Rektor Əfqan Abdullayev “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmudla GÖRÜŞÜB
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmudla görüşüb. AzerTaym.az xəbər verir ki, professor Əfqan Abdullayev qonağa universitetin fəaliyyəti, təhsil sistemi haqqında ətraflı məlumat verib. Rüfət Mahmud təmsil etdiyi fondun missiyası, fəaliyyət istiqamətləri, idarəetmə sistemi, dəyər və prinsipləri haqqında danışıb. Fondun beynəlxalq təcrübəyə əsaslanaraq fəaliyyət gostərdiyini qeyd edən Rüfət Mahmud ADU tələbələrinin də qurumun təklif etdiyi imkanlardan yararlandığını bilirib. O, tələbələrin seçilməsi, qiymətləndirilməsi və qəbulu prosesində onların ailə gəlirlərinin və akademik göstəricilərinin nəzərə alındığını söyləyib. Görüşdə, həmçinin cari ildə fonda ADU-dan tələbələrin cəlb edilməsi, fondun nəzarət orqanı olan Himayəçilik Şurasına universitet üzrə üzv seçilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, “Maarifçi” Tələbə Kredit Fondu Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilib. Tələbələr üçün yaradılmış fondun əsas missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.