Qarabağ qaziləri MƏMURLARDAN narazıdır...
Bu gün “Beynəlxalq Mətbuat Mərkəzi”ndə “Qarabağ qaziləri” ictimai birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində II konfransını keçirib. Modern.az xəbər verir ki, bu barədə “Qarabağ qaziləri” ictimai birliyinin mətbuat xidməti məlumat verib. “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov konfransı açaraq Azərbaycanda Qarabağ qazilərinin vəziyyətindən danışıb. O bildirib ki, keçmiş döyüşçülərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən müəyyən addımlar atılsa da, həlli vacib xeyli problemlər var və onlar qalmaqda davam edir: “Dəfələrlə demişik, bir daha deyirik: Bütün problemlərin əsas səbəbkarları məsuliyyətsiz məmurlardır, müharibə insanları ilə işləyən dövlət idarələrindəki şəxslərdir, onların süründürməçilikləri, rüşvət tələb etmələridir!” “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri, layihənin rəhbəri Firudin Məmmədov əsas hədəflərinin Qarabağ əlillərinin, şəhid ailələrinin maarifləndirilmə yolu ilə problemlərinin həllinə yardım etmək olduğunu bildirib. O, Azərbaycan Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının müharibə insanlarına yönəlik layihələrə daima dəstək verdiyini qeyd edib. Konfransda “Şəhid ailələri, Əlillər və Müharibə Veteranlarının Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri, hüquqşünas Tahir Məmmədov keçmiş döyüşçülərinin qarşılaşdığı hüquqpozma halları üzrə məruzə ilə çıxış edib. Tədbirdə “Fred Asif (Asif Məhərrəmov) adına Milli Qəhrəmanlar” fondunun rəhbəri Ədalət Məhərrəmov, qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu, ehtiyatda olan zabit Vəkil Qurbanov mövzu ilə bağlı çıxış ediblər. Bütün çıxışçılar dövlətin Qarabağ qazilərinə, Şəhid ailələrinə böyük dəstək verdiyini, amma məmur özbaşınalıqları və məsuliyyətsizliyi səbəbindən bir çox problemlərin hələ də həll edilmədiyi dönə-dönə vurğulayıblar. Tədbirdə iştirakçılara layihə çərçivəsində hazırlanmış buklet paylanıb. Qeyd edək ki, layihə çərçivəsində daha iki konfrans keçiriləcək.