BDU-da Bilik Günü QEYD EDİLİB
Bu gün Bakı Dövlət Universitetində 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirilib. Publika.az xəbər verir ki, tədbirdə çıxış edən rektor Abel Məhərrəmov birinci kurs tələbələrini Bakı Dövlət Universitetinə daxil olmaları münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin «Azərbaycan xalqının milli sərvəti» adlandırdığı və mövcud olduğu 100 ilə yaxın dövr ərzində xalqımızın maariflənməsində, milli təfəkkürünün, milli özünüdərkinin formalaşmasında müstəsna rol oynayan BDU-nun bu gün də flaqman rolunu uğurla davam etdirdiyini, ölkəmizin milli universiteti statusunu qoruduğunu qeyd edib. Universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri barədə məlumat verən akademik Abel Məhərrəmov bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü bildirib. Rektor qeyd edib ki, BDU-nun bakalavriat səviyyəsinə universitetin Qazax filialı da daxil olmaqla 5100, magistratura səviyyəsinə 700 nəfər qəbul edilib. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 390, 500-700 arası bal toplayan 1500 nəfər Bakı Dövlət Universitetini seçib ki, bu da respublikada 500-700 bal toplayan abituriyentlərin 21%-ni təşkil edir. Bu göstəricinin ötən tədris ili ilə müqayisədə 204 nəfər çox olmasına diqqət çəkən rektor 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 2 nəfərin seçiminin də BDU olduğunu bildirib. Onu da qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Prezident təqaüdünə layiq görülənlərdən 16 nəfər Bakı Dövlət Universitetinin tələbələridir bu da ötən tədris ilində BDU-dan təqaüdə layiq görülən tələbələrin sayından 60 faiz çoxdur. Rektor Abel Məhərrəmov yüksək balla daxil olan gənclərə tələbə vəsiqələri, universitetin tarixini əks etdirən bukletlər təqdim edib, onlarla xatirə şəkli çəkdirib.