“Büyükfırat”ın sahibi Azərbaycana buraxılmır - Çavuşoğlu narahatdır
Azərbaycanda çalışan “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfırat Türkiyədən Bakıya gələrkən sərhəddən geri qaytarılıb. “AzerTaym.az” Gununsesi.info-ya istinadən xəbər verir ki, Azərbaycana girişinə qadağa qoyulan tanınmış iş adamı özüylə bağlı bu qərarı FETÖ-nün Azərbaycanda güclü olması ilə əsaslandırıb. Hüseyn Büyükfırat illərdir ki, Fətullah Gülənə qarşı mübarizə apardığını və onun Azərbaycandakı tərəfdarları ilə gərgin münasibətdə olduğunu deyib. O, həmçinin, Azərbaycana buraxılmamasına görə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun narahat olduğunu və bu məsələni rəsmi Bakı ilə müzakirə edəcəklərini bəyan edib. Qeyd edək ki, Hüseyn Böyükfıratın qardaşı Abdulqafur Büyükfırat Türkiyənin Azərbaycandakı səfirliyində təhsil müşaviridir. Abdulqafur Büyükfırat qardaşının səfirliyə və Azərbaycanın müvafiq orqanlarına müraciət etdiyini deyib: “Müraciətləri var. Hələlik, hər hansı bir cavab yoxdur. O, da cavab gözləyir”. Türkiyə səfirliyinin məsələni araşdırıb-araşdırmamasına gəlincə, Büyükfırat bu barədə hər hansı fikir söyləməkdən çəkinib: “Bildiyim yeni bir şey yoxdur”.