Jurnalist Əfqan Muxtarlının üç yaxını qazdan boğulub - EHTİMAL

Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının bacısının ailəsində baş vermiş faciə barədə xəbər vermişik.

Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında kirayədə Nuranə Sabir qızı Muxtarlı və onun bir azyaşlı övladı, o cümlədən qardaşı Ramazanın azyaşlı qızının meyitləri aşkar edilib.

Modern.az xəbər verir ki, hadisə barədə Meydan TV-yə danışan Əfqan Muxtarlının qardaşı Elşən Muxtarlı deyib ki, meyitlər dekabrın 31-də saat 14 radələrində aşkarlanıb:

“Qaz sobası işlədirdilər. Gecə yanılı qoyub yatıblar. Bərk külək olub, qazı söndürüb, xəbərləri olmayıb. Qaz da dolub evə”.

Elşən Muxtarlı deyib ki, hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb.

E. Muxtarlı bildirib ki, meyitlər tibbi müayinə olunmaq üçün Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.

Hadisə barədə Əfqan Muxtarlıya məlumat verilib. "Bastainfo" saytının baş redaktoru Mustafa Hacıbəylinin sözlərinə görə, Əfqan Muxtarlı onunla əlaqə saxlayıb: "Əfqan Muxtarlı zəng etmişdi. Çox üzülüb. Dedi: "Vəkillərim Penitensiar Xidmətə müraciət etsinlər, dəfnə gəlib çatım".

Vəkil Elçin Sadıqov Əfqan Muxtarlının dəfndə iştirak etməsi üçün Penitensiar Xidmətə müraciət edib. Vəkil Meydan TV-yə deyib ki hələlik dəfndə iştirakına icazə verilməyib.

Əfqan Muxtarlı ötən il mayın 29-da həbs edilib. O, Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edilir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutur. 

 






Fikirlər