Məmurlar illərlə qazandıqları hörməti niyə bir anda itirirlər...

Çoxlarının istehzalı baxışlarla pilləkənlərdən enməsini insanlar unuda bilmir. Elə bir vaxt gəlib yetişir ki, nazir kürsüsündən uzaq düşürlər. Daha istehzalı baxışların altında pilləkənlər də silkələnmir.

İş ondadır ki, vəzifəsini itirənlərin çoxu, bunu eyni cür həzm edə bilmir. Evlərinin bir küncünə sıxılmaları həm də unudulmalarına səbəb olur.

Maraqlıdır ki, illərlə hansısa vəzifə başında qərarlaşan şəxslərin vəzifə statusundan azad edilməsi cəmiyyətdə də fərqli düşüncə formalaşdırır.

Nazir, ya da hansısa vəzifədən uzaqlaşmısansa deməli, cəmiyyətin sənə əvvəlki münasibəti də olmayacaq.

Bəs illərlə yığılan hörmət bir anın içində necə itə bilir?

Konkret səbəblər nədir?

Milli Məclisin deputatı Tahir Kərimli Modern.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib. 

“Burada ictimai-siyasi motivlərlə yanaşı,  genetik motivlər də var. Birokratik səbəblər də istisna deyil. Məsələn, qonşu Türkiyəni götürək. Orada keçmiş nazirlərə “sayın bakanım”, “sayın baş bakanım” deyə müraciət edirlər. Bu da onu göstərir ki, Türkiyədə bürokratik ənənə formalaşıb. Amerikanın özündə belə, prezidentlər eyni cür oturur, eyni cür hərəkət edir. Burada da bürokratik-siyasi ənənə var. Bizdə isə bu, formalaşmayıb.

Fransanın keçmiş prezidenti Mitteran deyib. “O xalq ki,yaddaşını itirib, deməli, hər şeyini itirib”.

1990-cı ildə 20 yanvar şəhidlərinə İsmayıllı rayonunda ilk heykəl qoyulub. Həmin vaxt belə bir fikir səsləndirmişdim. “Biz elə xalqıq ki, Azərbaycanın ilk müdafiə naziri Səməd bəy Mehmandarova Bakıda erməni birisi küçə süpürtdürüb. Biz də buna laqeyd yanaşmışıq”.Ona görə də, həm Sovet dövründə, həm də müstəqillik illərində insanlar tutduğu vəzifədən asılı olmayaraq, kreslonu itirən kimi, unudulur”.

Digər tərəfdən, deputat bildirib ki, bəzi nazirlərin unudulmasında korrupsiya faktoru mühüm rol oynayır.

“Bizdə məmurların çoxu korrupsiyaya uğrayıb işdən çıxırlar. İllərlə qazandıqları hörmət bir anın içində məhv edir. Bizdə həmçinin dövlətçilik ənənələrinin formalaşmasına da imkan verilməyib. Azərbaycan xalqı hər zaman şairləri, yazıçıları ilə öyünüb. Dövlət xadimləri önə çəkilməyib.  Bir bölgənin adamını başqa bölgə qəbul etmir. Sanki itələyici qüvvə olur. Ona görə də kim k, ya nazir poztundan,  ya da hansısa vəzifədən gedirsə, unudulmasının səbəbləri bunlardır”. 






Fikirlər