“Turan” Agentliyinin bütün əməkdaşları dindirilib – Ofisdən əlavə SƏNƏDLƏR GÖTÜRÜLÜB

turan

“Turan” Agentliyinin məlumatına görə, bazar ertəsi günü agentliyin demək olar ki, bütün əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsində dindirməyə çağırılıblar.

Həmin gün Vergilər Nazirliyinin əməkdaşları agentliyin ofisinə bir daha gələrək əlavə 7 illik dövrü əhatə edən sənədləri müsadirə ediblər. Bu barədə vəkil Fuad Ağayev BBC-ə bildirib.

Bundan əvvəl, avqustun 16-sı aparılan yoxlamada, Vergilər Nazirliyinin əməkdaşları Turan agentliyinin ofisindən son üç ilə dair vergilər sənədlərini müsadirə etmişdilər. “Turan” agentliyinə qarşı cinayət işi avqustun 7-də açılıb. Bundan bir gün keçmiş agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb. Vergilər Nazirliyi bildirir ki, media qurumu 2014-2016-cı illərdə 37 min manat məbləğində vergi ödəməkdən yayınıb.

“Turan” bu iddianı qəbul etmir və işlə bağlı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Bundan başqa, 24 avqustda Yasamal Rayon Məhkəməsinin qərarı ilə” Turan” agentliyinin direktoru Mehman Əliyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunur.

Sonuncu maddəyə görə o, 7 ilədək həbs edilə bilər.






Fikirlər