PAMBIQÇILIQ üçün alınan texnika sərgiləndi - FOTOLAR

Mart ayının 30-u Şirvan şəhərində, “Aqrolizinq” ASC-nin Şirvan təchizat bazasında respublikada pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar alınan yeni kənd təsərrüfatı texnikalarının təqdimatı olub.

Tədbirdə pambıq istehsalı ilə məşğul olan müxtəlif şirkət nümayəndələri,

Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri, “Aqrolizinq“ ASC-nin regional nümayəndələri, həmçinin fermerlər, sahibkarlar və mexanizatorlar  iştirak edib.

Tədbirdən öncə nazir Heydər Əsədov və iştirakçılar dünyanın ən inkişaf etmiş ölkələrindən gətirilmiş müasir texnika və texniki avadanlıqlara baxış keçirib.

Tədbirdə çıxış edən nazir Heydər Əsədov aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyindən, pambıqçılığın inkişafı ilə əlaqədar prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Bərdə şəhərində keçirilmiş pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkə rəhbərliyi tərəfindən pambıqçılıq sahəsində mövcud vəziyyət geniş təhlil olunub və bu sahənin inkişafı ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Vurğulayıb ki, pambıqçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr və tapşırıqlar layiqincə  yerinə yetirilir, bu gün kənd təsərrüfatının yeni siması formalaşır, ölkədə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün kifayət qədər maddi texniki baza yaradılıb, qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı bu gün pambıq istehsalçılarına Avropanın və dünyanın ən müasir texnika və texniki avadanlıqları, həmçinin ən yüksək keyfiyyətli lifli və lifsiz pambıq toxumları təqdim olunur. 

Pambıqçılığın inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində görülən işlərdən danışan nazir Heydər Əsədov vurğulayıb ki, 2018-ci ildə pambıqçılıqda  istifadə  olunan 4360 ədəd texnika,  o cümlədən 100 ədəd John Deere 9970 markalı pambıqyığan kombayn, 700 ədəd şum və cərgəarası becərmə traktoru, 700 ədəd traktor qoşqusu və aqrotexniki becərmə işlərini yerinə yetirmək üçün 1960 ədəd müxtəlif  kənd təsərrüfatı texnikası sifariş verilmiş, bir hissəsi artıq respublikaya gətirilmiş və pambıq istehsalçılarına verilib. Ümumilikdə isə 2018-ci ildə pambıqçılığın inkişaf etdirilməsi və texniki təminatını daha da gücləndirmək məqsədi ilə kənd təsərrüfatı texnikalarının alınması üçün ölkə başçısının sərəncamı ilə dövlət büdcəsindən ayrılmış vəsaitin 117-118 milyon manatı pambıqçılıqda istifadə olunan texnikaların alınmasına sərf olunacaqdır.

Qeyd edilib ki, ümumiyyətlə son dövrlərdə əhəmiyyətli dövlət dəstəyi və həyata keçirilən sistemli tədbirlər hesabına kənd təsərrüfatı istehsalçılarının müvafiq texnika və avadanlıqlarla təminatının yaxşılaşdırılması istiqamətində köklü irəliləyişə nail olunub. Pambığın becərılməsi və yığılması ilə əlaqədar “Aqrolizinq” ASC  tərəfindən təkcə 2015-2017-ci illərdə 7811 ədəd kənd təsərrüfatı texnikası, o cümlədədn 303 ədəd pambıqyığan kombayn, 1566 ədəd müxtəlif markalı  şum və becərmə traktorları, 5942 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq  pambıq istehsalçılarına lizinqə verilib.

Bu gün isə pambıqçılıqla bağlı ölkəmizə gətirilmış 619 ədəd texnika, o cümlədən 59 ədəd pambıqyığan kombaynı,  57 ədəd şum traktoru,  218 ədəd becərmə traktoru, 68 ədəd traktor qoşqusu, 52 ədəd ağır diskli mala, 13 ədəd kanal açan, 27 ədəd çiyidsəpən, 39 ədəd cərgəarası becərən kultivator, 5 ədəd çiləyici, 33 ədəd su çəni, 27 ədəd çöpdoğrayan, 21 ədəd rotasion mala pambıq istehsalçılarının istifadəsinə verilir.

Nazir sifariş edilmiş pambıqçılıqda istifadə olunan müxtəlif çeşiddə  bütün texniki avadanlıqların qısa müddətdə ölkəmizə gətirilərək pambıq istehsalçılarının istifadəsinə veriləcəyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində nazir lizinq yolu ilə verilən texnikaların sənədlərini fermerlərə və torpaq istifadəçilərinə təqdim edib. Həmçinin pambığın müxtəlif sortları üzrə 230 ton lifsiz və 110 ton lifli pambıq toxumları istehsalçılara verilib.

Sonda nazir ən müasir standartlara cavab verən bu texnikalardan təyinatı üzrə səmərəli və düzgün istifadə olunması, pambıqçılıqda məhsuldarlığın elmi əsaslarla artırılması, pambıq səpininin vaxtında və mütəşəkkil keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib. AzerTaym.az

 

 






Fikirlər