəndələrinə aid edilir.
Dözümlülük və ümumiyyətlə, məsuliyyət hissi geniş mənada mədəniyyətin göstəriciləridir. Azərbaycanda isə siyasi mədəniyyət, ö cümlədən, dövlət qulluqçusunun mədəniyyəti elə bərbad vəziyyətdədir ki, ölkədə sanki düşmənçilik atmosferi hökm sürür. Hər hansı bir ictimai, yaxud yüksək dövlət vəzifəsini tutmuş şəxs ona faktiki atasının mülkü kimi baxır və hər hansı müdaxiləni, ya da müzakirəni onun evinin içinə soxulmaq kimi qəbul eləyir. Halbuki bu cür tənqidlərə cavab verməyin çox müxtəlif formaları var. Bununla bağlı ictimai müzakirə də açmaq olardı. Bilirsiniz ki, ümumiyyətlə, televiziyanın səviyyəsi nəinki cəmiyyət, hökumətin özünü də çox maraqlandıran bir məsələdir. Hətta yadımdadır ki, 2009-cu ildə Ramiz Mehdiyev bir məqaləsində Azərbaycanda telekanalların səviyyəsinin dizdən də aşağı olduğunu yazmışdı. Yəni bu mövzuda dəfələrlə söhbətlər qaldırılıb. Arıf Alışanov da Qulunun müsahibə verdiyi həmin kütləvi informasiya vasitəsinə qanunauyğun şəkildə öz cavabını göndərə bilərdi. Əllinin altında o boyda televiziya kanalı var. Ölkənin ən böyük teleşirkətidir. Lap elə Qulunu dəvət eləyib məsələni orda müzakirə eləmək olardı. Çünki bu, hər bir şəxsə, fərdə aid olan bir mövzudur və onu müzakirə eləmək üçün həm siyasi, həm jurnalist mədəniyyəti lazımdır. Təəssüf ki, biz bunun şahidi olmadıq”.
Elçin Şlxiı: Alışanov, Qulu Məhərrəmlinin əleyhinə danışdırmaqla orda çıxış edən adamları alçaldıb
“Zerkalo” qəzetinin baş redaktoru, jurnalist Elçin Şıxlı da Qulu Məhərrəmlinin hamıya məlum həqiqətləri danışdığını söyləyir:
“Qulu Məhərrəmli öz müsahibəsində yeni və qeyri-adi heç nə deməyib. Hamıya məlum olan, illərdir hamının dediyi, danışdığı, ara-sıra elə Qulu müəllimin özünün də dilə gətidiyi sözlərdir. Sadəcə olaraq, görünür, əhvalının elə vaxtlna düşüb ki, həmin müsahibədə daha sərt danışıb. Və Görünür, Alışanov da vəziyyəti o qədər də sabit olmadığından, yaxud özü-özündən xoflandığı üçün təşvişə düşüb və ona elə gəlib ki, belə bir çirkin kampaniya aparmaqla Qulu Məhərrəmlinin ya sözünü, ya da səsini kəsəcək. Yaxud da məhkəməyə verib onu tutduracaq. Mən belə düşünürəm ki, Arif Alışanov öz vəzifəsindən sui-istifadə eləyir. O mənada ki, televiziyanın resurslarından istifadə eləyib, təxminən, iki saat yarımdan artıq gedən murdar bir şey çəkib. Mənə elə gəlir ki, Alışanov, Qulu Məhərrəmlinin əleyhinə danışdırmaqla orda çıxış edən adamları alçaldıb. Onlar da özlərini onda alçaldıblar ki, belə hərəkətə yol veriblər. Sadəcə olaraq başqa rəsmi vəzifə tutan adamların əlində televiziya yoxdu. Teleiziya olsa, onların böyük əksəriyyəti elə Arif Alışanov kimi davranar. Düşünürəm ki, bu, çox biabırçı bir haldı. XXI əsdə yaşayırıq, amma orta əsrlərin inkvizisiya üsullarından istifadə eləməyə çalışırıq.
AzTV kim dövlət qurumunun başçısının cavabı əslində başqa cür olmalıydı. Ya elə həmin media resursa, ya da başqa bir yerə özü müsahibə verməliydi. Deməliydi ki, mən sizin bütün suallarınıza cavab verməyə hazıram. Sivil yol budur. Təbii ki, məhkəməyə vermək hüququ da var. Bizdə məhkəmələr və hakimlər müstəqil olsaydı və ədalətli qərar çıxartsaydı, Qulu Məhərrəmli üçün heç bir qorxusu olmazdı.
Mənim üçün çox maraqlı olar, görüm, Qulu Məhərrəmlini tutdursalar, nə baş verər? Belə şey olsa, onu müdafiə komitəsi yaradacam, özüm də gedib oturacam yanında ki, məni də tutsunlar”.
Azər Həsrət: Cənab İlham Əliyevin özü belə barəsində olan çox sərt tənqidlərə dözümlü, təmkinli yanaşır... Arif Alışanov da cənab prezidentdən örnək götürməlidir
Əməkdar jurnalist, hüquq müdafiəçisi Azər Həsrət AzTV kimi bir qurumun rəhbərliyi ilə Qulu Məhərrəmli kimi sayılıb-seçilən bir jurnalist arasında belə bir münaqişənin yaranmasının təəssüf doğurduğunu bildirir:
“Biz istəməzdik ki, AzTV kimi bir qurumun rəhbərliyi ilə Azərbaycanın çox tanınmış, sayılıb-seçilən jurnalisti arasında belə bir münaqişə yaransın. Ikinci tərəfdən də Qulu müəllim sərbəst insandır. Həmişə onun öz mövqeyini sərbəst şəkildə ifadə etdiyinin şahidi olmuşuq. Ola bilsin, bu dəfə barıtı bir az çox eləyib, amma düşünmürəm ki, bu fikirlərinə görə ona qarşı böyük kampaniya başlamağa, hətta onu məhkəməyə verməyə gərək vardı. Əgər söhbət konkret Arif Alışanovun mövqeyindən gedirsə, əlbəttə, biz onun özünü müdafiə etməsinə, yaxud da öz mövqeyini ifadə etməsinə sayğı ilə yanaşırıq. Yəni onun bu haqqını gözardı edə bilmərik. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin özü belə barəsində olan çox sərt tənqidlərə dözümlü, təmkinli yanaşır. Əgər bu ölkənin prezidenti haqqında səslənən tənqidlərə təmkinli yanaşmağı bacarırsa, mənə elə gəlir ki, onun siyasətinin ardıcılı olan Arif Alışanov da cənab prezidentdən örnək götürməlidir, onun kimi dözümlü, təmkinli yanaşmalıdı. Amma biz müşahidə edirik ki, o, nəinki təmkinli yanaşmır, əksinə Azərbaycanın dövlət televiziyası olan AzTV-nin resurslarından istifadə edərək Qulu müəllimə cavab verməyə cəhd göstərir. Bu isə təbii ki ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
Alışanov Qulu müəllimin müsahibəsini oxuyandan sonra ya özü bir açıqlama verə bilərdi, ya da hansısa kütləvi informasiya vasitəsində müsahibə verərək cavabını ictimaiyyətə çatdırmış olardı. Əfsuslar olsun ki, o bu yolu seçməyib Qulu müəllimi gözdən salmaq kampaniyasına üstünlük verdi. Bu da, şəxsən mənim fikrimcə, döğru addım deyil”.
Zeynal Məmmədli: Üç saata yaxın bir video buraxmaqla, bütün əməkdaşlarını bu işə cəlb etməklə… bu işə dövlət vəsaiti sərf olunub.
Tanınmış media eksperti, jurnalist Zeynal Məmmədli hesab edir ki, dövlət büdcəsindən maliyyələşən Azərbaycan Dövlət Televiziyası hər növ tənqidə açıq olmalıdır:
“AzTV dövlət büdcəsindən maliyyələşdiyi üçün tənqidə açıq olmalıdır. Hətta haqsız tənqidlərə belə.. O, bunu çox təbii qarşılamalıdır. Sovet dövründə dükanlarda belə bir şüar vardı “alıcı həmişə haqlıdır”. Bu baxımdan tamaşaçı həmişə haqlıdır. Üstəlik bu tamaşaçı bir peşəkar, televiziyanı araşdıran bir alimdirsə, onun fikirlərinə daha dözümlü yanaşmaq lazımdır. Düzü mən, AzTV rəhbərliyinin bu reaksiyasını heç cür anlamıram. Onun hazırkı davranışı heç bir sağlam məntiqin, sağlam düşüncənin nəticəsi deyil. İmpulsiv bir qəzəbin nəticəsidir ki, o da həmişə haqsız tərəfə aparır. O intervyuda təhqir yox idi. Amma bunu ictimai rəyə o şəkildə təqdim etmək – üç saata yaxın bir video buraxmaqla, bütün əməkdaşlarını bu işə cəlb etməklə… Hətta ciddi araşdırsan, bu işə dövlət vəssiti sərf olunub. O video hansı texnika ilə çəkilib, hansı enerji işlədilib, hansı işıqlarla, harda. Istər-istəməz dövlət vəsaiti xərclənib buna. Əksinə, bütün bunlar məhkəməlikdir, nəinki televiziyanın, ya da bir şəxsin ünvanına deyilən hər hansı ifadə. O cür qurumun başçısı hər addımını ölçüb-biçməlidir, heç nəyi şəxsi qarşılamamalıdır. Üstəlik AzTV ilə bağlı tənqidlərin çox ciddi əsasları var. Bunun üçün reytinq məlumatlarına baxmaq kifayətdir. Mən inanıram ki, AzTV-nin rəhbəri elə davrandığına görə, yəqin ki, artıq peşman olub”. (xəbər365.com)