Bakıda tikinti şirkətləri vətəndaşları belə aldadıb - Məhkəmə İDDİALARI

“Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) yeni tikilən binalardakı istehlakçı problemləri ilə bağlı gələn şikayətlər davam edir.

 AİB-ə müraciət etmiş N.Abdullayevanın Yasamal rayonunda yerləşən “İnsaatçı” MTK tərəfindən istehlakçı hüquqlarının pozulması faktı üzrə qurum tərəfindən Yasamal rayon Məhkəməsində iddia qaldırılıb:

 “İstehlakçıdan kommunal haqqı kimi artıq alınmış 3451 AZN-nin geri qaytarılması barədə qətnamə qəbul edilib. Eyni zamanda N.Abdullayevanın mənzilinin sahəsinin artıq göstərməklə ondan artıq alınmış 5500 AZN vəsaitin geri qaytarılmasına dair iş məhkəmə baxışındadır”,-deyə AİB sədri Eyyub Hüseynov Modern.az-a bildirib.

 E.Hüseynov bildirib ki, istehlakçı A.Quliyevanın AİB-ə ünvanlanmış “Meqasiti Holdinq” MMC tərəfindən aldığı mənzilin sonradan başqa şəxsə satılmasına dair ərizəsi əsasında qurum tərəfindən məhkəmədə iddia qaldırılıb və hazırda məhkəmə davam edir:

“28.02.2017-ci ildə Bakı şəhər sakini Hüseyn Abışovun AİB-ə daxil olan ərizəsində Abşeron rayon Sumqayıt şosesi 7-ci km ünvanda yerləşən “Akkord İnşaat Sənaye” ASC tərəfindən hüququnun pozulduğunu, yaşamadığı halda hər ay ondan 50 AZN kommunal xidmət pulu alındığını ,ona verilən maliyyə sənədinin saxta olduğunu bildirib. AİB-in ekspertlərinin meditasiya yolu ilə problemi həll etmək təşəbbüsü qarşı tərəfdən müsbət qarşılanıb və istehlakçının ödədiyi pulun qaytarılması və əsassız yazılmış debütor borcun silinməsi nəticəsinə gəlinib.

Yeni tikilən binalarla bağlı şikayətlərin təhlili göstərir ki, vətəndaşlardan alınmış pulların müqabilində vergi qanunvericiliyi ilə müəyyən olunmuş rəsmi sənəd (qəbz) verilmir. Təəssüflər olsun ki, bu barədə Vergilər Nazirliyinə dəfələrlə rəsmi məlumatlar verilsə də,vəziyyət düzəlmir”.

O qeyd edib ki, bəzən AİB-ə daxil olan ərizələr birbaşa istehlakçı hüququ ilə əlaqədar olmur:

“Belə hallarda da ərizələr aidiyyatı üzrə dövlət orqanlarına göndərilir. Zaqatala şəhərində yaşayan Q.Hüseynova ərizə ilə müraciət edərək ,2007-ci ildə Binəqədi rayonu Biləcəri bələdiyyəsindən 4010 AZN ödəyərək 4 sot torpaq sahəsi aldığını, o zamanki bələdiyyə sədri İlham Xəlilovun onu aldadaraq, bələdiyyəyə məxsus olmayan torpaqdan sahə ayırdığını, sonradan sahənin abadlıq üçün istifadəyə verildiyini, lakin bu günə kimi ona rəsmi vəd verilsə də, başqa yerdə torpaq sahəsi ayrılmadığını bildirmişdi. Məsəlinin həlli ilə bağlı yuxarı dövlət orqanlarına müraciətlər olunub”.






Fikirlər