"Vidadi Zeynalov səhvlərini boynuna aldı" - MƏHKƏMƏDƏN
Rabitə və Yüksək Texnologiya Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin birinci instansiya məhkəməsindən verdiyi şikayəti üzrə məhkəmə davam edib. Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə çıxışlar mərhələsinə keçirilib. İlk olaraq nazirliyin sabiq aparat rəhbəri olan Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı çıxış edib. O bildirib ki, Vidadi Zeynalova verilən ittihamlar sübuta yetirilməyib: "İstintaq orqanı Vidadi Zeynalovu dəstə başçısı kimi təqdim edib. Halbuki, məhkəmə dövründə 200-dən çox şahid dindirildi. Onların heç biri Vidadi Zeynalovun əleyhinə danışmadı. Lakin istintaq orqanı məhz şahidlərin ifadələrində bütün tapşırıqları Vidadi Zeynalovdan aldıqlarını yazıb. Vidadi Zeynalov özü də çıxışında səhvləri olduğunu dedi. Boynuna aldı ki, rəhbərlikdən verilən tapşırıqları yerinə yetirib. Əmrləri icra edib. Həmçinin müdafiə etdiyim şəxs dövlətə vurulan ziyanı tam olaraq ödəyib. Lakin məhkəmə bunu nəzərə almayıb". Vəkil deyib ki, Vidadi Zeynalovun anasının evinə həbs qoyublar: "Təsəvvür edin ki, 1926-cı ildən alınan əmlaka həbs qoyulub. Həmin əmlakın alınmasından 32 il sonra Vidadi Zeynalov doğulub. Başa düşülən deyil ki, buna niyə həbs qoyublar. İttiham da 2009-ci ildən sonraya verilib. Həmin dövrə qədər alınan bütün əmlaklara həbs qoyulub. Bunların hamısı qanunsuzdur". Vidadi Zeynalovun digər vəkili Bəylər Məmişov da müdafiə çıxışı edib. Xatırladaq ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək rul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-ortik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən ararıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib. Bununla yanaşı, nazirliyin Ararat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərroçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Ortik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərroçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhlab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Ararat rəhbəri Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov, Bayram Vəliyev barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçib, onlar məhkəmə zalından azadlığa buraxılıblar. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min pulun müştərək qaydada alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilməsi haqqında qərar qəbul edib.