DEPUTAT YENI NAZIRLƏRIN KÜTLƏVI IŞDƏNÇIXARMA HƏRƏKƏTINI PISLƏDI: “BIZDƏ MƏMURA ƏŞYA KIMI BAXILIR”
Azərbaycanda maraqlı tendensiya yaranıb, yeni təyin olunan vəzifəli şəxs tabeliyində olan kadrları çıxdaş edir. Yeni məmur özü ilə komandasını gətirir, köhnə kadrlar isə vəzifələri ilə vidalaşırlar. Buna misal olaraq, yeni təyin olunan müdafiə naziri Zakir Həsənovu, təhsil naziri Mikayıl Cabbarovu göstərmək olar.
Bəs bu tendensiya nə dərəcədə uğurludur?
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Modern.az-a açıqlamasında deyib ki, Azərbaycanda insanın dəyəri o səviyyədə deyil ki, onu qoruma mexanizmləri olsun: “Ölkədə insana, məmura bir əşya kimi baxılır. Bir nazir, deyək ki, hansısa vəzifəli şəxs gələn kimi mütləq oradakı insanın ailəsini, işini düşünmədən bir bəhanə ilə onu çıxarır. Bu, yanlış tendensiyadır. Məmura toxunmaq olmaz. Ümumiyyətlə, məmura işin prinsipini nazir necə veribsə, elə işləyir. Nazir deyirsə ki, get, rüşvət al, o da rüşvət alır. Məmuru bu qədər əzmək tamamilə yanlış tendensiyadır. Məncə, bu tendensiya dayanmalıdır, çünki çox ağır nəticələri ola bilər. Bu, bütün sahələrə aiddir. Bu insanlar əgər pis idilərsə, 10 bu vəzifədə necə işləyiblər?! Deməli, 10 vətəndaşa zərbə vurublar. Əgər yaxşıdırlarsa, niyə gələn rəhbərliyə gələn şəxs bu insanların keçmişlərinə baxmadan işdən çıxarır. Bunların hamısı düşündürücüdür”.
F.Mustafa qeyd edib ki, bununla bağlı etirazını Milli Məclisin tribunasından da bildirəcək:
“Azərbaycan cəmiyyətində xalqına bağlı, sədaqətli yüzlərlə insan var. Hamısı gözləri qırpıq vəziyyətdə gözləyirlər ki, ondan yuxarıdakı şəxs dəyişsə, necə yaltaqlansın ki, vəzifədə qalsın. Dünyada məmurların həmkarlar ittifaqları var, məmurları qoruyurlar. Hər məmur bir təcrübədir. Bunu bu qədər sıradan çıxarmaq heç bir məntiqə sığmır. Azərbaycanda məmurları qoruyan bir mexanizm də yoxdur. Bu da olmadığına görə çox acınacaqlı bir vəziyyət hökm sürür”.
Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovun fikrincə, məsələlərə bir az fərqli yanaşmaq lazımdır:
“Bəlkə düz edib işləməyən adamları çıxarırlar. Aydındır ki, bunların hamısı YAP-ın üzvüdürlər. Başqa partiyalardan təyin etmirlər ki?! Əslində kadr islahatları olmalıdır, yaxşı kadrı saxlamaq, pis kadrı isə çıxarmaq lazımdır. Təyin olunan şəxslər də xalqın maraqlarına cavab verməlidirlər, qanunun aliliyi qəbul etməlidirlər”.