Qəbələdə bu il 837 nəfər işlə təmin edilib

Qəbələdə bu il 837 nəfər işlə təmin edilib

Qəbələ rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Rayon məşğulluq mərkəzi idarə və təşkilatlarla, istehsal müəssisələri və turizm obyektləri ilə sıx əməkdaşlıq edərək boş iş yerləri barədə daim məlumatlar toplayır və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunmasına kömək edir.

AZƏRTAC xəbər verir ki, rayon məşğulluq mərkəzi cari ilin əvvəlindən indiyədək 3182 nəfəri işaxtaran kimi qeydiyyatdan keçirib. Onlardan 837 nəfəri ixtisasına və istəyinə uyğun münasib işlə təmin edilib. Vətəndaşlar əsasən sənaye, təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında, tikinti sahələrində, turizm obyektlərində işlə təmin olunublar. Həmçinin ötən müddətdə 27 nəfərə işsizlik statusu verilib, 32 işsiz vətəndaşa müavinət təyin edilib. İşaxtaran vətəndaşlardan 17-si isə sahibkarlıqla bağlı peşə kursuna cəlb edilib.

Qeyd edək ki, 2003-cü ilin oktyabr ayından indiyə qədər Qəbələ rayonunda 14493 yeni iş yeri açılıb ki, bunun da 12445-i daimi iş yeridir. Cari ilin 10 ayı ərzində isə rayonda açılan yeni iş yerlərinin sayı 821 olub. Həmin iş yerlərinin hamısı daimi iş yeridir.






Fikirlər