“Maqnit”in sahibi də “MTN toru”na DÜŞÜB

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generallarının cinayət əməllərinin qurbanlarından biri də tanınmış “Maqnit” mağazalar şəbəkəsinin rəhbəri Seymur Abdullayev olub.

AzerTaym.az xəbər verir ki, sabiq nazir Eldar Mahmudovun keçmiş işçisi olan S.Abdullayev general Sübahir Qurbanov, polkovnik Füzuli Əliyev və Natiq Alıyevin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınıb.

 S.Abdullayev istintaqa ifadəsində bildirib ki, 1992-1994-cü illərdə Daxili İşlər Nazirliyinin Narkomaniya və narkobiznesə qarşı mubarizə Baş idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyib: “Həmin vaxt da rəisim Eldar Mahmudov olub. İdarədə digər vəzifə tutan Akif Çovdarov və Hilal Əsədovu da çox yaxşı tanıyırdım. 2015-ci il mart ayında bir nəfər zəng edib özünü MTN əməkdaşı Natiq Alıyev kimi təqdim etdi və nazirliyə gəlməli olduğumu dedi. Təxminən 1 həftə sonra yenidən zəng edib çağırdı, mən nazirliyə getmək istəmədiyim üçün başqa yerdə görüşmək istədim. Natiq “Sultan” kafesində görüşməyi təklif etdi, razılaşdım, səhərisi gün orda görüşdük. Kafenin kabinetdə söhbətimiz zamanı Natiq Alıyev dedi ki, rəhbərlik nazirliyin 4-cü Baş İdarəsinin üzərinə ciddi tapşırıqlar qoyub. Buna görə də sahibkarlar MTN-ə pul verməlidir. Mən razılşamadım, amma nə qədər pul verməli olduğumu soruşdum. O da 500 min manat verəcəyimi dedi, bunun çox olduğunu deyib 50 min təklif etdim. Bundan sonra Natiq Alıyev hədə-qorxu gələrək qaçaqmalçılıq yolu ilə mal gətirdiyimi, mənə problem yaradacaqlarını, mağazalarımı bağlayacaqlarını dedi. Mən fikirləşmək üçün vaxt istədim və kafedən çıxdım. Sonra maraqlanıb öyrəndim ki, həqiqətən də pul verməyən sahibkarlara bu problemləri yaradıblar. Mağazalar şəbəkəsi bağlanarsa, mənə daha böyük ziyan gələcəyini bildim. Buna görə də 1-2 gündən sonra Natiq Alıyevə zəng edib 250 min manat verə biləcəyimi dedim. O razılaşdı və pulu toplamaq üçün 1-2 ay vaxt istədim. Dövriyyədə olan pulları yığdım, 150 min manat düzəldə bildim, aprelin 10-da Natiq Alıyevə zəng etdim, “Sultan” kafesində görüşüb pulu ona verdim. Amma Natiq öncə pulu götürmədi, rəisi Füzuli Əliyevi də çağırdı, təxminən 10 dəqiqə sonra o da gəldi. İkisi birlikdə pulu sayıb götürdülər”.

S.Abdullayev MTN zabitlərindən mümkün olmayan bir şeyi, ona 100 min manat güzəşt etmələrini xahiş edib: “Mən qalan 100 mini bağışlamaqlarını istədim. Füzuli Əliyev isə artıq məbləğin rəislə razılaşdırıldığını, bundan sonra dəyişməyin mümkün olmadığını dedi. Füzuli mənim barəmdə əməliyyat tədbiri gördüklərini deyib telefonla başqa adamlara dediyim məlumatları sadaladı. Onda dinlənildiyimi bildim. 100 mini düzəltmək üçün 1 ay vaxt istədim. Mayın 11-də axşam Natiq Alıyevə zəng edib “Sultan” kafesində görüş təyin etdik, səhəridi gün orada pulu ona verdim. Bundan sonra Füzuli Əliyev bir neçə dəfə zəng edib hər ay 10-15 min manat vermyimi istədi, razılaşmadım”.
General Sübahir Qurbanov bu epizod üzrə istintaqa ifadəsində deyib ki, Seymur Abdullayevi tanımır, ondan pul alınmasından məlumatsızdır.
Qeyd edək ki, “Maqnit” şirkəti rəsmi olaraq İlqar Avdiyevin adına sənədləşdirilsə də, mağazalar şəbəkəsinin faktiki sahibi Seymur Abdullayevdir. Bunu istintaqa ifadəsində S.Abdullayev də təsdiqləyib.(qafqazinfo)






Fikirlər