Ərəb ölkələrindən miqrant QƏBULU DAYANDIRILA BİLƏR

 

Barselonada baş verən terror hadisəsindən sonra Avropanın müxtəlif bölgələrindən bir-birinin ardınca terror xəbərləri yayılmaqdadır. Əksər Avropa ölkələri terror xəbərdarlıqlarına qarşı təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Şengen ölkələrinin sərhəd keçid məntəqələrində avtomobillərə nəzarət gücləndirilib, aparılan yoxlama tədbirləri yollarda uzun tıxacların yaranmasına səbəb olub. Axtarışlar qatarları və sərnişin avtobuslarını da əhatə edib. Fransanın Marsel şəhərində Sen-Şarl dəmir yol vağzalında insanlar sahibsiz yük aşkarlanması səbəbindən evakuasiya edilib.

Qatarların hərəkətində uzun ləngimələr yaranıb. Diqqət çəkən məqam isə odur ki, artıq terroristlər məqsədlərində çatmaq üçün bombadan deyil, əllərindəki bütün vasitələrdən istifadə edirlər. Bu isə terror hadisələrinin qarşısını almaqda təhlükəsizlik qüvvələrinə çətinliklər yaradır.

Terroristlərin əksəriyyətinin ərəb kökənli olması və müsəlman xalqların nümayəndəsi olması Avropa cəmiyyətinin düşüncəsində İslam dinini və müsəlmanları da töhmət altında qoyur. Bəs görəsən, bütün bunların fonunda Avropada yaşayan müsəmanları , xüsusən də miqrantları nə gözləyir?

Image result for Elxan Şahinoğlu

 Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, son hadisələr Avropadakı təhlükəsizlik tədbirlərinin və qaydaların daha da sərtləşməsinə səbəb olacaq: “Son zamanlar Avropa Birliyi ölkələri viza məsələsində sərt qərarlar qəbul edirdi. Artıq miqrantları da çox asanlıqla qəbul etmirlər, yoxlamadan keçirirlər. Amma indi bu hadisələrdən sonra bu prosedurlar daha çox sərtləşəcək. Problem orasındadır ki, bu terror hadisələrini törədənlərin bir qismi miqrant deyil. Mənşəcə ərəb olsalar da həmin ölkələrin vətəndaşlarıdırlar.

Vaxtilə valideynləri Fransaya, İspaniyaya, Almaniyaya köçüblər, onlar da orada doğulublar. Yəni Avropa Birliyi ölkələrinin pasportlarını gəzdirirlər. Onlara qarşı mübarizə aparmaq daha çətindir. Miqrantı ölkədən deport etmək olar, ancaq öz vətəndaşına qarşı bu cür üsullar keçməyəcək. Barselonada yaşanan terror aktını da götürsək, görərik ki, bu aktı planlaşdıranlar və həyata keçirənlər elə İspaniya vətəndaşları olublar, sadəcə mənşəcə Afrika və ərəb ölkələrindən olan insanlardır. Ona görə də, qaydaları nə qədər sərtləşdirsələr də həmin ölkənin pasportunu daşıyanlara qarşı sərt tədbirlər həyata keçirmək çox çətindir. Böyük Britaniyanın özündə də neçə milyon ərəb və Pakistan mənşəli müsəlman vətəndaş var. Onların hamısını deport etmək mümkün deyil. Ona görə də vəziyyət bu qədər qəlizdir”.

Politoloq terror aksiyaların sayının artmasını Suriya və İraqda baş verən hadisələrlə əlaqələndirdi: “Çünki İŞİD-in fəaliyyət dairəsi getdikcə daralır, İraq və Suriyada mövqeləri əldən verməkdədir. Bunun qisasını da Avropa ölkələrindəki tərəfdarlarının vasitəsilə həmin ölkələrdən almağa çalışır. 11 sentyabr hadisələrindən sonra Amerikada bu cür teraktlar törətmək çətindir, ancaq Avropada müəyyən qədər bunu edə bilirlər. İŞİD-in Avropada kifayət qədər tərəfdar toplusu var. Ancaq bu o demək deyil ki, onların hamısı Suriya və İraqda savaş təcrübəsi keçib. Son Barselona nümunəsi də ondan xəbər verir ki, həmin terrorçuların Suriyada olması və ya İŞİD-in müxtəlif komandirləri ilə əlaqədə olması vacib deyil. Rabitəli şəkildə də terror aksiyalarını həyata keçirirlər. Necə ki, bir müddət öncə Rusiyanın Sank-Peterburq şəhərində metro partladılmışdı. Həmin şəxs nə Suriya və İraqda olmuşdu, nə də İŞİD-dən kimisə tanıyırdı. Ancaq beyni zəhərlənmişdi və müəyyən sosial şəbəkələr vasitəsilə əlaqə qurulmuşdu və bu terror aksiyasını həyata keçirmişdi.

Bu terror aksiyaları Şengen dövlətləri arasında da sərhədlərdə müəyyən qədər nəzarətin artırılmasına gətirib çıxara bilər. Şengen ölkələri də artıq sərhədlərdə yoxlama tədbirlərini artırmağı planlaşdırırlar. Artıq terrorçulara bomba da lazım deyil, onlar dinc sakinlərin üstünə maşın sürürlər, əllərində bıçaqla hücum edirlər. Terrorçular əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, buna qarşı tədbir görmək də daha çətindir”.

Image result for Qabil Hüseynli


Politoloq Qabil Hüseynli də “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Avropada ekstremal bir vəziyyət yaranıb: “ İŞİD-in təsiri altında olanlar Avropada çox əcaib, həm də müsəlmanlar üçün ciddi bir töhmət yaradan hərəkətlər edirlər. Onlar avtomobillərlə əhalinin gur olduğu yerlərə hücum edir, piyadaları əzirlər. Yaxud qatarda, sərnişin avtobusunda , kafedə olan insanlara bıçaqla hücum edirlər. Bu iki üsul geniş yayılıb. Bu hadisələrin bir qismi İŞİD-in təsiri altında baş verməsə də, ən xırda hadisəni belə İŞİD öz üzərinə götürür. Bu məsələnin yayılması çox böyük əraziləri əhatə edir. Rusiyada da bənzər hadisələr baş verib. Mosul alındıqdan sonra İŞİD belə bir bəyanat yaymışdı ki, bundan sonra terror hərəkətlərini Avropaya və Rusiyaya keçirəcəklər. Bir-birinin ardınca bu hadisələr təkrar olunanda məsələnin ciddiliyi anlaşıldı. İspaniya terroru, Rusiyada olan terror hərəkətləri , İtaliyada bənzər hadisələrin gözlənilməsi, bütünlüklə Avropa məkanını təhdid edən terror təhlükəsizlik məsələsində ciddi təlatüm yaradıb. Çünki bu terroristlərin 90 faizi Avropa vətəndaşlığı olan insanlardır. Bunlar arasında ərəb kökənli Fransa vətəndaşları daha çoxdur. Baş verənlər hər kəs tərəfindən, ilk növbədə isə müsəlman ölkələri tərəfindən ciddi surətdə qınanmalıdır və elə bir ictimai –siyasi görkəm yaradılmalıdır ki, baş verənlərin İslamla heç bir əlaqəsi yoxdur. Doğrudan da bunu İslamla əlaqələndirmək çox çətindir, amma hər halda bu hərəkəti törədənlərin demək olar ki, hamısı müsəlmanlardır. Bu isə Avropa ölkələrində , xüsusən Rusiyada İslamafobiyanın geniş yayılmasına təkan verir. Millətçilərin, sağ təmayüllülərin yayıldığı ölkələrdə belə əks reaksiyalar çox şiddətli formada olur”.

Mühacirlərə gəlincə, politoloq qeyd etdi ki, bu kateqoriyadan olan insanlara münasibət dəyişib: Avropada mühacirlərə çox ehtiyatla yanaşırlar. Onlara yaşamaq, işləmək icazəsinin verilməsi demək olar ki, dayandırılıb. Avropa ölkələri sağ təmayüllülərin təsiri altında Ərəb ölkələrindən və Əfqanıstandan miqrant qəbul etməməklə bağlı qərar qəbul ediblər və onu həyata keçirirlər. Biz Avropanı ittiham edə bilmərik və bunun üçün lazimi arqumentlərimiz də yoxdur. İstənilən halda Avropa ölkələri bildirəcək ki, atılan addımlar təhlükəsizlik baxımından atılır və məqsəd Avropanın əmin-amanlığını təmin etməkdir. Bəzi ölkələrdə məscid tikintilərinin dayandırılması, bəzi ölkələrdə məscidə gedən insanların təhqir edilməsi hallarına da müəyyən don geydirirlər ki, bu sağ ekstremist qüvvələrin hərəkətidir. Bunları hökumət də əhalinin böyük əksəriyyəti də qınayır. Çox ekstremal bir vəziyyət yaranıb və çox təəssüflər olsun ki, bu vəziyyəti müsəlmanlarla , İslam dini ilə ciddi şəkildə əlaqələndirirlər. İslam ölkələri bu hadisələrin baş verdiyi dövrdə siyasi ayıqlıq göstərməli, bu məsələsə İslamın rolunun olmaması barədə geniş təbliğat işi qurmalıdırlar. İslam Əməkdaşlıq təşkilatı da bu məsələlərdə fəallıq göstərməlidir və bunun üçün lazım olan vəsaitlərdən də çəkinməmək lazımdır. Dünyada sivilizasiyaların qarşıdurması açıq-aydın görünür. Bu prosesdə az iqtisadi inkişafa malik olan müsəlman dünyası zərər çəkə bilər. Ona görə də sivilizasiyalar arası barışığa can atılmalıdır”.

 






Fikirlər