Zahid Oruc: “Dövlət başçısının qəzəbindən qurtulmağa çalışırlar”

Zahid Oruc: “Dövlət başçısının qəzəbindən qurtulmağa çalışırlar”

Biz yeni hökumət quruculuğu yolundayıq; sərt qərarlar qaçılmaz olacaq”

 

Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirələri gözlənilmədən çox gərgin atmosferdə keçdi, sərt tənqidi çıxışlarla müşayiət olundu. Müzakirələrin yekununda parlament ənənəvi qaydada təkliflərə baxmaq üçün hökumətə bir həftə vaxt verdi və sabah həmin vaxt başa çatır. Deputat Zahid Orucla mövcud duruma həsr olunan söhbətimizin ikinci bölümünü təqdim edirik:
(Əvvəli ötən sayımızda)
- Bir çox müşahidəçilərin qənaətinə görə hökumətin sürəti  prezident sərəncamlarını icra etməyə yetərli deyil, məmurlar sanki yorulub, usanıb. Necə bilirsiniz, bəlkə yeni, dinamik hökumət formalaşdırılması mövcud situasiyada ən doğru yol olardı. Kadr bankı doğrudanmı belə kasaddır? 
- Söhbət sosial psixologiyanın əlifbasından gedir-əslində bütün köhnə hökumət üzvləri həmin dərsləri keçmişdə alıblar. Ulu Öndər 2001-ci ildə səhhəti ilə bağlı Amerikadan qayıdanda məhdud saylı naziri yanına dəvət edir və maliyyə nazirinə ictimai rəyin kökləndiyi məsələlərdən bəhs edir, ona kəskin iradlarını bildirir. Nazir 5 gün ərzində efirdən və bütün mümkün kommunikasiya vasitələrindən istifadə edərək, xalqa səhv başa düşülən iqtisadi məsələlər haqqında yetərli məlumat verir və geniş izahat işi aparır. Böyük Heydər Əliyev millətə verilən mesajların çatdığını özünün kəşfiyyat və açıq məlumatları ilə təsdiq edir və komandasına belə səhvlərə bir daha yol verməməyi tapşırır. Gətirdiyim misaldan göründüyü kimi, nəhəng siyasət adamı olan Ulu Öndər informasiyanı idarəçiliyinin birinci şərtinə çevirmişdi. İndi bir il ərzində iki devalvasiya həyata keçirən və hər gün məzənnə korreksiyaları ilə manatın dəyərdən düşməsinə təsir göstərən maliyyə-bank qurumları oturub gözləyir ki, möcüzə baş verəcək, yaxud insanlar onlardan razılıq edəcəklər? 
Hökumətin vəzifəsi cəmiyyəti məlumatlandırmaqdır. Əks halda, bir neçə ekspertin təxmin və təhlilləri böyük nazirlik ordularını əvəz etməyəcək və cəmiyyətdə xəyal qırıqlığı, panika, ümidsilziyin genişlənməsinə rəvac verilməsi qaçılmazdır. “Srtateji yol xəritəsi”ndə də oxşar məsələlərə toxunulduğunu görəndə inamımız daha da artır ki, siz dediyiniz “yorulanlarla” vidalaşmağın vaxtı gələcək.
- Zahid bəy, əlinizdə səlahiyyət olsaydı, ölkədə vəziyyəti yaxşılığa doğru dəyişmək üçün ilk 4, ya 5 addımınız hansılar olardı? Sizcə, bu gün daha arzuolunmaz vəziyyətin yaranmaması uçün ilk olaraq nələrdən, haradan başlamaq lazımdır?
- Onları parlamentdə dilə gətirdim. (Zahid Orucun parlamentdəki çıxışının linki: https://www.youtube.com/watch?v=mZL9cnOxsds&t=4s -E.P.) Orada vurğuladığımız mühüm bir neçə məsələ vardı. Baxın, biz gələcəyin büdcəsinə konsolidasiya olunmuş, yaxud qənaət rejimində tərtib edilmiş sənəd kimi baxırıqsa, onda keçmişin-böyük büdcə zamanının uğurlarını qoruyub saxlamaqla, yol verilmiş səhvləri də bir daha təkrarlamamalıyıq. Onun adı səmərəsiz xərcləmədir, mənimsəmədir, yaxud israfçılıqdır. İndi büdcə ətrafında şiddətli diskussiyaların getdiyi dövrdə Baş Prokurorluğun iki nazirlik ətrafında apardığı istintaq materialları hər bir vətəndaşın qafasına taxılır və deməli, hökumətimiz üçün də yaxşı siqnal olmalıdır. Külli miqdarda vəsaitlərin üç səbəbdən ünvansız xərclənməsi mümkün olub: ilk növbədə, proqnozlaşdırma, yaxud planlaşdırma dövründə şişirdilmiş smetalar tərtib ediblər. İkinci mərhələdə tendersiz böyük investisiya pullarını şəxsi məqsədlərinə yönəldiblər. Üçüncüsü, parlament, Hesablama Palatası və Maliyyə Nazirliyinin nəzarət qurumu qarşısında məsuliyyətdən kənar qalacaqlarına bel bağlayanlar “cəzasızlıq sindromu”ndan əziyyət çəkiblər. Prokurorluq bir neçə şəxsin ələ keçirdiyi məbləğin təkcə bir nazirlik çevrəsində 153 milyon manatdan artıq olduğu qənaətinə gəlib. Halbuki Rusiyada nazir Ulyukaevi cəmi 2 milyon dollarlıq korrupsiyaya görə vəzifəsindən götürdülər və xeyli şübhəli məqamlara baxmayaraq, haqqında cinayət işi başladılar. 

“Son iki ildə Gürcüstana qoyulan 1 milyard dollarlıq investisiya, ümumilikdə 3.5 milyardlıq vəsait əslində iqtisadiyyatımızın itkiləri sayılmalıdır”

- Amma bizdə...
- Bizdə isə həmin yeyinti nazirlikləri ifşa edilməsinə rəğmən, büdcənin şəffaf xərclənməsinin mexanizmi tam yaradılmayıb. Siz keçmiş MTN və Beynəlxalq Bank vasitəsilə ələ keçirilən on milyard manatlıq mənimsəmələri də bura əlavə etsəniz, büdcənin çəkili bir hissəsinin təyinatından kənarlaşdığını görərsiniz. Ona görə qeyd etdim ki, maliyyə sabitliyinə, manatın kursunun qərarlaşmasına getmək istəyiriksə, böyük özəlləşdirməni həyata keçirib büdcə yükünü dövlətin üzərindən götürməli, böyük miqyaslı rəqabətə yol açmalı, xammal ixracından qurtulmaq üçün-məsələn,100 milyon dollarlıq qızılı külçələr şəklində indiki kimi ixracı dayandırıb öz fabriklərimizdə onu emal edərək sərhədlərimizi aşan dollarları qaytarmağa, yaxud vətəndaşın bahalı məhsullardan asılılığını durdura bilərik, turizm üçün xarici vətəndaşın öz vəsaitlərinin 70 faizini hava nəqliyyatına və hotellərinə verilməsi reallığını dəyişdirmək olar, minlərlə gənc mütəxəssisin dövlət qulluğunda özlərinə yer tapmadıqları üçün diplomlarını XİN-də apostil etdirib getməsini beyin axınının tərkibi sayıb onları hazırlayan dövlətin xərclərinin qədrini bilməyə başlayarıq. Beləliklə, iqtisadi fəallığı bərpa etməyin yolu əslində hamımıza bəllidir. 
Əgər xarici investisiyadan danışırıqsa, rəsmi siyasətimizdə yer verdiyimiz Doing Businessin mötəbər hesabatlarında Gürcüstandan 39 pillə geridə dayandığımız 65-ci yerdən xeyli irəliləməyimiz üçün çox adi kommunal islahatlara getməklə böyük əcnəbi şirkətlərin əlində kompas kimi ölkəmizə gəlişinə “yaşıl işıq” yandırmaq olar. Yoxsa kapital qaçacaq. Baxın, son iki ildə Gürcüstana qoyulan 1 milyard dollarlıq investisiya, ümumilikdə 3.5 milyardlıq vəsait əslində iqtisadiyyatımızın itkiləri sayılmalıdır. Təkliflərin sırasını genişləndirmək də olar.
- Bir sıra hallarda təxribatların olmasından da danışılır. Hətta həmkarlarınız da bu barədə ehtimallarını dilə gətiriblər...
- Ölkə başçısının komandası içərisində yetərincə peşəkarlar mövcuddur və hər halda, qarşıdakı ilin təhlükəsizlik qarantiyasını verən də ölkə başçısının şəxsiyyəti, qətiyyətidir. Əgər gələn il səngərdəki əsgərin sosial təminatı artımla müəyyənləşibsə, deməli, biz yeni hökumət quruculuğu yolundayıq. Açıq demək lazımdır, dövlət əgər iki nazirlik ətrafında açıq məhkəməyə getdisə, deməli, yeni sərt qərarlar qaçılmaz olacaq. O üzdən hərdən mənə elə gəlir ki, özünü Eldar Mahmudov əməllərinin qovşağında görənlər sanki gözəgörünməz müqavimətlə və sosial təxribatlarla ömürlərini uzatmağa, dövlət başçısının qəzəbindən qurtulmağa çalışırlar. Ancaq onu da nəzərə alın ki, siyasi baxımdan idarəetmənin bütün sakral daxili sirləri çölə sızanda və bütün rəqib cinah, fürsətcil və pusquçu dairələr ondan istifadəyə əl atanda kardinal dəyişikliklərə getmək çox riskli olur. 
İslahatlar onu həyata keçirən siyasi qüvvə üçün bəzən arzuolunmaz nəticə verir. Saakaşvilinin taleyi ortadadır. Ona görə dövlət başçısı xalqa söykənib dəqiq yol xəritəsi ilə həm burjuaziyanı öz çevrəsində saxlamayaraq, onları ölkənin mənafeyinə işlətməkdə davam edir, digər tərəfdən, milli gücdən də böyük problemlərin həlli üçün istifadə edir. Təsəvvür edin ki, Beynəlxalq Bankı talayan və ölkəni böyük maliyyə sıxıntısı ilə üzə-üzə qoyan adamları heç kəs öz resursuna çevirib ondan Rəsul Quliyev kimi antiqtidar lideri düzəltməyə cəhd etmir. Diskreditasiya olunmuşlara bəraət və siyasi yer yoxdur.

“Prokurorluq bir neçə şəxsin ələ keçirdiyi məbləğin təkcə bir nazirlik çevrəsində 153 milyon manatdan artıq olduğu qənaətinə gəlib; halbuki Rusiyada nazir Ulyukaevi cəmi 2 milyon dollarlıq korrupsiyaya görə vəzifəsindən götürdülər və...”

- Mart ayında da bu situasiya davam edərsə, parlament yenədəmi bu komandaya etimad göstərəcək?
- Dövlət heç zaman iqtisadi gərginliyin inkişafında maraqlı ola bilməz və mənfi ssenari cızıb büdcə öhdəliyini yerinə yetirə bilməyən hökumətlərin səbəb olduqları siyasi böhranı Azərbaycanda gözləməyinə dəyməz. Kimsə düşünür ki, on illər ərzində milli inkişaf üçün yaradılmış irsdən və valyuta ehtiyatlarından imtina edib onu başqa siyasi qüvvələrin sərəncamına verəcəklər, onlar səhv edirlər. Lakin indi hər bir hökumət strukturu, hətta ayrıca götürülmüş komitə və dövlət şirkətləri belə himayəçi qüvvələrə deyil, dayanıqlı həyat qabiliyyətini göstərməyə məhkumdur və hamımız inanırıq ki, milli maraqlarımızın təminatı yolunda olanlar İlham Əliyevin komandasının tərkibində hələ uzun illər xalqımıza xidmət edəcəklər.

 






Fikirlər