FETÖ-yə illər öncədən ilk qarşı çıxan iş adamı Azərbaycana buraxılmadı
Əsl FETÖ-çülər qalıb kənarda, FETÖ-yə qarşı mübarizə adı ilə günahsız insanlar əziyyət çəkir!
Hazırda Türkiyədə yaşayan tanınmış telejurnalist Sevil Nuriyeva Prezident Ərdoğana yaxınlığı ilə seçilən “Star” qəzetində son zamanlar Azərbaycanda aparılan “anti-Gülən” əməliyyatından yazıb.
Müəllif qeyd edir ki, bu tədbirlər əslində mahiyyəti üzrə aparılmır və gözə kül üfürmədkən başqa bir şey deyil. “Türkiyənin yaxın coğrafiyasındakı vəziyyət” başlıqlı yazıda ümumən Qafqaz və Orta Asiyada son yaşananlar nəzərdən keçirilib, Azərbaycana da bu xüsusda yer ayrılıb.
Yazının Azərbaycan hissəsində Sevil xanım FETÖ-nün Azərbaycanda oynadığı oyunlara diqqət çəkib:
“Azərbaycan mühüm əhəmiyyətli bir ölkədir. Qafqazdakı yeganə qaladır və İslam-Türk coğrafiyası üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycana baxış bucağı da yenidən nəzərdən keçirilməlidir. Rusiya, İran, ABŞ, Almaniya müstəvisində rənglər olduqca parlaqdır. Yeri gəlmişkən, FETÖ də olduqca parlaqdır. O dərəcədə parlaqdır ki, FETÖ mənsubu olmayan şəxslər və qurumlar iflic olmuş vəziyyətdədir. Və burada FETÖ ilə əlaqəli olan şəxslər işin içindədir”.
Azərbaycanda Gülənin hələ də çox güclü olduğuna misal olaraq isə, S.Nuriyeva bu şəbəkəyə qarşı illərlə mübarizə aparan insanların son dönəmdə qarşılaşdıqları problemlərə diqqət çəkib: “Azərbaycanda yatırımları olan türkiyəli iş adamı Hüseyin Büyükfırat bir neçə gün əvvəl Azərbaycana gələrkən sərhəddən buraxılmadı. Büyükfıratı tanıyan tanıyır! O, hələ FETÖ hadisəsi baş verməmiş, FETÖ təhlükəsini ilk anlayan və onlara qarşı sərt mövqe nümayiş etdirən tək-tük isimlərdəndir. Təkcə bu insident Azərbaycanda FETÖ-nün gücünün dərinliyinə işarə edir.
Yenicag.az-ın şərhi: Qeyd edək ki, Hüseyin Büyükfırat bir neçə gün öncə Gülənə qarşı məhkəmədə çıxış edərək, bu şəbəkənin ən güclü olduqları ölkələrin başında Azərbaycanın gəldiyini və 2003-cü ildə sırf bunlara xərac vermədiyinə görə, ölkəyə buraxılmadığını qeyd etmişdi. H.Büyükfırat eyni zamanda Aqil Ələsgərin Gülən Terroruna qarşı qələmə aldığı “Terrorun Gülən üzü” və “Səssiz İşgal-Azerbaycan`da FETÖ Örgütlenmesi” kitablarına da maddi-mənəvi yardım edən tək iş adamıdır və bu barədə A.Ələsgər hər iki kitabın Ön Sözündə qeyd edib. Belə bir şəxsi FETÖ məsələsi aktual olduğu dönəmdə 1992-ci ildən bəri fəaliyyət göstərdiyi bir ölkəyə buraxmamağın adı yoxdur. Bu birbaşa FETÖ-nün Türkiyəyə Azərbaycanda meydan oxumasıdır.
Onu da vurğulayaq ki, bir neçə gün öncə Aqil Ələsgər Türkiyənin “Ülke” telekanalında çıxış edərkən, H.Büyükfıratın hələ 2003-cü ildə fətullahçıların iftirası ilə ölkəyə gəlişinə qadağa qoyulmasından danışmışdı. Həmin video aşağıdadır:
“Star” yazarı qeyd edir ki, “FETÖ ilə əlaqəli olmaqda ittiham edilərək, bir neçə müxalifət nümayəndəsi də həbs edilib. Sirr deyil ki, FETÖ qruplaşması bizim coğrafiyada açıq-aşkar müxalifət olan kiməsə salam verməyib. Burada Türkiyədəki kimi davranmayıb. Yalnız iqtidara yaxın olan şəxslərə rəğbətlə yanaşıb, çünki məqsədi dövlətə sızmaq və bəslənərək çoxalmaqdır. İndi bu cür hadisələrlə kimsə Prezident İlham Əliyevi çətin vəziyyətə salmaq istəyir. Pərdəarxasında FETÖ rəhbərinin İlham Əliyevi təhdid etməsi barədə söz-söhbət də gəzir”.
Sevil Nuriyevanın yazının sonunda verdiyi sual da çox aktualdır: “Aldatma nəyə lazımdır? Bax, məsələ də budur. Bu qruplaşma o qədər hiyləgərdir ki, hədəf dəyişdirməkdə mahirdir və bu, vəziyyətin əslində nə qədər dərinləşdiyinin bir sübutudur! Əsl FETÖ-çülər qalıb kənarda, FETÖ-yə qarşı mübarizə adı ilə günahsız insanlar əziyyət çəkir! Türkiyədə vaxtaşırı edilən xətalara indi bu bölgə də səhnə olur. Burada qorxunc olan odur ki, məlumat çirkliliyi təkcə ictimaiyyəti deyil, başdakı liderləri də aldatmağa yönəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “at izi it izinə qarışıb” ifadəsi eynilə Orta Asiyadakı və Qafqazdakı FETÖ tablosu üçün də keçərlidir”.