“Əli İnsanov azadlığa çıxa bilməyəcək”

 “Əli İnsanov azadlığa çıxa bilməyəcək”

11 illik cəzasının bitməsinə 1 həftə qalmış sabiq nazirin barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçildi; İnsanov vəkili vasitəsilə açıqlama yaydı: “Bu, çox uğursuz şərləmədir”

 

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla bağlı günlərdir davam edən müəmma başa çatdı. Bu ilin avqustunda 3 yeni cinayət maddəsi ilə ittiham olunan sabiq nazirin azadlığa çıxmasına 9 gün qalmış barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçildi. 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Ə.İnsanov məhkəmədə iştirak etməkdən imtina edib və məhkəməyə yazılı ərizə göndərib.  
 
11 ildir cəza çəkən 70 yaşlı İnsanova qarşıda olacaq məhkəmədə 3 yeni cinayət maddəsinin toplanması yolu ilə nəzərdə tutulan 10 ildən artıq cəza təyin edilə bilər. 
Sabiq səhiyyə naziri vəkili Toğrul Babayev vasitəsilə barəsində çıxarılan həbs-qətimkan qərarına münasibət bildirib. O, bunları deyib: “Mənə qarşı irəli sürülmüş ittiham yalandır. Bu, çox uğursuz şərləmədir. Mənim 11 illik həbs müddətimin qurtarmasına 9 gün qalmış azadlığa çıxmağımın qarşısını almaq üçün atılmış addımdır”.
Vəkil deyib ki, Ə.İnsanovla bağlı qərardan bugünlərdə apelyasiya şikayəti veriləcək.
 
Sabiq nazirlə bağlı verilən sərt qərarların səbəbləri ilə bağlı müxtəlif mövqelər var. 2005-ci ilin məlum proseslərində həbs edilən əsas fiqurların hamısı azadlıqdadır, yalnız sabiq səhiyyə nazirindən başqa. Fərhad Əliyev 2013-cü ildə əfv yazdı və dərhal azadlığa buraxıldı. İnsanovun isə əfv ərizəsi yazmadığına görə həbsdə qaldığını deyənlər çoxluq təşkil edir...
Image result for Mirvari Qəhrəmanlı
 
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, sabiq nazirin azadlığa çıxması asan olmayacaq:“İnsanovla bağlı çıxarılan qərar gözlənilən idi. Düşünürəm ki, vaxtilə iqtidarın etibarlı adamı sayılan və sonradan ona bir növ ”dönük" çıxan keçmiş nazir asanlıqla həbsdən azad olunmayacaq. Qarşıdakı üç ayın sonunda keçmiş nazir əvvəlki sayda olmasa da, yenidən uzunmüddətli həbsdə qala bilər. Və proseslər göstərir ki, o hələ uzun müddət bağışlanmayacaq. Əli İnsanovun öz keçmiş silahdaşlarından əfv diləməməsi də onun işinin qəlizləşməsi səbəblərindən biridir. Proses hüquq müdafiəçiləri tərəfindən izlənilir. Yəqin ki, bütün bu proseslər Əli İnsanovun həqiqətən də siyasi məhbus olması qənaətini gücləndirir".
 
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, Azərbaycandakı ənənəyə uyğun olaraq, azadlığa çıxmaq üçün əfv yazmalısan: “Əli İnsanov bu ənənədən imtina edir və əfv yazmır. Ona görə də bu formada cəzalandırılır. Onun işi hazırda diqqət mərkəzindədir. Açıq şəkildə görünür ki, onun  barəsində atılan addımlar siyasi xarakter daşıyır. Ona görə də düşünürəm ki, bu hal çox davam etməyəcək. O, sadəcə, müraciət etmək istəmir. Mövqeyindən geri çəkilmək fikrində deyil. Onun azadlığa çıxması üçün başqa yol yoxdur. Hakimiyyət mövqeyindən geri çəkilməlidir. O, bundan sonrakı uzunmüddətli həbsə də hazırdır. Bundan əvvəl prokurorluğun əməkdaşları onunla danışıqlar aparmışdılar. Xatırlayırsınızsa, vəkilləri içəri buraxılmamışdı. Prokurorluq əməkdaşlarının kimin adından danışdığını demək çətindir. Amma onu demək mümkündür ki, tərəflər razılığa gələ bilməyiblər. İnsanov geri çəkilmək fikrində deyil, olsaydı, indiyə qədər edərdi. Onu necə həbsxanada hədələdikləri məlumdur. Hətta ona həbsxanada öləcəyini belə deyiblər. Amma o, özünü hər şeyə hazır hiss edir”.
Qeyd edək ki, sabiq nazir barədə son iki ayda verilən qərarlardan sonra diqqətçəkən bir məqam var. Ə.İnsanovun doğulduğu Qərbi Azərbaycan kökənli şəxslər onun barəsində danışmaqdan ya qorxurlar, ya da qaçırlar. Bir növ sabiq nazir öz yerliləri tərəfindən müdafiəsiz qalıb. 
Qərbi Azərbaycandan olan bəzi tanınmış şəxslərə müraciət edəndə bunun şahidi olduq. Amma bununla belə, onlar arasında danışanlar da tapıldı. 
 
Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin sədri, Ə.İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sabiq rəhbəri bunları dedi: “2005-2010-cu ilərdə İnsanovun hüquqlarını qoruyan təşkilatın sədri olmuşam. 2007-ci ildə bu işə görə həbs olunmuşam. 4 il siyasi məhbus olaraq həbs yatmışam. Həbsimə qədər geniş şəkildə onun  həbsi ilə bağlı mövqeyimi bildirmişəm. ”Yeni Müsavat"da gedən müsahibələrimin birində bildirmişdim ki, insanı həbs etmək asandır, lakin onu azadlığa buraxmaq çətindir. Söhbət Əli İnsanov kimi insan barədə gedirdi. Bu gün də hakimiyyət həmin çətinliyi yaşayır. Təkrar olunan məsələlər də bununla bağlıdır. Başqa bir səbəb görmürəm. Sadəcə, ortada onu azadlığa buraxmaq çətinliyi var. O, azadlığa çıxmaq istəsəydi, indiyə qədər addımlar atardı. O da əfvdən keçir. Amma hər halda, azadlığa çıxmaq alnına yazılıbsa, çıxacaq, əks halda, Allahın işinə biz qarışa bilmərik. Bəzi dairələr İnsanovun buraxılmamasını hakimiyyətin ondan qorxması ilə izah edirlər. Bu fikirləri tamamilə absurd hesab edirəm. Çünki İnsanov ən nüfuzlu olan vaxtlarında həbs olunub. 11 ildir həbsdə saxlanılır. İndi də əlavə maddələr irəli sürülüb. Bəzi dairələr İnsanovdan hakimiyyət üçün “xoxan” düzəldirlər. Burada başqa bir şey yoxdur".
Image result for Əvəz Zeynallı
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı sabiq nazirə qarşı haqsızlıq dramının yaşandığını bildirdi:“Mən qərbi azərbaycanlı kimi İnsanov barədə danışmıram. Hüquqları pozulmuş, haqsızlığa məruz qalmış bir yaşlı şəxs barədə danışıram. Təəssüf edirəm ki, Azərbaycan xalqı bu haqsızlığı sakitliklə seyr edir. Ona qarşı baş verənlər böyük şərdir. İnsanovu bir daha cəzalandırmaq onu ölümə məhkum etməkdir. Onunla bağlı istənilən əlavə qərar ölümə bərabərdir. Hakimiyyətin onu azad etmək fikri yoxdur. Beynəlxalq təşkilatlarla görüşdə bu məsələni daim qabardıram. Amma bir şeyi başa düşmürəm ki, İnsanov cəmiyyətlə işləmir, cəmiyyətə xitab eləmir. O, kifayət qədər təcrübəli adamdır. Onun mübarizəsini başa düşürəm, amma ictimaiyyət tərəfindən bunun niyə dəstəklənməsini istəməməsini başa düşmürəm. Bilməlidir ki, onun həbsxanadan çıxmasına icazə verilməyəcək”.
 
Ə.Zeynallı onunla bağlı danışmağa cəsarət etməyənlərə də səsləndi: “Onun  barədə danışmayanlar vaxtilə qabından qırıntılar yeyən şəxslərdir. Vaxtilə  həmin şəxslər başımızı yarırdılar ki, elin ağsaqqalından nə istəyirsiniz. İndi elin ağsaqqalı dardadır. Onun boşqabının dibini yalayanlar, hardasız? Gedin ağsaqqalınızı müdafiə edin!”

 






Fikirlər