90 SAYLI dairədə son vəziyyət – 9 NƏFƏR deputat olmaq istəyir
90 saylı Ağdaş dairəsi üzrə Milli Məclisə təkrar seçkiyə 9 nəfər qatılıb. Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli mayın 10-da Transparency.az-a bildirib ki, təkrar seçkidə iştirak üçün dairə seçki komissiyasına 9 nəfər müraciət edib: “Onların namizədliyi təsdiq olunub və iddiaçılar imza vərəqələri alıblar. 9 nəfərdən bu günə qədər yalnız 1-i imza vərəqələrini geri qaytarıb. Hazırda imzalar yoxlanır”. Azərbaycanda sonuncu parlament seçkisi 2015-ci ilin noyabrında olub. Seçki 125 dairə üzrə keçirilib. Rəsmi nəticələrə görə, Milli Məclisə 124 nəfər seçilib. 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkinin nəticəsi ləğv olunub. Mərkəzi Seçki Komissiyası dairə üzrə şikayətlərə baxarkən belə qərar verib. O vaxt həmin dairədə lider namizəd bitərəf deputat Çingiz Əsədullayev olub. Aprelin 12-də prezident İlham Əliyev 90 saylı dairə üzrə Milli Məclisə təkrar seçkinin keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncamla təkrar seçki bu il iyunun 18-nə təyin edilib. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Təqvim planına görə, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi aprelin 29-dan başlayıb və mayın 19-u saat 18-də bitəcək.