Dünən Bərdə polisi ilə bağlı yaydığımız məlumata Daxili İşlər Nazirliyi reaksiya verib. Qurumun Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə BakiPost.az-a göndərdiyi açıqlamada "Bərdə polisinə şok ittihamlar: "2 AYDA 80 NƏFƏRİ ŞƏRLƏDİLƏR”” başlıqlı yazıda şikayətçinin dediklərinin tam əsassız olduğunu bildirib.
Açıqlamanı olduğu kimi təqdim edirik:
"BakiPost.az" saytının 09.02.2017-ci il tarixli xəbər buraxılışında yerləşdirilmiş yazıda Bərdə rayon sakini Azər Fərmanlının ötən ilin sentyabrında narkotik maddələrdən istifadəyə görə saxlanılması və Rayon Polis Şöbəsində guya işgəncələrə məruz qalması vəs. bu kimi səslənmiş fikirlər əsassızdır.
Yazıda Azər Fərmanlının qardaşı İlqar Fərmanlının qərəzli və şantaj xarakterli iddialarına əsalananaraq təsvir olunan, mahiyyəti özlərinin xeyirlərinə təhrif olunmuş hadisənin motivi əslində başqadır.
Həqiqətən Bərdə RPŞ-nin əməkdaşları ötən il sentyabrən 14-də saat 01 radələrində Bərdə şəhəri Koroğlu küçəsindəki restoranlardan birinin qarşısında iki nəfərin mübahisə etməsi və biri-birinə qarşı nalayiq ifadələr işlətdiklərini görüb onları intizama dəvət ediblər, sonra məsələni aydınlaşdırmaq üçün onları Şöbəyə aparıblar.
Şöbədə bununla bağlı araşdırma aparılıb və müəyyən edilib ki, rayon sakini Azər Fərmanlı ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməklə həmyerlisi Orxan Quliyevin ünvanına nalayiq ifadələr işlədib.
Tərəflərin izahatı alındıqdan sonra Azər Fərmanlı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və o, 50 manat məbləğində cərimə edilib. Araşdırma bitdikdən, yəni təxminən 2 saat sonra, saat 03:05-də A.Fərmanlı RPŞ-ni tərk edib.
Obyektivlikdən və həqiqətdən uzaq olan İlqar Fərmanlının qərəzli münasibəti elə onun hadisənin üstündən təqribən 5 ay keçəndən sonra məsələni təhrif olunmuş formada ictimailəşdirməsindən də görünür. Qeyd edilməlidir ki, Fərmanlı qardaşlarının sözügedən məsələ ilə bağlı DİN-ə müraciəti Nazirliyin aidiyyatı idarəsi tərəfindən də araşdırılıb. Yoxlama zamanı işgəncə, yaxud polis əməkdaşlarının İ.Fərmanlıdan pul almaları və s. bu kimi neqativ hallara dair müraciətlərdə göstərilən heç bir iddia təsdiqini tapmayıb, əksinə, polis əməkdaşlarının A.Fərmanlı barədə gördükləri tədbirin, onunla davranışın mövcud qanunvericiliyə uyğunluğu müəyyənləşdirilib.
O ki qaldı rayonda polisin işgüzar nüfuzunun zədələnməsinə hesablanmış, başqa maraqlı şəxslərin leksikonundan götürüldüyü şübhə doğurmayan, qardaşların dilindən səsləndirilən guya, 80 nəfərin şərlənməsi məsələsinə, o zaman qeyd olunmalıdır ki, Fərmanlılar və onları danışdıranlar bu dəfə də məsələləri qarışdırıblar. Görünür, söhbət Bərdə polisinin bəzilərinin maraqlarına toxunsa da, ümumilikdə, rayon əhalisinin mənafeyinə cavab verən fəaliyyətdən, cinayətkarlıqla mübarizədə göstərdiyi prinsipiallıq və qətiyyətdən gedir. Necə deyərlər, səsi eşidirlər, lakin onun haradan gəldiyini bilmirlər. Zənnimizcə, söhbət Bərdə RPŞ-nin əməkdaşlarının 2016-cı il ərzində cinayətkarlığa, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi tədbirlərindən gedir ki, bu sahədə də bir sıra müsbət nəticələr əldə edilib. Belə ki, keçən ildən cari ilin ötən dövrünədək narkotik vasitələrin qanunsuz istifadəsi, satışı və kultivasiyası üzrə ümumən 96 fakt müəyyən edilib ki, həmin faktların 79-u son 5 ayın payına düşür. Həmin tədbirlər nəticəsində ümumi çəkisi 11 kiloqramdan çox narkotik vasitə qeyri-leqal dövriyyədən çıxarılıb.