Yeni İŞ yerləri yaradılır

Yaxın 1-2 ildə ölkədə yeni iş yerləri açılacaq. İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında ölkədə yeni yaradılan müəssisələrlə bağlı hesabat verilib.

 

Nazilikdən verilən məlumatda deyilir ki, iclasda sənaye parkları və məhəllələrinin yaradılmasından da danışılıb. “Sumqayıt Kimya Sənaye Parkının 167 hektar ərazisində yeraltı infrastruktur şəbəkəsinin tikintisi, o cümlədən kimyəvi tullantı suyu xətlərinin, tikinti-quraşdırma işləri tamamlanıb. “Azertexnolayn” MMC artıq istehsal prosesinə başlayıb. Hazırda parkın ərazisində “Azertexnolayn” MMC-yə məxsus 3 müəssisə - Türkiyə, Yaponiya və Cənubi Koreya texnologiyaları əsasında ildə 200 min ton müxtəlif diametrli polad borular, 5 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, 3 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edən Polad Boru, Polietilen Məmulatları və Hidrotexniki Avadanlıqlar zavodları fəaliyyət göstərir. Həmin zavodlarda 675 nəfər işlə təmin olunub”, - deyə hesabatda göstərilir.

 

Parkın digər rezidenti “SOCAR Polymer” MMC tərəfindən sənaye parkında Avstriya və Kanada texnologiyası əsasında illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan zavodların inşası həyata keçirilir. Hazırda polimerlərin istehsalı üzrə iştisaslaşmış ölkələrin istehsal etdiyi avadanlıqlar parkın ərazisinə gətirilməkdədir. “SOCAR Polymer” MMC istehsal prosesində yerli xammaldan - “Azərikimya” İstehsalat Birliyində istehsal olunan propilen və etilendən istifadə edəcəkdir. Ümumi investisiyanın həcmi 700 milyon dollar olan layihə çərçivəsində 300 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur. Hazırda tikinti işlərinə 1100 nəfər cəlb edilib. 2018-ci ildən müəssisədə istehsal prosesinə başlanacaq.

 

Parkın sayca 4-cü rezidenti “Azerbaijan Fibro Cement” MMC sənaye parkının ərazisində illik 6 milyon kvadrat metr fibro-sement lövhələrin istehsalını həyata keçirəcək. İstehsalat Avstriya texnologiyası əsasında qurulacaqdır. Dəyəri 90 milyon manat olan layihə çərçivəsində 200 nəfər işlə təmin ediləcək.

 

İclasda deyilib ki, “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti” illik istehsal gücü 20 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsal edən və Cənubi Koreya texnologiyasına əsaslanan zavodun tikintisinə başlayıb və tikinti işlərinə 70 nəfər cəlb olunub. Məssisədə 120 nəfər daimi işlə təmin ediləcək. Dəyəri 27,5 milyon manat olan müəssisənin 2017-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

 

Ümumilikdə, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin layihələri əsasında cəlb olunan investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcək.

 

Məlumatda o da qeyd olunur ki, 2016-cı ilin birinci yarısında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sənayenin və aqrar sektorun inkişafına güzəştli kreditlərin verilməsi, sahibkarların maarifləndirilməsinə dair işgüzar forumların keçirilməsi davam etdirilib. 1252 sahibkara 73.2 milyon manat kredit verilib, 3200-dək yeni iş yeri yaradılıb. Ümumilikdə, 2016-cı ildə sahibkarlara böyük hissəsi geri qaytarılan vəsaitlər olmaqla 250 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

 

Abşeron rayonu, Xırdalan, Sumqayıt, Qazax, Şəmkir, Şəki, Xaçmaz, Şabran, Xızı, Qusara ümumilikdə 193,7 milyon manat həcmində investisiya yatırılacaq, 1700-dən çox yeni iş yerləri açılacaq.






Fikirlər