11.03.2014. - Metropoliten rəhbəri: “Köşklərlə bağlı qəti qərar qəbul edilib” (Yenilənib 4, Fotolar, Video)
Zaur Hüseynov deyib ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti keçidlərdəki ticarət köşkləri haqda qəti qərar qəbul edib və həmin qərar bir qədər sonra açıqlanacaq.
Zaur Hüseynov “Köşklər yığışdırılacaqmı” sualına belə cavab verib: “Qərarımızı vermişik. Onun açıqlanmasını gözləyin”.
* * * 12:58
Əməkdaşımız bildirir ki, "Elmlər Akademiyası" stansiyasındakı mağazalar hələ bağlanmayıb.
Onlara bir həftə vaxt verilib. Amma "28 may" və "Nizami" stansiyalarındakı mağazalar bağlanıb.
Metro keçidlərində yerləşən ticarət mərkəzlərinin bağlanmasına görə yaranan narazılığı aradan qaldırmaq üçün Bakı Metropoliteninin yeni rəisi Zaur Hüseynov təcili toplantı çağırıb.
Virtualaz.org bildirir ki, bu barədə azvision.az-a Metropolitendən məlumat verilib. Qeyd edilib ki, hazırda rəis və müavinlərinin iştirakı ilə iclas keçirilir. İclasın təfərrüatları haqda məlumat verilməsə də, ticarət obyektlərinin sökülməsi məsələsinin müzakirə olunduğu bildirilir.
* * * 12:33
Virtualaz.org saytının hazırda aksiya məkanında olan müxbiri bildirir ki, polis artıq həbslərə başlayıb. Bir neçə satıcı polis maşınına mindirilərək aparılıb. Əlavə məlumatlar veriləcək.
Bakı Metropoliteninin bazasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılmasından, Zaur Hüseynovun metroya rəis təyin edilməsindən 10 gündən çox vaxt keçib.
Yeni rəis ilk işini metrodakı obyektlərin sökülməsi ilə başladı. Martın 11-də satıcılara köşklərin sökülməsi ilə bağlı günün sonunadək vaxt verildi. Bu isə narazı satıcılarla metro polisləri arasında qarşıdurmaya səbəb olub. Artıq saxlanılanlar var.
Virtualaz.org saytının əməkdaşları metroda baş verənləri araşdırıblar.
Qeyd edək ki, ilk dəyişiklik ticarət obyeklərinin sökülməsi ilə başlayıb. Yeni rəhbərlik keçidlərdəki ticarət obyektlərinini sökülməsi əmrini verib.
Metronun “Nizami” stansiyasında ticarətlə məşğul olan Amil Məmmədov deyir ki, onlara günün sonunadək vaxt verilib: “Ötən dəfə də belə olmuşdu. Köşkümüz söküldü, təzədən təmir edib yerinə qoyduq. İndi yenə söküləcək deyirlər, bəs biz ailəmizi necə dolandıraq”.
Digər satıcı Mehparə Həsənova isə yerlərin yenidən satılması üçün bu addımın atıldığına inanır: “Belə hadisələri çox görmüşük. Yerlərimizi satacaqlar, ya bizə, ya da bizdən çox pul verənlərə. Biz bu köşkləri öz maliyəmiz hesabına düzəltmişik. Bu yerdən atasız uşaqlarıma çörək aparıram”.
“Elmlər Akademiyası” stansiyasında isə ciddi narazılıqlar baş verib. Satıcılar obyektlərinin sökülməsinə qarşı çaxacaqlarını bildiriblər. Hazırda orada metro polisləri ilə satıcılar arasında qalmaqal yaşanıb.
Metronun “Nərimanov”, “Gənclik” stansiyalarının keçidlərində də satıcılara xəbərdarlıq olunub. Satıcı Pəri Ağayeva isə deyir ki, köşkü söküləcəyi halda özünü elə metroda yandıracaq.
Digər satıcı Aliyə Babayeva da rəhbərliyi özünü yandıracağı, intihar edəcəyi ilə hədələyir.
Bir sözlə, satıcıların reaksiyasını nəzərə alsaq, yaxın günlər ərzində metroda davamlı etiraz aksiyalarının şahidi ola bilərik.
Metrodakı alverdən fərqli olaraq qatarlarda yeni rəisin fəaliyyəti hiss olunmur. Qatarlar əvvəlki qaydada işləyir. Demək olar ki, son on gündə də qatarların yubanması, sərnişin sıxlığı baş verib. Qatarlar stansiyaya vaxtlı-vaxtında gəlmirlər. Bəzən qatarlara minmək müşkülə çevrilir. Xüsusilə metronun “Elmlər Akademiyası”, “28 may”, “Əzizbəyov” stansiyayalarında sərnişin sıxlığı yaşanır. Bir sözlə, qatarlar rəisin yeniləndiyini hiss etdirmir.
Sərnişinləri narahat edən digər məsələ - kartlara gediş haqqlarının yüklənməsi zamanı növbələrin yaranmasıdır. Buna səbəb isə post-terminalların tez-tez xarab olmasıdır. Əməkdaşlarımızın stansiyalarda olduğu müddətdə “Həzi Aslanov”, “Neftçilər”, “Nizami” stansiyalarında post-terminalın nasaz vəziyyətə düşdüyünün şahidi olublar.
Tağı Əhmədovun Zaur Hüseynovla əvəzlənməsi hələlik metronun təhlükəsizlik məsələsinə də təsir etməyib. Əslində biz də bu tezliklə yaxşılığa doğru yeniliklərin olmasının mümkünsüzlüyünü bilirik. Amma sərnişinlərin yoxlanması zəif aparılır, polis əməkdaşları yalnız gözünə şübhəli bilinən sərnişinləri yoxlayırlar. Bundan əlavə, metronun eskalator problemindən də yaxa qurtarmamışıq. Xüsusilə “28 may” stansiyasında eskalatorun yalnız birini işə salırlar. Bu sərnişinlərin narazılığına səbəb olsa da heç nə dəyişmir.
* * * 12:!2
Bu gün səhər saatlarından başlayaraq Bakı Metropoliteninin “Gənclik”, “Qara Qarayev”, “20 Yanvar”, “Neftçilər” və “Nəriman Nərimanov” stansiyalarında dükanların söküntüsunə start verilib.
Bu barədə sahibkarlara xəbərdarlıq edilib. Sahibkarlar martın 31-nə kimi icarə haqqını ödədiklərini desələr də bu heç bir fayda verməyib. Buna görə də onlar “Elmlər Akedemiyası” stansiyasına toplaşaraq etiraz edirlər.
* * * 10:36
Bu gün səhərdən başlayaraq Bakı Metropoliteninin “Gənclik” stansiyasınının keçidlərindəki ticarət köşklərinin fəaliyyəti dayandırılır.
Virtualaz.org modern.az-a istinadən bildirir ki, buradakı dükanların sahiblərinə təcili işi dayandırmaq barədə xəbərdarlıq olunub. Satıcıların verdiyi məlumata görə, onlara malların toplanması üçün 1 saat vaxt verilib. Ticarətçilər baş verənlərin səbəbini bilmədiklərini deyiblər.
Satıcılar deyiblər ki, ötən ilin sonlarında yeni dükanların quraşdırılması üçün onlardan xeyli pul alınıb, indi isə bağlatdırırlar.
Bakı Metripolitenindən məsləyə münasibət öyrənmək mümkün olmayıb.