“Reket jurnalist”lərin yeni həbs dalğası BAŞLAYA BİLƏR

Image result for Reket jurnalist”lər

Ekspertlər hesab edirlər ki, jurnalist adına ləkə gətirən şəxslər ciddi cəzalandırılmalıdır

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev Azərbaycanda son 5-6 il ərzində “reket jurnalistika” ilə məşğul olan insanların sayının çoxaldığını bildirib. DTX rəisi qeyd edib ki, “reket jurnalistika” ilə məşğul olanların sayı və nə işlərlə məşğul olduğunu hamı bilir: “Son 5-6 ildə bu kimi insanların sayı çoxalıb. Təbii ki, vaxtaşırı şəkildə onların qarşısı alınır”.

Onu da qeyd edək ki, zaman-zaman “reket jurnalistika” ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib, onlar həbs ediliblər. Məsələn, ötən ilin dekabr ayında DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli həbs olunmuşdu. Hər iki şəxs “reket jurnalistika” ilə məşğul olaraq, müxtəlif əməllər törətməkdə təqsirləndirilirdilər. 
Bu ilin iyun ayında isə DTX əməkdaşları Azərbaycan Nəşriyyatında əməliyyat keçirmişdilər. Əməliyyat nəticəsində “İrəvan Press” qəzetinin baş redaktoru Azər Abbasov hədə-qorxu yolu ilə tələb etmədə ittiham olunaraq saxlanılıb. Onun barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib. A.Abbasovun da “reket jurnalistika” ilə məşğul olduğu bildirilib.
İndiki məqamda DTX rəisinin bu məsələ barədə fikir söyləməsi yeni həbs dalğasının başlayacağına işarədirmi?
“Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev bildirib ki, hazırkı məqamda bu məsələ aktual mövzuya çevrilib:
“Bir müddət öncə jurnalistlərin bir qismi peşə prinsiplərini kənara qoyub, əlavə işlərlə məşğul idilər. O demək deyil ki, həbs edilən jurnalistlərin hamısı hansısa siyasi əqidəsinə görə saxlanılıb. Başa düşürəm ki, elə insanlar var ki, onlar doğrudan da həbs olunmalı idilər. Yəni bu kimi məsələlər də var. Düşünürəm ki, ”reket jurnalistika" bu gün çox aktual problemə çevrilib. Bu yolu tutub, öz jurnalist adına ləkə gətirən həqiqətən də çoxsaylı şəxslər var idi. Məhz buna görə də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi səviyyəsində bu məsələnin qabardılması gözlənilən məsələdir. Jurnalistin normal dolanmalı olduğunu da başa düşürük. Ancaq bundan istifadə edib, başqa-başqa işlərlə məşğul olmaq doğru deyil. İndi də bəzi saytlar var ki, jurnalistika etikasından kənar fəaliyyətlə məşğuldurlar. Yəni hələ də bu sahədə reketçiliklə məşğul olan şəxslər var. Ona görə də cənab Mədət Quliyev məsələni qabardır".
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə mövzu ilə bağlı “Yeni Müsavat”a söyləyib ki, reket jurnalistlərin həbsi media ictimaiyyətini narahat etməməlidir:
“Adından da göründüyü kimi, onlar reketçiliklə məşğuldurlar və bu adamların fəaliyyəti mətbuat üçün ləkədir. Bu şəxslər mətbuatın üz qarasıdır. Ona görə də onların həbsi hansısa söz və mətbuat azadlığına basqı kimi qiymətləndirilə bilməz. Hüquq-mühafizə orqanlarının vəzifəsi qanundankənar hərəkətlərə yol verən vətəndaşları cəzalandırmaq, onları qanuni fəaliyyətə dəvət etməkdir. Reketçilik də qanunsuzluq əməli olduğu üçün bu adamlara qarşı tədbirlərin görülməsi normaldır, bunu da alqışlayıram. Onu da bildirmək istəyirəm ki, Azərbaycanda ”reket jurnalistikası"nın çiçəklənməsində ləğv edilmiş MTN rəhbərliyinin özünəməxsus xidməti olub. Onların fəaliyyətlərini nəzərdən keçirən zaman açıq şəkildə görürdük ki, burada xüsusi xidmət orqanlarının nəfəsi duyulur. Yəni bir çox hallarda bu adamlar xüsusi xidmət orqanları tərəfindən ötürülən məlumatlarla hansısa məmurları şantaj edirdilər. Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan sonra onun rəhbərlik etdiyi cinayətkar qrup da həbs edildi. Bununla da reketçiliklə məşğul olanların fəaliyyət alanı daraldı. Hazırda onların əsas simaları həbsdədir. Əgər bu təmizləmə prosesi başa çatmayıbsa, hələ də özfəaliyyətin reketçilik ünsürlərinə meylli olan jurnalistlərin həbsi ilə bağlı planlar varsa, burada narahatçılıq üçün əsas görmürəm".
Ekspert bildirib ki, Azərbaycanda fəaliyyət göstərən “reket jurnalist”lərin hamısı həbs edilməyib: “Onlar hələ də xüsusilə də bölgələrdə vəzifəli şəxsləri, dövlət məmurlarını şantaj edib, jurnalistika adı ilə sərvət toplamaqla məşğuldurlar. Mətbuat Şurası bir zamanlar bu kimi şəxslərə qarşı effektli mübarizə apardı. Lakin həmin şəxslər keçmiş MTN tərəfindən himayə edildikləri üçün onlara qarşı sərt tədbirlər görülmürdü. Bu gün isə Mədət Quliyev prosesdə tam şəffaf fəaliyyət göstərirsə, qanunun tələblərini yerinə yetirirsə, buna müsbət yanaşıram. Yəni bütün sahələrdə reketçiliyin əleyhinəyəm. Mətbuatda olan reketlik isə birbaşa olaraq bizim maraqlarımıza toxunur. Sözə sadiq, zəhmətkeş jurnalistlər bundan əziyyət çəkirlər. Bəzən bu şəxslər ”reket jurnalist"lərə görə öz peşələrini danmaq məcburiyyətində qalırlar. Bu baxımdan, jurnalistlərin özləri də aralarındakı reketləri təmizləməkdə maraqlı olmalıdırlar. Şəxsən mən dəfələrlə müxtəlif tədbirlərdə “reket jurnalist”lərin həbsi ilə bağlı dövlət qurumlarına çağırış etmişəm. Əgər hansısa “reket jurnalist”in həbsi gündəmdədirsə, onun həbsi üçün kifayət qədər dəlillər, sübutlar varsa, bunda qəbahət yoxdur. Hesab edirəm ki, bu prosesdə ictimaiyyət, vətəndaş cəmiyyətinin nümayəndələri dövlət qurumları ilə əməkdaşlıqdan çəkinməməlidirlər. Hər kəs öz əməlinə görə cavab verməlidir".






Fikirlər