Arif Rəhimzadə Müstəqillik Aktına qarşı çıxmasının səbəblərini ilk dəfə açıqladı - MÜSAHİBƏ

Bir neçə gündən sonra Müstəqillik Aktının qəbul olunmasının 25 ili tamam olur. 1991-ci ildə müstəqilliyimizin bərpasının əleyhinə çıxan deputatlar da olub.

Onlardan biri, hazırda Milli Məclisin Regional məsələlər komitəsinin sədri vəzifəsində işləyən Arif Rəhimzadə Modern.az-a müsahibə verib.

 

- Arif müəllim, necəsiz?

 

- Yaşıma görə necə olmalıyam?!

 

- Pis deyilsiniz, maşallah! Yeri gəlmişkən, deputatların yaş məsələsi tez-tez qabardılır. Gənclər şikayət edirlər ki, yaşlı deputatlar parlamenti zəbt edib. Gənclərin fikirləri ilə razılaşırsız?

 

- Sovet dövründə elə bir şey olmayıb. Deputatın yaş məsələsi bugünkü qədər müzakirə  predmeti deyildi. Qanunvericilik məsələləri sonradan olub və belə bir təcrübə də yox idi. Deputat olmaq üçün təhsilin, dünyagörüşün, təcrübən olmalıdır. Yoxsa deputat olmaq istəyən çoxdu.

 

- Oktyabrın 18-də müstəqilliyimizin bərpasının 25i ili tamam olacaq. 1991-ci ildə əldə etdiyimiz müstəqillik bizə nə verdi?

 

- Düzdür, müstəqilliyimizin 25-ci ili tamam olur. Amma, o müstəqillik formal müstəqillik idi. Müstəqilliyin daxilində müstəqilliyə xas olan elementlər yox idi. Misal üçün deyim. Büdcəni qəbul etmək məsələsi kənarda qalmışdı. Azərbaycanın büdcəsi yox idi. Həmin vaxt büdcə qəbul edilmədi.

Təsəvvür edin. Dövlət bilmir ki, onun büdcəsi var və o hansı işlərlə məşğul olmalıdır. Hara nə xərclənməlidir. İndi isə bizim büdcəmiz 16-17 milyard manata qalxıb. Azərbaycanın büdcəsi sovet dövründə bir çox respublikalardan fərqli olaraq dotasiyalı olmayıb. Büdcəmizi tamamlamaqdan ötrü nəinki kənardan vəsait almamışıq, əksinə, ümumittifaq büdcəsinə vəsait vermişik. Ancaq 1991-ci ildə müstəqilliyimizi əldə edəndə, büdcə formalaşdıra bilmədik. Büdcəni formalaşdıra bilməməyimiz, obyektiv imkanın olmaması ilə bağlı deyildi.

Sadəcə, hakimiyyətə gələn insanların bəziləri romantik idi. Onların içində şəxsi maraqlarını güdən insanlar az deyildi. Ən əsası, aralarında professional adam yox idi. Ona görə də büdcəni formalaşdıra bilmədik. Büdcə yoxdursa, dövlət il ərzində nə ilə məşğul olacaq?! Heç kəs heç nə deyə bilməzdi. Sonrakı illərdə Azərbaycan müstəqilliyi real məsələlərlə təmin etdi. 1995-ci ildə Azərbaycanın büdcəsi qəbul edildi. Ordu yaradıldı. Müstəqilliyimizin bərpasının ilk illərində ən faciəli məsələ o idi ki, Azərbaycanda vətəndaş müharibəsi başlayırdı. Onun qarşısı alındı. Qanunsuz silahlı dəstələr zərərsizləşdirildi. Hərc-mərclik baş alıb gedirdi. Siz bu formada küçəyə çıxa bilməzdiniz. Gəlib boynunda, qulağında olan zinət əşyalarını qoparırdılar. Deyirdilər ki, bu,  müdafiə məqsədləri üçün edilir.

 

- Bəllidir ki, müstəqilliyin rəsmiləşdirilməsində fərqli yanaşmalar olub. Müstəqillik Aktına imza atanlar və atmayanlar. İmza atmayanlar arasında siz də vardınız. Belə deyək də, hadisələrin birbaşa şahidi olmusunuz.

 

- Tək şahidi yox, həm də iştirakçısıyam. Hesab edirdim ki, bu qərarı məhdud insan qrupu qəbul etməməlidir. Xalqın səsi eşidilməlidir. Biz bu işə gedirik, yoxsa, yox.  O vaxt elə düşünürdüm ki, onlar müstəqilliyin nə demək olduğunu dərk etmirdilər.

 

- Bəs bu gün necə düşünürsünüz?

 

- Bu gün də elə düşünürəm.

 

- Müstəqilliyə gedən yoldan geri çəkilməyinizdə konkret səbəblər mütləq olmalı idi.

 

- Kim deyir ki, yox idi. Əvvəla, Azərbaycanı idarə edə bilən və xalqın etibar edəcəyi bir rəhbər yox idi. Elə bir şəraitdə müstəqillik əldə etmək çox çətin məsələ idi. Hesab edirdim ki, hansısa qrupun onu parlament səviyyəsində həll etməsi düzgün deyil. Referendum keçirilməli idi. Xalqın səsverməsi nəticəsində o məsələ öyrənilməli idi. Məhz, bu səbəbə görə Müstəqillik Aktına imza atmadım.

 

- O zaman mərhum prezident Heydər Əliyev də Müstəqillik Aktına imza atanlar arasında olub. Sonrakı dönəmlərdə imza atmaq məsələsində əks mövqedə dayanmağınızla bağlı hər hansı fikir bildirdimi?

 

- Açığını deyim ki, Heydər Əliyevlə o məsələni heç vaxt müzakirə etməmişik. Ancaq Heydər Əliyev təbiətcə demokratik insan idi. O  “hamı mənim kimi fikirləşməlidir” demirdi. Onda elə bir xüsusiyyət yox idi ki, hansısa məsələyə görə kin saxlasın. Biz demokratik ölkə yaratdığımızı elan etmişdik. Demokratik ölkədə də fərqli fikirlərin olması normaldır.

 

- Yəqin bu addımınıza görə sizə irad tutanlar çox olub...

 

- Əlbəttə olub. Bu, şübhəsiz belə idi. Kimisi mətbuatda çıxış edirdi, kimisi  fikirlərini başqa cür səsləndirirdi. Ancaq bu məsələ geniş müzakirə olunsun və “bax, Rəhimzadə o vaxt belə bir addım atıb” kimi fikirlər olmayıb.

 

- Keçmiş müdafiə naziri Tahir Əliyev  deyir ki, müstəqilliyin əleyhinə olanların çoxu “İstiqlal” ordeni alıb. Bu, nə dərəcədə ədalətlidir?

 

- Bir məsələyə görə insanın fəaliyyətinə qiymət vermək olmaz. Fikir müxtəlifliyi ola bilər. Məsələn, o vaxt Azərbaycanın tərkibində qondarma  “Talış Muğan Respublikası” yaratmağa çalışırdılar.

Məgər onlar müstəqillik istəyirdilər?! Birmənalı olaraq Yox! Onlar özləri üçün vəzifə əldə etməyə can atırdılar. Belə insanlar az deyildi. Azərbaycanın müxtəlif yerlərində belə insanlar var idi.

Onlardan istifadə edirdilər. Müstəqillik tərəfdarları  o insanlardır ki, həqiqətən müstəqilliyi real məsələlərlə təmin edə bilir. Azərbaycanın iqtisadiyyatının, sənayesinin, kənd təsərrüfatı sahələrinin inkişafına, beynəlxalq aləmdə nüfuzuna çalışan insanlar müstəqilliyə qol atan insanlardır.

 

- Siz bir zamanlar Milli Məclisin aktiv deputatları sırasında idiniz. Müxtəlif qurumların fəaliyyətlərində aşkar olunan nöqsanlara qarşı kəskin iradlarınızı bildirmisiniz. Amma bu aktivlik son dönəmlər görünmür. Bunu nəylə izah etmək olar?

 

- Subyektiv fikirlərimi deyəcəm. Hesab etmirəm ki, plenar iclasda çıxış etmək, təmtəraqlı söz demək işin xeyrinə olan məsələdir. Narazı olduğum məsələləri çalışıram ki, həll edim. Bizə müəyyən sənədlər, təkliflər daxil olur. Bizim komitədə heç vaxt gözüyumulu şəkildə qanun qəbul etmək məsələsi yoxdur. Hansısa qanun layihəsinin təşəbbüsçüsü kimi çıxış edən qurumlarla çalışırıq ki,  məsələləri həll edək. Çox vaxt buna nail oluruq. Yenidən plenar iclasda əlini döşünün üstünə qoyub “mən Milli Qəhrəmanam. Bunları həll etdim” deməyin adı yoxdur.  Düşünürəm ki, bu, düzgün deyil.

 

- Müstəqilliyimizin bərpasından üzü bəri parlamentdə qərar tutmusunuz. Ola bilməz ki, bu illər ərzində hansısa yüksək vəzifə üçün təklif almayasınız.

 

- Bu illər ərzində mənə elə bir təklif gəlməyib. Hesab edirəm ki, parlamentdə mənə həvalə edilən vəzifənin öhdəsindən gəlirəm. Açığını deyim ki, elə bir yüksək iddiam da olmayıb.

 

- Maraqlıdır ki, deputatlığı niyə bu dərəcədə üstün tutmusuz?

 

- Deputatlığı üstün tutmamışam. Sadəcə, bu işə 1987-ci ildən başlamışam. Düzdür, o vaxtlar parlamentin işi başqa cür qurulmuşdu. Orda qanunvericilik təşəbbüsü yox idi. Onun xarakteri tamamilə dəyişib. Hazırda bu işi mükəmməl öyrənmişəm. Düşünürəm ki, burada daha çox xeyir verə bilərəm.

 

- Bir məqam var ki, heç vaxt mətbuatın diqqətindən kənarda qalmır. Söhbət  Milli Məclisdə yaranan mübahisələrin pik həddə çatmasından gedir.

 

- Parlament nə deməkdir?! Danışmaq. Milli Məclisdə söhbət olmalıdır. Sadəcə, normalar var ki, çərçivəni aşmamalıdır. Təhqir olmamalı, kiminsə şəxsiyyətinə toxunumamalıdır. Amma, söz varsa deyilməlidir. Bunu normal hesab edirəm. Bir dəfə biri demişdi ki, (adını çəkmək istəmir-red) parlament müzakirə yeri deyil. Əslində, parlament müzakirə yeridir.

 

- Siz də ağsaqqal deputatlardansınız. Belə anladım ki, gənc deputatlardan hansısa fikirlərinizə irad bildirərsə, bu, sizi qıcıqlandırmaz.

 

- Əlbəttə. Bir halda ki, parlamentdə məsələləri müzakirə etməyə toplaşmışıq, fikir müxtəlifliyinin olması normaldır.

 

- Uzun müddətdir ki, "MTN-işi” ətrafında baş verənlər bitmir. O səbəbdən ki, sabiq nazir Eldar Mahmudovun ətrafının həbs olunmasına baxmayaraq, onun qolu qandallanmayıb. Hətta məsələyə aidiyyatı olmayan kəslər, fərziyələrini mətbuat üzərində möhkəmləndirir. Söhbət Eldar Mahmudovun hələ də həbs olunmamasından gedir. Sizcə, səbəblər nədir?

 

- Bu məsələ ilə məşğul olan orqanlar var. Bu işlə məşğul olanlar çox professionaldırlar. Hesab edirəm ki, Eldar Mahmudovun evində olmasında, ya da başqasının həbsində kifayət qədər əsasları var. Ona görə də belə bir tədbir qəbul ediblər. Deyə bilmərəm ki, niyə Eldar Mahmudov tutulmayıb. Niyə o evindədir?! Rəhbər kimi o, məsuliyyət daşıyır. O məsuliyyət də çərçivədə həllini tapır. İşdən kənarlaşdırılıb. Evindən kənara çıxa bilmir.

 

- Bu da bir cəza növüdür, sizcə?

 

- Əlbəttə, bu da cəzadır. “MTN-işi” hələ yekunlaşmayıb. Nəticəyə görə yəqin ki, onun cəzası daha dəqiqləşdiriləcək.

 

- Keçmiş nazirlərlə əlaqə saxlayırsınızmı?

 

- Saxlayıram.

 

- Onların cəmiyyətdə baş verən hadisələrə tərzi maraqlıdır.

 

- Keçmiş nazirlə nə vaxtsa nazir olub deyə əlaqə saxlamıram. Ümumiyyətlə, tanıdığım, münasibətdə olduğum adamlarla nazir olub-olmamasından asılı olmayaraq əlaqə saxlayıram.

 

- Sullara səmimi cavab verirsiz. Yəqin buna görədir ki, əvvəldən mövqeyinizi dəyişməmisiniz. Elələri var ki, tutduğu mövqeyə sadiq qalmayaraq dərhal yerdəyişməyə üstünlük verib. Deputatlarımız arasında da belələri istisna deyil.

 

- Bu sualı mövqeyini dəyişənlərə verin. Mən nə deyə bilərəm?!.

 

- Siz mövqeyinizi dəyişməmisiniz axı?.

 

- Mən  mövqe dəyişən adam deyiləm. İnsanlar var ki, hansısa prinsiplərə, normalara qulluq edir. Mənsə şəxsiyyətlərə yox, normalara qulluq edirəm. Bunlar demokratik, ədalət, insanlıq normalarıdır.

 

- İqtidara əks qütbdə dayanan müxalifət həmişə hirsli görünür. Narazılıq əks qütbdə həmişə aktual olub. Konkret  nəyəsə nail ola bilməyiblər. Daha doğrusu, görünən tərəf budur.

 

- İş burasındadır ki, hamımız çox şey istəyirik. Ancaq onu hansı ardıcıllıqla və necə həll etməyin özü bir problemdir. Onun yükü də iqtidarın üzərindədir. Yük daşımayan insanlar “bu belədi, bu da belə”-deyir. Demək asandır. Sadəcə, o işi görmək lazımdır.

 

- Referendumdan sonra böyük dəyişikliklərin olacağı anonsu verilib. Nazirlər Kabinetində nələr dəyişəcək?

 

- Nazirlər Kabinetində dəyişiklik gözlənilmir. O, öz yerində qalasıdır. Vitse-prezident məsələsi bilirsiz nədən ibarət ola bilər?!. Tutalım ki, cənab Prezident elə bir yerdədir ki, göstəriş verə bilmir. Yaxud da, səhhəti ilə əlaqədar kim onu görməlidir?! Ona görə də səlahiyyətli bir insan olmalıdır. Hazırda Prezident Adminstrasiyasında elə bir vəzifə yoxdur.

 

- Siz bu posta layiqli namizəd kimi ad çəkə bilərsiniz?

 

-Vitse-prezident ən layiqli adam ola bilər. Konkret ad məsələsinə gəlincə, bu ölkə başçısının səlahiyyətində olan məsələdir.

 

 






Fikirlər