TƏLƏBƏ krediti ala bilməyən aztəminatlı ailə nə etməlidir?
Bu dərs ili ödənişli əsaslarla təhsil alan tələbələr üçün o qədər də asan olmayacaq. Xüsusən də, bu il tələbə adını qazanıb dövlət sifarişi olmayan yerlərə qəbul olunanlar üçün. Belə ki, əvvəllər aztəminatlı ailələr övladlarının təhsilini davam etdirməsi üçün banklardakı istehlak və ya tələbə kreditlərindən istifadə edə bilirdilərsə, artıq bəzi banklar, məsələn, “Bank of Baku”, “AGBank”, “Turanbank”da tələbə kreditlərinin verilməsi dayandırılıb. Vəziyyət o həddə çatıb ki, ödənişli fakültəyə qəbul olan gənc tələbə olması ilə sevinə də bilmir. Yenə də yük valideynlərin üzərində qalır – nə olur-olsun, o pulu tapmalı! Ekspertlər hesab edirlər ki, Təhsil Nazirliyinin tələbələrə güzəştli kreditlərlə bağlı banklara təsir etmək gücü yoxdur. Ali məktəblər isə bu işdə o qədər də maraqlı deyillər. Təhsil üzrə ekspert Etibar Qasımoğlu hesab edir ki, aztəminatlı ailələlərə təhsil ödənişlərini etmək üçün ali məkəblər özləri banklarla razılığa gəlməli, ali məktəb rəhbərləri bu proseslərdə iştirak eləməlidirlər: “Banklar çox yüksək faizli kreditlər verirlər. Heç bir valideyn övladı üçün yüksək faizli kreditləri almağa can atmaz, əksinə bu, onların maliyyə durumunu ümumiyyətlə, pisləşdirər. Burada məsuliyyət birmənalı şəkildə ali məktəblərlə bankların üzərinə düşür. Cari təhsil ili onu göstərdi ki, özəl ali məktəblər böhran dövrünü yaşadılar. Çünki bu məktəblərdə ən yaxşı halda yerlərin 50%-i tutuldu. Onlar isə tədris ilinin əvvəlində müəyyən proqnozlaşdırma aparmalı idilər. Təhsil haqlarında müəyyən korrektələr olmalı idi. Bu yerlərin boş qalması ali məktəbin reytinqinə daha pis təsir edir, nəinki təhsil haqlarının yüksək olması. Bu mənada inandırıcı görünmür ki, gələcəkdə hansısa bank irəli çıxaraq tələbələrə 5-10 %-lə kreditlər versin. Təhsil Nazirliyinin banklara təsir etmək imkanı yoxdur. Ali məktəblərlə banklar razılığa gəlib tələbələrə güzəştlər edə bilərlər”. Ekspert hesab edir ki, hadisələr bu məsələnin ali məktəblər üçün o qədər də əhəmiyyət kəsb eləmədiyini göstərir. E. Qasımoğlunun sözlərinə görə, 2005-ci ildən Azərbaycan ali təhsil sistemi Boloniya bəyannaməsinə qoşulub. Razılaşmaya daxil olan ölkələrdə təhsil haqları ilə bağlı xeyli rasional addımlar atılıb. Bu bəyyanmaəyə daxil olan ölkələrdə tələbələrə 1-3-5 faizlə 15 il müddətinə kreditlər verilir. Tələbələr həmin kreditləri işlədikləri müddətdə mərhələ-mərhələ qaytarırlar. Amma bizdə hələ də bu baxımdan heç bir addım atılmayıb. Ali məktəblərin banklarla əməkdaşlığı və ya aztəminatlı tələbələrin xeyrinə belə bir razılaşmanın nəzərdə tutulub-tutulmadığını öyrənmək üçün bir neçə ali məktəblə əlaqə saxladıq. Bakı Ali Neft Məktəbinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanın virtualaz.org-a bildirdiyinə görə, BANM-da təhsil ödənişsizdir. Əgər tələbə ödənişli əsaslarla qəbul olubsa, o zaman onun təhsil haqqı SOCAR tərəfindən ödənilir. Hətta həmin tələbəyə təqaüd də verilir. Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətindən isə bildirdilər ki, bu məqsədlə “Maarifçi” Tələbə Krediti Fondu yaradılıb və çox münasib güzəştlər edilir. Məlumat üçün bildirək ki, “Maarifçi" Tələbə Kredit Fondu Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilib. Fondun missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanlar yaratmaqdır. Fond aztəminatlı tələbələrə onların təhsil məsrəflərinin maliyyələşdirilməsinə dəstək olmaq üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən müvəkkil kredit təşkilatları tərəfindən güzəştli təhsil kreditlərinin verilməsini və müxtəlif qurumlar və fiziki şəxslər tərəfindən qrantların verilməsini təşkil edir. Lakin burada da müəyyən tələblər var. Məsələn, valideynlərinin illik gəliri: 10,000 AZN və ya daha az, tələbənin yaşı 25 və daha az, təhsil dərəcəsi yalnız bakalavr olan və əyani təhsil alan 2, 3 və 4-cü kurs tələbələrinə verilir. Həmçinin həmin tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi 71-dən daha yuxarı olmalı, akademik borcu olmamalıdır.