VƏZİFƏLİ ŞƏXSLƏR İNTİM ÇƏKİLİŞLƏRLƏ ŞANTAJ OLUNUB – 6 nəfərin SAXLANILIB
Reket “jurnalist”lərə qarşı əməliyyatın yeni təfərrüatları bilindi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) reket “jurnalist”lərə qarşı əməliyyatının yeni təfərrüatları məlum olub. Redaksiyamıza daxil olan məlumata görə, hazırda 6 reket “jurnalist” və onların istifadə etdikləri 2 qadın istintaqa cəlb olunub. Qadınlar istintaqla aktiv şəkildə əməkdaşlıq etdiklərindən onların barəsində həbs-qətimkan qərarı verilməyib. İş üzrə istintaq zamanı xeyli ilginc detallar üzə çıxıb. Məlum olub ki, vəzifəli şəxslər, onların yaxınları da gizli çəkilişlər vasitəsilə şantaj olunub (AzPolitika.info-ya daxil olan məlumata görə bu çəkilişlər intim xarakterli olub). Hazırda iş üzrə geniş araşdırmaların aparıldığı, həbsə alınan reket “jurnalistlərlə” əlaqəsi olan şəxslərin dairəsi müəyyənləşib. Mümkündür ki, yaxın zamanlarda iş üzrə həbslər gerçəkləşdirilsin. Yada salaq ki, DTX rəisi Mədət Quliyev reket “jurnalist”lərə qarşı keçirilən əməliyyatlardan danışarkən demişdi ki, onlar qeyri-qanuni fəaliyyətlə məşğul olublar: “Bu, qalmaqallı məsələdir. Müəyyən vəzifəli adamlar, onların övladları ilə bağlı qeyri-qanuni videoçəkilişlər aparıblar və bununla əlaqədar pul tələb ediblər. Məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Bunlara hüquqi qiymət veriləcək”. Xatırladaq ki, DTX “Bizim dövr” qəzetinin (həmçinin eyni adlı saytın) redaktoru Surxay Əliyevi və “Gündəlik Bakı” qəzetinin (həmçinin eyni adlı saytın) baş redaktoru Habil Vəliyevi həbs edib. DTX-nin açıqlamasına görə, həmin şəxslər gizli videoçəkilişlər aparmaqla və digər qeyri-qanuni yollarla şantajla məşğul olub, hədə-qorxu yolu ilə şantaj olunan şəxslərdən pul qoparıblar. DTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib ki, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı tədbirlər davam etdirilir. Həmin cinayət işi üzrə davam edən istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru H.Vəliyev də hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib. Hazırda istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, 2016-cı il dekabrın 3-də DTX “reket” mətbuatın digər nümayəndəsi “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və qəzetin bir neçə əməkdaşını həbs edib. Onlar qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılmasında ittiham olunurlar(musavat.com).