YUNUSLARIN ölkədən çıxmasına MEHRİBAN Əliyevanın şərait yaratmasının səbəbləri

Yunusların ölkədən çıxmasına Mehriban Əliyevanın şərait yaratmasının səbəbləri

Tanınmış hüquq müdafiəçisi olan ər-arvadın xaricə getmələrinin detalları məlum olub; İntiqam Əliyev və Rauf Mirqədirov barədə də belə qərar verilə bilər...; Səidə Qocamanlı: “Bəziləri Avropada məskunlaşan kimi ölkəmiz əleyhinə iş aparmağa başlayırlar”

 

Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun ölkədən çıxmalarına necə icazə verildiyi, nəhayət, məlum olub. “Turan” informasiya agentliyinin yaydığı məlumata görə, Yunusların müalicə üçün ölkədən çıxışı birinci ledi Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilmiş dialoqdan sonra baş verib. 
M.Əliyevanın nümayəndələri onun Yunusların müalicə üçün xaricə getməsinə, habelə digər məsələlərin həllinə yardım etməyə hazır olduğunu onların diqqətinə çatdırıb. Yunuslara onların müalicədən sonra vətənə qayıtması və gələcəkdə ictimai və elmi fəaliyyətləri üçün şərait yaradılması istəyi çatdırılıb.
 
Leyla və Arif Yunus onları müalicə edən həkim Kristian Vittin müşayiəti ilə aprelin 18-də gecə saat 2-də Bakını tərk ediblər. Onlar İstanbula, oradan da Hollandiyanın paytaxtı Amsterdam şəhərinə gediblər. Orada qızları Dinara ilə iki gün keçiriblər, daha sonra isə Berlin klinikasına aparılıblar, orada müalicə alırlar. Hollandiyada Yunusları müşayiət edən şəxs bildirib ki, Arifin vəziyyəti qeyri-stabil idi və o, hipertoniya krizisi ilə əlaqədar dəfələrlə huşunu itirib. 
Almaniya klinikasında birinci növbədə Bakıda həbsdə olduğu müddətdə onun boynunun arxasında əmələ gəlmiş şişin təcrid edilməsi üzrə tədbirlər görülüb. Fevralın 11-də Yunusların müalicə üçün ölkədən çıxmasına icazə verməyən Yasamal Rayon Məhkəməsi bu icazəni aprelin 18-də verib. Arif Yunus hipertoniyadan əziyyət çəkir, Leyla Yunus isə hepatit, diabet, pankreatit və öd kisəsində daşdan əziyyət çəkir. Həbsdən sonra bu xəstəliklər kəskinləşib. Hər ikisinin təcili cərrahiyyə və müalicəyə ehtiyacı var.
 
“Leyla və Arif demokratiya və insan hüquqları uğrunda mübarizə naminə öz rifahlarını və təhlükəsizliklərini ortaya qoyublar. Onlar Azərbaycanda vəziyyəti düzəltmək üçün mübarizə aparıblar. Yaxşı ki, indi onlar Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti yaxşılaşdırmaq uğrunda uzunmüddətli mübarizədən sonra istirahət edə biləcəklər”, deyə Niderland XİN rəhbəri Bert Kunders bildirib.
Əslində qalsa, Yunuslar barədə belə bir qərarın veriləcəyi gözlənilən idi. Xatırladaq ki, Yunuslar türmədən çıxdıqdan sonra hakimiyyətin ünvanına heç bir tənqid söyləməyiblər, hətta susublar. Həbsdən öncə L.Yunusun iqtidara qarşı necə sərt mövqeyi yəqin çoxlarının yadındadır. Onun həbsdən sonra da eyni cür davranacağı güman edilsə də, tam əksi baş verdi. Hətta Leyla Yunus ötən ay ölkə başçısına azadlığa çıxdığı üçün təşəkkür də etmişdi. Məhz bu təşəkküründən sonra L.Yunus sosial şəbəkələrdə əsasən AXCP üzvləri olan şəxslər tərəfindən mənəvi terrora məruz qalmışdı.
Qeyd edək ki, hakimiyyət tərəfindən rəqib düşərgəyə qarşı belə diqqətəlayiq təşəbbüs ilk dəfədir göstərilmir. Xatırlayırsınızsa, ötən ay rəhmətə gedən xalq yazıçısı Maqsud İbrahimbəyovun yas mərasimində üzərində cinayət işi olmasına baxmayaraq, onun qardaşı, mühacirətdə yaşayan Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov da iştirak etmişdi. R.İbrahimbəyovla bağlı da bu xeyirxah addımın ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən atıldığı deyilir. 
Azərbaycanın birinci xanımının Yunuslarla bağlı təşəbbüsü ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.Hüquq müdafiəçisi Səidə Qocamanlı “Yeni Müsavat”a açıqlamasında həmkarları barədə verilən qərarı alqışladıqlarını bildirib: “Təcrübədə bir neçə dəfə olub ki, Mehriban xanım və ölkə başçısının təşəbbüsü ilə neçə-neçə şəxsə humanizm göstərilib. Bu, təkcə ölkədən çıxmaqla bağlı deyil. Yunuslarla bağlı təşəbbüsü yalnız alqışlamaq lazımdır. Bildiyiniz kimi, Leyla Yunusun işi mürəkkəb idi. Elə-belə məsələ deyildi. Onların xəstəliyini nəzərə alaraq, ölkədən çıxışlarına icazə vermək sırf insanlıqdan, humanizmdən, digər insanın dərdinə şərik olmaqdan irəli gəlir. Hüquq müdafiəçisi kimi bunu yüksək dəyərləndirirəm. Sadəcə, istəməzdim ki, bundan istifadə edərək, xaricdən ölkəmiz əleyhinə müxtəlif fikirlər səslənsin, addımlar atılsın. Çünki olubdur ki, Azərbaycandan çıxıblar, Avropada məskunlaşandan sonra ölkəmiz əleyhinə iş aparmağa başlayıblar. Bu hal ilk dəfə deyil. Bu həyatı yaşadıqca, belə məqamları görürük. Düşünürəm ki, Leyla və Arif Yunusların səhhətləri çox ağır idi və müalicəyə ehtiyacları var. Ən əsası odur ki, onlar yeganə övladlarına qovuşublar. Valideyn üçün bundan böyük xoşbəxtlik ola bilməz. Övladına qovuşma xəstəlikləri geridə qoyur. Çox arzulayardım ki, İntiqam Əliyevlə bağlı da belə bir yol açılsın. Onun da xəstəlikləri ciddidir. Bu yol Rauf Mirqədirova da açılmalıdır. O da öz övladlarını, ailəsini görməlidir. Rauf heç bir suçun sahibi olmayıb. Sadəcə, Yunusların işi üzrə həbs olunmuşdu. Həbsdə olduğu 23 ay ömründən getdi. Onun da ciddi xəstəliyi var. Həbsdə olarkən Raufun səhhəti ilə bağlı çox narahat idik. Siyahımızda qalan bir neçə məhbusun da azad edilməsini arzulayıram. Siyahı yazmaqdan qurtulaq və daha önəmli işlərlə məşğul olaq”.
Sonda xatırladaq ki, Yunuslar kimi məhkəmə qərarı ilə azad edilən, cəzaları 5 il şərti cəza ilə əvəzlənən “Ayna-Zerkalo” qəzetlərinin əməkdaşı Rauf Mirqədirov və hüquq müdafiəçisi İntiqam Əliyevin də yaxın gələcəkdə ölkədən çıxışlarına icazə verilə biləcəyi barədə xəbərlər yayılıb.

 






Fikirlər