İlham Rəhimovla bağlı şok iddialar - “İşgəncə vermək üçün gizli zirzəmi otaqları var”

"Rəhimovun biznes-imperiyası ilə bağlı işlərə onun qızı Seva baxır… Hərdən limuzinlə "Food City”yə baş çəkir və azərbaycanlı kommersantları əmin edir ki, onların problemlərini sanballı məbləğə həll edə bilər” 2012-ci ildə Moskvanın Biryulevo rayonunda iğtişaşlardan sonra Rusiyanın ən iri topdansatış meyvə-tərəvəz bazası "Pokrovka” bağlananda bu ölkənin iri bazarlarına nəzarət edən mafioz qruplaşmalar arasında əsl müharibə başladı.

Məqsəd "Pokrovka”nı tərk edən icarəçilərin-topdansatıcıları rəqib mafiya qruplaşmalarının nəzarətlərində olan bazarlara cəmləmək, beləliklə də gəlirlərin yenidən bölüşdürülməsində mümkün qədər çox pay qoparmaq idi. Virtualaz.org vaxtilə "Pokrovka” bazarı ətrafında gedən intriqalar barədə dəfələrlə Rusiya mənbələrinə istinadən geniş araşdırmalar dərc edib. Həmin bazarın faktiki sahibləri Hacıyev qardaşları idi. Təbii ki, bazarın ləğvindən sonra onlar asanlıqla təslim olmadılar. Onlar Domodedovo bazasında vaxtilə sahibi olduqları anbarların bir qismini geri qaytardılar. "Pokrovka”nın icarəçilərinin çoxu isə azərbaycanlı oliqarx-milyarder, Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimova və onun daşınmaz əmlak kralları olan ortaqlarına (Qod Nisanov və Zarah İliyev) məxsus "Sadovod” bazarına köçdülər.

 

Nə maraqlı təsadüfdür ki, "Pokrovka”nın bağlanmasının ardınca Moskva meriyası paytaxtda müasir aqroklasterlərin yaradılması və beləliklə də kortəbii bazarların ləğvi layihəsini irəli sürdü. Təbii ki, bu işi dərhal "iş bilənələrə” tapşırdılar. Nisanov, İliyev və Rəhimov üçlüyü 2014-cü ildə Moskvada nəhəng "Food City” topdansatış ərzaq bazasını işə saldı.
Lakin müasir bazar tikmək işin hələ yarısıdır. Bu bazarı işlətmək üçün icarəçilər də tapmaq lazımdır. Xüsusən də "Food City” paytaxtın mərkəzindən aralıda, Kalujsk şossesində yerləşir, icarəçilər üçün bu, cəlbedici bazar sayılmazdı. Bazara icarəçiləri cəlb etmək üçün isə Putinin tələbəlik dostu olmaq kifayət etmirdi. Axı kimi zorla "Food City”yə sürüyüb aparmaq və bazardakı anbarları ona icarəyə vermək olar?
Virtualaz.org Moskvadakı mənbələrə istinadən xəbər verir ki, bu vəziyyətdə İlham Rəhimov o vaxtlar Moskva bazarlarının bir qisminə "krışalıq” edən məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskiyə müraciət etməyi qərara aldı. Bundan ötrü biznesmen hətta Lənkəranskinin mənzil qərargahında onunla görüşmək üçün İstanbula yollandı. Və Lənkəranski "Food City”ni himayəyə götürməyə razılaşdı.

Və ardınca əsasən azərbaycanlıların işlətdiyi Domodedovo bazarının qara günləri başladı. Bazarın icarəçilərinə təzyiqlər göstərilirdi ki, onlar "Food City”yə köçsünlər. Bu proses kriminal çəkişmələrlə müşaiyət olunurdu. Günlərin birində isə "Domodedovo” tərəvəz bazasının darvazalarının qarşısında polis maşınları göründü, polislərin ardınca Rövşən Lənkəranskinin "qoşunu” icarəçilərin başının üstünü kəsdirdi. Mənbələr deyir ki, bu "qoşuna” Lənkəranskinin yaxın qohumu olan Zaur başçılıq edirdi. Polislər bazar sakinlərinin sənədlərini yoxlayırdısa Lənkəranskinin adamları "Food City”yə köçməkdən imtina edənləri döyürdü. Nəhayət azərbaycanlı icarəçiləri "Food City”yə toplamaq mümkün oldu.

Bundan sonra "Food City”də yer icarəyə götürmək üçün Zaurun xüsusi icazəsi lazım idi. Moskvanın topdansatış ticarətindəki mənbələr deyir ki, "Food City”də biznes hüquqi müstəvidən çoxdan çıxıb və sərt diktat üzərində qurulub. Bazanın ərazisinə kriminal elementlər nəzarət edir, yüklərin gətirilməsi, boşaldılması, anbarlara yerləşdirilməsi və paylanması-hamısı onların nəzarətindədir. Bazarda kriminal aləmin qanunları hökm sürür və bir müddət əvvəl "REN TV”-nin reportajında deyildiyi kimi "Food City” Moskvanın ikinci "Çerkizon”una çevrilir.

Orada daxili qaydalar sərtdir. Bazar rəhbərliyinin şərtləri ilə razılaşmayanlar sərt cəzalandırılır. Məsələn, bu yaxınlarda şəmkirli xurma ticarətçiləri icarə haqqını gecikdirdiyi üçün Zaurun adamları onları "sayğaca” oturdub. Bazarda topdan xurma göndərən şəmkirlidən dərhal 1 milyon rubl ödəmək tələb olunub, icarəçi bundan imtina edəndə onu zirzəmiyə aparıb qəddarcasına döyüblər. Onu adamları pulu düzəldib vermyincə "Food City”nin zirzəmisində saxlayıblar.
Topdansatış bazasında işgəncə otaqları kimi istifadə olunan gizli zirzəmi otaqları var. Bu otaqlara daha çox azərbaycanlı ticarətçiləri salırlar. İcarə haqqının yüksək olmasından narazılıq edənlər və ya pulu gecikdirənlər amansızcasına cəzalandırılır. İşgəncəyə məruz qalan insanlar sonradan aylarla xəstəxanalarda müalicə almalı olur. Belə vəziyyətə düşənləri ancaq Qod Nisanov xilas edə bilərdi. O isə bunu nadir hallarda edir. Deyilənlərə görə Nisanovun azərbaycanlıların işgüzar və insani keyfiyyətləri haqda mövqeyi heç də yüksək deyil. Dəfələrlə o, özəl söhbətlərdə azərbaycanlılar haqda aşağı fikirdə olduğunu ifadə edib. Bəs Nisanov azərbaycanlıları kriminalın əliylə niyə öz bazarına doldururdu?

Məlumatlara görə sentyabrın sonlarında Rövşən Lənkəranskinin güllələnməsindən sonra "Food City”nin azərbaycanlı icarəçiləri bunt qaldırıblar və Zaurun adamlarına deyiblər ki, ona haqq verməyəcəklər. Lakin Zaur güclü mühafizəçilər ordusu yaradaraq yenidən ticarətçilərə qarşı güc tətbiqinə başlayıb. Sadəlövh azəbaycanlılar bazarın faktiki himayəçisindən-İlham Rəhimovdan kömək istəyiblər. Lakin o, azərbaycanlıların müraciətinə məhəl qoymayıb.

Mənbələrimiz deyir ki, İlham Rəhimovun ofisinin yerləşdiyi "Venesiya” restoranında mühafizəçilərin böyük ordusu dayanır, onlar əsasən ruslardan və lənkəranlılardan ibarətdir. Mühafizəçilər heç kimi "şefin” həndəvərinə buraxmır. Ümumiyyətlə Rəhimovun biznes-imperiyası ilə bağlı işlərə onun  qızı Seva baxır. Hərçənd o da sadə azərbaycanlıların şikayətlərini dinləmir, ancaq Qod Nisanovla ünsiyyətdə olur. Bununla belə hərdən limuzinlə "Food City”yə baş çəkir və azərbaycanlı kommersantları əmin edir ki, onların problemlərini sanballı məbləğə həll edə bilər.

Məlumatlara görə "Food City”nin ərazisində az qala hər gün cinayət baş verir, ancaq hüquq-mühafizə orqanları bu hadisələri heç qeydə də almırlar. Bazarda narkoticarətin də vüsət aldığı haqda danışırlar. Lakin Qod Nisanov və ortağı İlham Rəhimov üçün bütün bunlar xırda məsələlərdir, onları ancaq növbəti milyardı qazanmaq maraqlandırır.

Mənbələrimiz deyir ki, Nisanov və Rəhimov "Food City”nin ərazisini genişləndirir, onların tezliklə "Lyublino” əşya bazarını da ələ keçirməyə hazırlaşdıqları deyilir. Zaurun bandası artıq bu bazarda görünür və onlar azərbaycanlılarla "səmimi” söhbət aparırlar. Onlara deyirlər ki, "Food City”də təzə obyektlər açılır və ora köçməyə hazırlaşmaq lazımdır. Müqavimət göstərənlərin isə aqibətinn pis olacağını deyirlər. Azərbaycandan olan ticarətçilərdən biri deyir ki, yaşadığı dəhşəti heç yuxuda da görməmişdi: "Zaurun adamları özbaşınalıq edir, şikayət etməyə heç kim yoxdur. Əvvəllər heç olmasa Hikmət, Mamed kimi avtoritetlər var idi. İndi onlar da sağ deyil. Zaura deyəndə ki, azərbaycanlılarla niyə belə qəddar rəftar edir, kinayə ilə cavab verir ki, o talışdır, azərbaycanlı deyil. Yəni Nisanov qəsdən bazarda etnik qarşıdurma yaradır”. Bu arada məlumatlar var ki, Nisanov "Domodedovo” bazarının icarəçilərinə noyabrın sonuna qədər "Food City”yə köçmək barədə ultimatum göndərib. Əks halda onları Zaurun adamları gözləyir…

 Azpolitika.info

 






Fikirlər