Bu il qanunsuz ov edənlərdən 90 tüfəng MÜSADİRƏ OLUNUB

 “2017-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 110 vətəndaş saxlanılaraq, onlardan 90 ov tüfəngi, 396 patron, 22 baş quş və 10 baş heyvan götürülüb”.


Bu məlumatı Modern.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev deyib:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” qanunların tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşları və vəhşi heyvanların  qanunsuz  ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.

2017-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 110 vətəndaş saxlanılaraq, onlardan 90 ov tüfəngi, 396 patron, 22 baş quş və 10 baş heyvan götürülüb. Qanun pozucuları barədə  protokollar tərtib edilərək 98 nəfərə  95790 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub. 13 fakt üzrə isə təqsirkarların şəxsiyyətinin  müəyyənləşdirilməsi üçün aidiyyatı və  polis orqanlarına müraciət edilib”.

R.Mirzəyev həmçinin vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların qeyri-sərbəst şəraitdə  qəfəsdə saxlanılmasından da söz açıb:

“Eyni zamanda cari ilin ötən dövrü ərzində  keçirilən reydlər zamanı ayrı-ayrı ictimai iaşə obyektlərində vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların qeyri-sərbəst şəraitdə  qəfəsdə saxlanılması ilə bağlı 8 fakt aşkar edilib. Faktla bağlı  qanun pozucuları barədə protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub. Vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Mərkəzinə təhvil verilib. Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə  reydlər davam edir”. 






Fikirlər