Bu il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ili tamam olur. Tam 25 il əvvəl, 1991-ci il oktyabr ayının 8-də Azərbaycan Ali Sovetinin işə başlayan növbədənkənar sessiyası 4 gün müzakirələr apardı.
Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Həmin tarixdən sonra hər il 18 oktyabrda Azərbaycan tarixinin ən mühüm günlərindən biri, Azərbaycanın Dövlət Müstəqilliyi günü qeyd olunur.
Moderator.az Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı oktyabr ayını “Müstəqillik ayı” elan edib. Bu gündən başlayaraq “Müstəqillik ayı” çərçivəsində Müstəqillik Aktına imza atmış, dövlət müstəqilliyimizdə əvəzsiz xidmətlər göstərmiş, o dövrdə rəhbər vəzifələrdə olmuş şəxslərlə, istiqlalçı deputatlarla, meydan hərəkatının fəalları ilə müsahibələr, açıqlamalar təqdim edəcəyik.
İlk olaraq istiqlalçı deputat, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan komissiyanın sədri olmuş, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimovla “Müstəqillik bizə nə verdi və nələri aldı? Tərəzinin gözünə qoysaq, hansı tərəf daha ağır gələr? Müstəqilliyin cəfasınımı çox çəkdik, yoxsa səfasını?” sualları ətrafında danışdıq.
Müstəqillik ona görə bizim üçün çox qiymətlidir...
İstiqlalçı deputat ilk öncə müstəqilliyin necə dəyərli nemət olduğunu vurğulayıb:
“Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi Azərbaycan xalqının böyük tarixi nailiyyətidir, sərvətidir və bu, birmənalı şəkildə belədir. Azərbaycan xalqının hər bir övladı, o cümlədən də müstəqilliyin əldə edilməsində xidmətləri olan bizlər həmişə qurur duyuruq və duymalıyıq ki, Azərbaycan xalqı müstəqil ölkədə, müstəqil dövlətdə yaşayır. Dünya da bizim müstəqilliyimizi, ərazi bütövlüyümüzü qəbul edib, baxmayaraq ki, ərazimizin bir hissəsi Rusiya imperialistlərinin köməyi ilə Ermənistan tərəfindən işğal olunub. Amma bütövlükdə götürəndə bütün dünya Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və Azərbaycanı müstəqil dövlət kimi tanıyır. Bu, əlbəttə bizim fəxrimizdir, çünki 200 ildən çox Azərbaycan Rusiya İmperiyasının, sonra 70 il Sovet İttifaqı deyilən bir imperiyanın əsarəti altında yaşamışdı. Bu müstəqillik də ona görə bizim üçün çox dəyərli, çox qiymətlidir. Yenə də deyirəm ki, hər bir Azərbaycan xalqı müstəqil Azərbaycanın dövlət bayrağının dalğalandığını görəndə qürur hissi keçirir. Çox gözəl hissdir bu”.
20 Yanvar şəhidlərinin qanını batırıblar...
Hacıbaba Əzimov daha sonra dövlət müstəqilliyimizdə zəhməti olan şəxslərə göstərilən biganəlikdən, diqqətsizlikdən gileylənib:
“Ancaq bu müstəqilliyin əldə edilməsində xidmətləri olan istiqlalçı deputatların, o cümlədən azadlıq hərəkatında müstəqillik naminə fədəkarlıqla mübarizə aparanların, bu yolda canlarını fəda edən 20 Yanvar şəhidlərinin, ərazi bütövlüyümüz uğrunda mübarizə aparan Qarabağ şəhidlərinin xidmətlərini unutmaq olmaz. Onlar unudulmaz, şərəfli bir xidmət göstəriblər və bu şərəfli tarixi yazmaq və bütün dünyaya çatdırmaq lazımdır. Təəssüflər ki, bu gün Azərbaycanda mövcud hakimiyyət müstəqilliyimizin doğrudan da böyük bir sərvət, dəyər olduğunu sözdə qəbul etsə də, əməldə buna lazımi diqqət yetirmir. Xüsusilə də müstəqillik uğrunda mübarizədə canlarından keçmiş 20 Yanvar şəhidlərinin qanını batırıblar. Baxmayaraq ki, Milli Məclisin 1994-cü ilin 29 mart tarixli qərarı var ki, Baş Prokurorluq bu şəhidlərin qətlə yetirilməsində əli olan günahkarları qısa müddətdə üzə çıxarsın və lazımınca cəzalandırılsın. Ancaq indiyə qədər heç bir iş görməyiblər.
Müstəqilliyin əldə edilməsində xidməti olan ziyalılara qarşı təqiblər olub, onların xidmətlərinə heç bir dəyər verilməyib. Xüsusilə müstəqilliyin əldə edilməsində çox böyük çabalar, mücadilələr göstərmiş istiqlalçı deputatlara, həmin deputatlara ki, o zaman əgər SSRİ dağılmasaydı, hər biri güllələnəcəkdi. Çünki hər biri SSRİ- əleyhinə, Azərbaycanın 1920-ci ildə XI ordu tərəfindən işğal olunması, SSRİ vaxtında əsarət altında qalması, sovet hakimiyyəti tərəfindən sərvətlərinin talanması və digər haqsızlıqlar haqqında kəskin çıxışlar etmiş, müstəqilliyə qovuşması tələbləri irəli sürmüşdülər. İstiqlalçı deputatlar təkcə danışmadılar, bunun həm də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında əks olunmasına nail oldular. Mənim də qürur hissi duyduğum hal budur ki, Allahın izni ilə məhz həmin Konstitusiya Aktının komissiya sədri oldum və həmin müddəaların hamısını yazıb həmin Aktda maddələr şəklində əks etdirdim. Həmin müddəaların çox çətinliklə də olsa o zamankı Ali Sovet tərəfindən qəbul olunmasına nail olduq. Bunları etdik, ancaq bizlərə, istiqlalımız uğrunda mübarizə aparan ziyalılarımıza qarşı az sonra təqiblər, repressiyalar başladı və bugünə qədər də bu davam edir”.
İstiqlalçı deputatlara qarşı məxməri terror davam edir....
H.Əzimov istiqlalçı deputatların represiyalara məruz qaldığını deyib:
“Təbii sərvətlərimiz vaxtilə SSRİ hakimiyyəti tərəfindən mənimsənilirdisə, indi də bir qurup oğru məmurlar tərəfindən talan edilir, məhv edilir. Xalq öz sərvətlərindən pay ala, faydalana bilmir və bu da əlbəttə ki, faciədir, müstəqil bir ölkədə yaşayasan, amma bu müstəqilliyin verdiyi bəhrələrdən nəinki faydalana bilməyəsən, üstəlik də təqiblərə, represiyalara məruz qalasan. Təəssüf ki, istiqlalçı deputatlara qarşı məxməri terror baş verib və bu gün də davam edir, həm də bir çox istiqlalçı deputatlar birbaşa qətlə yetirilib, uzun müddətli həbslərə atılıblar. Mövcud hakimiyyətdə olan Rusiyanın beşinci kalonu deyilən və onlara mənsub olan məmurlar amansızcasına istiqlalçı deputatlara və istiqlalımız, demokratiya uğrunda mücadilə aparan insanlarımıza qarşı mübarizə aparırlar. Bunlar hamısı acınacaqlıdır. Halbuki dünyanın bütün ölkələrində, həm də digər postsovet ölkələrində istiqlalçı deputatlara çox böyük önəm verilir, onlar şərəfli bir mərtəbəyə qaldırılıb, hər yerdə böyük hörmətlə qarşılanırlar. Amma bizdə tam əksinədir”.
Bu, Azərbaycanın müstəqilliyinə təhqirdir...
İstiqlalçı deputat 18 oktyabr gününün qeyri-iş günü kimi ləğv edilməsinə də etiraz edib:
“Təkcə insanlarımıza, istiqlalçı deputatlarımıza, ziyalılarımıza qarşı yox, həm də müstəqilliyimizin özünə qarşı represiya baş verib. Nədir bu? Baxın, 18 oktyabr Dövlət Müstəqillik Günü rəsmi olaraq dövlət bayramıdır və indi artıq 25 illiyimiz tamam olur. 1992-ci ildən etibarən Dövlət Müstəqillik Günü Azərbayacnın əsas dövlət bayramı kimi qeyd olunub və bu da qanun əsasında icra olunub. Bu günə qədər də Dövlət Müstəqillik Günü dövlət bayramı statusunu saxlayır, amma hazırda müstəqillik günümüzə olan münasibətdə dünyada analoqu olmayan bir ziddiyyətli, təzadlı vəziyyət yaranıb. Müstəqillik Günü bayramı Milli Məclisin xüsusi qərarı ilə iş günü elan edilib. Dünyada belə bir şey yoxdur və ola da bilməz, ümumiyyətlə dövlət bayramı statusu olan bayram iş günü ola bilməz, çünki bu, peşə bayramı deyil. 2006-cı ildə Milli Məclis bununla bağlı xüususi qərar qəbul etdi ki, 18 oktybar iş günü olsun. Hər il bu barədə respublika rəhbərliyinə məktub yazıram ki, bu, antimilli qərarın dəyişməsini təmin edin. Belə olmaz, yaramaz, bu, azərbaycanın müstəqilliyinə təhqirdi, Azərbaycan dövlətçiliyinə qarşı rəzalətdir, həqarətdir.
2006-cı ildən sonra da bir iki il ABŞ başda olmaqla bütün dövlətlərin başçıları Azərbaycanı 18 oktyabr münasibətilə təbrik edirdilər, indi onu da etmədilər. Çünki Azərbaycan dövlətinin başçısı özü Azərbaycan xalqını müstəqillik günü münasibətilə təbrik eləmir”.
Oğru məmurlar, biznesmen deputatlar gedib oturdular “Buta” sarayında...
Sabiq deputat müstəqillik gününün lazımi səviyyədə qeyd edilməməsinə də narazılığını bildirib:
“Heç bir dəyərli, müstəqilliyə layiq tədbir keçirilmir. Əvəzində neynirlər, məsələn, beş il bundan əvvəl Azərbaycan xalqının pulu hesabına müstəqilliyimizin 20 illiyi münasibətilə bir çox xarici ölkələrin paytaxtlarında diplomatlara çox baha başa gələn ziyafətlər verdilər. Axırd da oğru məmurlar, biznesmen deputatlar, Azərbaycan xalqına yad olan digər ünsürlər, bəziləri lap açıqcasına düşməndir bu xalqa, getdib oturdular Buta sarayında ziyafət keçirdilər və bununla da güya Azərbaycanın müstəqilliyinin 20 illiyini qeyd etdilər.
Düşünürəm ki, bu il də özlərini göstərmək üçün xaricdə müəyyən tədbirlərə hazırlaşırlar. Hələ ki, müstəqillik günüylə bağlı hər hansı ciddi tədbir keçirilməyib. Amma digər postsovet dövlətlərində, məsələn Ukraynada dövlət müstəqilliyi günü bir həftə yüksək səviyyədə bayram edilir, Maydan meydanında hərbi parad keçirilir, böyüş şənliklər düzənlənir. Ukraynada həm də istiqlalçı deputatların hüquqlarına, sağlamlıqlarınıa xidmət edən xüsusi qanun qəbul olunub, onlara çox yüksək imtiyazlar verilib. Türkmənistanda isə dövlət müstəqilliyi 2 gün böyük bayram edilir, bütün dünyadan qonaqlar dəvət edilir. Dünyada ümumiyyətlə dövlət müstəqilliyi bayramı ən əsas dövlət bayramı hesab edilir, bütün bayramlardan ən yüksək səviyyədə bu bayram qeyd edilir, müstəqilliyin əldə edilməsi ən əziz gün hesab olunur. Bizdə isə bunların əksinədir”.
Dərd böyükdür...
Hacıbaba Əzimov son olaraq müstəqil Azərbaycan dövlətin gələcəyi, müstəqil Azərbaycan xalqının rifahı ilə bağlı arzularını bölüşüb:
“Biz nə üçün həyatımızı müstəqilliyin qazanılmasına qurban verirdik? Ona görə ki, Azərbaycan xalqı sərvətlərindən, neftindən, qazından, digər sərvətlərindən gələn böyük gəlirlərdən faydalanıb, firavan, varlı bir həyat yaşasın. Ancaq təəssüf ki, ölkəmizin bu təbii sərvətlərini Azərbaycan xalqına yad nəzərlərlə, düşmən gözüylə baxan məmurlar mənimsəyirlər, hər cür vasitələrlə, xalqa qarşı müxtəlif təzyiqlər etməklə xalqı əsarətdə saxlamağa çalışırlar. Dərd böyükdür, müstəqil bir ölkədə yaşaysan, amma Rusiyanın dediyi ilə oturub duran, Kremlin tapşırıqları ilə antimilli qərarlar verən Rusiyanın agentlərinin mühüm vəzifələri tutub Azərbaycan xalqına zülm etməsinə baxıb dözməyə məcbur olasan. Bunlar çox çətindir, amma fakt budur. Bunu mən qətiyyətlə deyirəm və nə qədər ki, ömrüm var deyəcəyəm də.
Arzumuz odur ki, müstəqilliyimizə yad olan unsürlərin antimilli fəaliyyətləri aradan qalxsın. Azərbaycan xalqı özündə güc tapıb bu hallara son qoymaq üçün ciddi cəhdlə çalışmalıdır. Nə qədər ki, bu hallar aradan qalxmayıb, Azərbaycan xalqı özünü tam azad bir ölkdə hiss edə bilməz, etmir də. Hüquqi cəhətdən əgər Azərbaycan müstəqil bir dövlət kimi dünyada tanınırsa, faktiki olaraq Azərbaycan hakimiyyəti müstəqil deyil, Rusiyadan və digər ölkələrdən asılıdır. Rusiyanın beşinci kalonu Azərbaycanda ağalıq edir, PKK-çılar, Fetoçular Azərbaycanda önəmli postlar tutublar. Bunlar Azərbaycan xalqının, ümumiyyətlə bütün Türk dünyasının düşmənləridir və Azərbaycan xalqı bunlardan xilas olmalıdır. Nə vaxt ki, Azərbaycan xalqı antimilli ünsürlərdən xilas olacaq, onda biz həqiqətən də tam azad, müstəqil bir ölkədə, dövlətdə yaşadığımızı hiss edəcəyik və faydalarını görəcəyik. Ümidvarıq ki, inşaallah o gün çox uzaqda olmayacaq, Azərbaycan xalqı öz ölkəsinin, sərvətlərinin, milli müstəqil dövlətinin tam sahibi olacaq”.