“Eldar Mahmudova qardaşımın və qaynımın həbs olunduğunu DEDİM” – “MTN İŞİ”

1447673870_eldar_556_159649428759812791_o

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Report”un xəbərinə görə, Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərəçəkmiş Nizami Kazımovun epizodu üzrə şahid qismində iş adamı Arzu Kazımov ifadə verib.

A.Kazımovun sözlərinə görə, MTN-dən ona zəng olub, həmin şəxs isə özünü nazirliyin əməkdaşı Vüsal Ələkbərov kimi təqdim edib: “Onunla MTN-in inzibati binasının arxa hissəsində görüşdük. Vüsal Ələkbərov mənimlə qardaşım və qaynımla bağlı danışdı. O, yaxınlarımın həbsdən azad edilməsi üçün hər biri tərəfindən 2 milyon manat ödənilməsini istədi. Mən də məcbur olub Eldar Mahmudovun köməkçisinə zəng etdim, nazirlə görüşmək istədiyimi dedim. Bundan sonra Eldar müəllim məni qəbul etdi. Ona bildirdim ki, qardaşımı və qaynımı tutublar, heç bir günahları yoxdur. Eldar müəllim qeyd etdi ki, onların işləri araşdırılacaq, lazımi kömək göstəriləcək”.

A.Kazımov bildirib ki, E.Mahmudovla görüşdən sonra MTN-in Baş İstintaq idarəsinin rəisi Mövlam Şıxəliyevin qəbulunda olub: “Onun xidməti otağında qardaşım və qaynımın həbsdən azad edilməsi üçün tələb olunan məbləğin verilməsini qeyd etdi. Həmin vaxt Vüsal Ələkbərov da orada idi. Qardaşım və qaynıma təzyiq göstərdilər, onlar da tələb olunan məbləği verdilər. Bu gün də hər ikisi banklara pul ödəyirlər”.

V.Ələkbərov isə Nizami Kazımovla Hüseyn Səfərovdan pul tələb etmədiyini söyləyib.
Dövlət ittihamçısının suallarını cavablandıran şahid A.Kazımov ifadə edib ki, ləğv edilmiş MTN rəisi Eldar Mahmudovla yaxın münasibətinin olması barədə deyilənlər həqiqəti əks etdirmir. O, E.Mahmudovla heç bir münasibətinin olmadığını deyib.

Daha sonra şahid qismində MTN-in Baş İstintaq İdarəsində, hazırda isə DTX-da müstəntiq işləyən Rövşən Hüseynov dindirilib. Şahidə “Texnikabank” ASC-nin sabiq sədri Etibar Əliyev və digərlərinin istintaqının aparılması ilə bağlı suallar ünvanlanıb. O, həmin iş üzrə şahid qismində adı keçən və hazırkı cinayət işində zərərçəkmiş şəxs qismində tanınmış iş adamı Akif Qurbanovu tanımadığını deyib: “Onunla əlaqə saxlayıb, MTN-ə çağırılmasını isə xatırlamıram”.

V.Ələkbərov rəhbərlik etdiyi istintaq idarəsinin üç müstəntiqinin hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işlədiyini söyləyib: “Mövlam Şıxəliyev və Nadir Mustafayev polisdən, Təhsin Ağayev isə Bakı Hərbi Məhkəməsində katib vəzifəsindən MTN-ə gəliblər. Bundan başqa, bütün işçilər mənim yetirməm olublar. Bu şahidin özünü də mən yetişdirmişəm, mənim rəhbərlik etdiyim şöbənin işçisi olub”.
Məhkəmənin növbəti prosesi aprelin 28-nə təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.
Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilinə üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb.

 






Fikirlər