24.02.2014. - Şəmsəddin Hacıyev: "İqtisad Universitetində akademik borclara görə ödənişlərin ləğv edilməsi barədə xəbərlər yanlışdır"
AzerTaym.az-ın APA-ya istinadən verdiyi məlumata görə Ş.Hacıyev bildirib ki, bu qaydaların tənzimləyici sənəd kimi təsdiq olunması Azərbaycan ali təhsilinin Avropa Ali Təhsil məkanına inteqrasiya olunması yolunda keyfiyyətcə yeni mərhələdir.
Onun sözlərinə görə, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil edilir.
Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətlərinin Boloniya prinsiplərinə uyğun olaraq müəyyən edildiyini deyən rektor vurğulayıb ki, bu qayda həm də hər bir təhsil alanın fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi, ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsil verənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyinin təmin edilməsi və tələbəyə sərbəst iş üçün şəraitin yaradılmasını özündə əks etdirir: “Göründüyü kimi, burada tələbənin daha çox akademik uğurlarına yaradılan imkandan söhbət gedir. Kəsiri olan tələbənin bu kəsirə görə ödəniş etməsi əslində çox nadir hallarda baş verən bir hal olacaq. Əslində bizim ali təhsil müəssisələrində krediti ödəyə bilməyən tələbələr üçün yay semestrlərinin təşkili təcrübəsi xeyli müddətdir ki, var.
Boloniya prinsiplərinə uyğun olaraq tələbə Avropa ali təhsil məkanında olduğu kimi, toplaya bilmədiyi kreditləri yay semestri ərzində yenidən öyrənərək toplayır və burada heç bir qanunsuz fəaliyyət yoxdur. Bu zaman tələbənin ödədiyi vəsait ancaq onun öyrənməsi üçün yaradılan şəraitə görə hesablanır. Bu da Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalarda daha sistemli qoyulub. Həmin qaydalar bizə imkan verəcək ki, bütün ali təhsil müəssisələri vahid qaydada bu işi tənzimləsin. Əvvəllər isə hər universitetin özünəməxsus qaydası mövcud idi”.
Son günlər yayılan informasiyaya görə ADİU-da həmin qaydaların tətbiqi ilə bağlı akademik borclara görə ödənişlərin ləğv edilməsinə gəlincə, Ş.Hacıyev qeyd edib ki, bu, tamamilə yanlışdır. Onun sözlərinə görə, yüksək instansiya tərəfindən verilən qərar təftiş olunmur, icra edilir: “Bir daha qeyd edim ki, ali təhsil müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və təhsil müddətində tələbəyə tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaratmalıdır”.