Azərbaycan vətəndaşlığına qəbul edilmiş 276 nəfər and içib

 

c15b8d81607720ba01b33853496ba12dDövlət Miqrasiya Xidmətində Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin Azərbaycana sadiq olacaqları barədə andiçmə mərasimi keçirilib.
Dövlət Miqrasiya Xidmətindən APA-ya verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Azərbaycan prezidenti İlham Əliyevin sərəncamları ilə vətəndaşlığa qəbul və bərpa edilmiş şəxsləri təbrik edib.
F. Nəbiyev vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslərə müstəqil Azərbaycan dövləti ilə siyasi və hüquqi əlaqələrinin möhkəm olmasını arzulayıb.
Qanunvericiliyə əsasən Azərbaycan vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda, həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycanın beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bir ay müddətində bu barədə Xarici İşlər Nazirliyinə və ya Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Sonra vətəndaşlığa qəbul edilmiş 267 və bərpa edilmiş 9 şəxs təntənəli şəraitdə Azərbaycanın Dövlət bayrağı önündə Azərbaycan Konstitusiyasına əl basmaqla, Azərbaycan dövlət dilində Azərbaycana sadiq olacaqları barədə and içiblər.
Qeyd edək ki, andiçmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun”a 30 dekabr 2014-cü il tarixdə əlavə edilmiş yeni məzmunda 15-1-ci maddəyə əsasən ilk dəfə keçirilib. And içən Azərbaycan vətəndaşı andın mətnini imzalayır və bu sənəd Dövlət Miqrasiya Xidmətində saxlanılır. Tədbir Dövlət Himninin ifası ilə yekunlaşıb.

(Azərtaym.az)






Fikirlər