Göyçay rayonunda yaşayan, bu günlərdə prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan keçmiş vicdan məhbusu Taleh Xasməmmədov Arqument.Az-a müraciət ünvanlayıb.
"Ölkə prezidentinin son əfv sərəncamı ilə azadlığa çıxmışam. Daxili Işlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyevin tapşırığı əsasında haqsızlıqla üz-üzə qalmışam. Belə ki, həmin idarənin Göyçay Regianal Mühafizə Şöbəsi tərəfindən mənə məxsus torpaq sahəsi qanunsuz olaraq ələ keçirilmiş, orada tikinti işləri aparılmışdır.
Hazırda sözü gedən torpağa dair qanuni sənədlərin ləğv edilməsi üçün Göyçay şəhər bələdiyyəsinə təzyiqlər göstərilir. Eyni zamanda Baş Mühafizə İdarəsinin rəisi Y.Əliyev Ədliyyə Nazirliyinə də müraciət etməklə öz məqsədinə uyğun olaraq razılaşma əldə edib.
Son razılaşmaya görə nəyin bahasına olursa olsun mülkiyyətində olan torpaq sahəsinə verilmiş sənədlər ləğv edilməli, zəbt etdikləri yer heç bir halda geri qaytarılmamalıdır.Həbs edildikdən sonra Göyçay Regianal Mühafizə Şöbəsi qanunsuz olaraq mənə məxsus ticarət obyekti üçün ayrılmış torpaq sahəsini özbaşına tutmuş və orada bəzi tikinti işləri aparmışdır. Hansı ki həmin yer Göyçay şəhər bələdiyyəsinin 2007-ci il tarixli qərarı ilə mənə satılmış və orada iaşə obyekti tikilməsi üçün 2013-cü ildə Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verilmişdir.
İndiki vəziyyətdə mən iaəşə obyekti inşa etdirmək əvəzinə öz haqqımı bərpa etmək üçün bir neçə il məhkəmə çəkişməsi aparmaq məcburiyyətində qalmışam. Səhhətimin ağır durumunda daha bir haqsızlıqla qarşı-qarşıya qalmışam. Bilmirəm maddi vəziyyətimi düzəltmək üçün işləyim, yoxsa general Yaşar Əliyevin kefi istədiyi məsələyə münasibət göstərim. Onsuz da uzun illərdi ki, mən DİN orqanları tərəfindən təqib olunaraq kifayət qədər qanunsuzluğa tuş gəlmişəm”.
Yazıdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.